İşgəncələrə Qarşı Azərbaycan Komitəsi Dövlət Təhlükəsizlik Xidmətinin müvəqqəti saxlanma yeri və İstintaq Təcridxanasında monitorinq keçirib.
Boyukmillet.com xəbər verir ki, bu barədə Trend-ə komitə sədri Tural Hüseynov məlumat verib.
Onun sözlərinə görə, monitorinq zamanı orada saxlanılan şəxslərin səhhəti, saxlanma şəraiti, rəftar və digər zəruri məsələlərlə maraqlanıblar:
“Monitorinqi komitənin sədr müavini Elçin Şirinovla keçirdik. Saxlanılan şəxslərdən əsasən Ağstafa rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev, onun müavini olmuş Ramiz Tatarov, Yevlax rayon İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov, Dövlətə xəyanətdə təqsirləndirilən Fəxrəddin Abbasov və “Xəbərman” qəzetinin baş redaktoru Polad Aslanovla görüşdük.
Ümumiyyətlə, təcridxanada saxlanılan şəxslərin hər biri ilə fərdi görüşüb onların vəziyyəti ilə maraqlandıq. Heç bir saxlanılan, saxlanma şəraiti, qida, rəftar və digər məsələlərdən şikayət etmədi.
Nizaməddin Quliyev təcridxanada mütaliə ilə məşğuldur, özünü yaxşı hiss edir, Qoca Səmədov saxlanma şəraiti və qidadan razılıq edir, Ramiz Tatarov da heç nədən narazı deyildi. Bununla yanaşı, Fəxrəddin Abbasov və Polad Aslanov da saxlanma şəraitindən razıdır.
Saxlanılan şəxslər olan kameralar hər şəraitlə təmin olunub, kameralarda televizorlar da var idi. İstilik sistemi, rahatlığı normaldır, ayrılmış vaxtlarda gəzintiyə çıxırlar. Saxlanılan şəxslər dedilər ki, hər şey normaldır, ailə üzvləri ilə ayda iki dəfə, vəkillə istədikləri vaxt görüşürlər”.