Türkiyənin Mersin və Qaziantep bölgələrində keçirilən antiterror əməliyyatı nəticəsində İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 9 nəfər saxlanılıb, 2 şirkət haqqında məlumatlar aşkarlanıb.
Boyukmillet.com “TRTHaber”ə istinadən xəbər verir ki, bu barədə əyalətin Jandarm Komandanlığı açıqlama yayıb.
Komandanlığın açıqlamasına görə, terror təşkilatlarının fəaliyyətlərinin deşifrə edilməsi, maliyyə mənbələrinin müəyyənləşdirilməsi istiqamətində aparılan araşdırmalar çərçivəsində 9 şübhəlinin şəxsiyyəti, pul toplama və təminatla məşğul olan 2 şirkətin məlumatı üzə çıxıb.
Maliyyə Cinayətləri İstintaq Şurasının (MASAK) şübhəlilər və şirkət haqqında hazırladığı hesabatda təxminən 1 milyon 200 min lirəlik “şübhəli pul köçürməsi”nin həyata keçirildiyi müəyyən edilib.
Bildirilib ki, eyni vaxtda keçirilən əməliyyat zamanı müxtəlif ünvanlardan 604 min 445 lirə ələ keçirilib, bir çox sənəd aşkarlanıb.