“Avropadakı müsəlman icmalarla yanaşı, ölkəmizdəki insanları da islam düşmənçiliyi ilə əlaqədar maarifləndirməliyik”.
Boyukmillet.com xəbər verir ki, bunu Türk-Alman Universiteti, Beynəlxalq Əlaqələri və Siyasi Elm Departamentinin rəhbəri Enes Bayraklı Bakıda keçirilən “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
O bildirib ki, 15 mart dünyada islamofobiya ilə mübarizə günüdür: “İslamofobiya ilə əlaqədar artıq bir ədəbiyyat formalaşıb və məsələ akademik səviyyədə araşdırılır. Bu kimi konfranslarda problemi müəyyən qədər müzakirə edirik, lakin araşdırmalarımız xeyli dərindir. Sadəcə Almaniya islamofobik hadisələri araşdırıb statistikanı aydın şəkildə göstərir. Digər ölkələrin bunu etməməsinin siyasi səbəbləri var. Ona görə də həmin statistikanı apara biləcək bir təşkilatın qurulmasına ehtiyacımız yaranıb. Çünki sözügedən problemlə, cəmiyyətlərdə baş verən hadisələrlə yaxından tanış olmaqla daha düzgün mübarizə üsulu seçmək mümkün ola bilər”.