Əli Orucov: “Hesab edirəm ki, bu, rəsmi Kiyevin buraxdığı böyük siyasi səhvdir”
“Bununla bağlı Ukrayna rəhbərliyinə, paytaxt meriyasına müxtəlif səviyyələrdə etiraz edilməlidir”
Bu günlərdə Ukraynada Azərbaycanla münasibətlərə zərbə vuracaq hadisə baş verib. Məsələ ondadır ki, aprelin 5-də paytaxt Kiyev şəhərində 2016-cı ilin aprel döyüşlərində ölmüş ermənilərin xatirəsinə abidə ucaldılıb. Abidənin qarşısına toplaşan erməni diasporunun nümayəndələri işğalçı əsgərləri anmaq üçün abidənin qarşısına güllər düzüb, şamlar yandırıblar.
Abidənin açılışında Ermənistanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Tiqran Seyranyan, Ukrayna Erməniləri İttifaqının sədr müavinləri David Mkrtçyan və Armen Vardanyan, Kiyev erməni icmasının rəhbəri Norik Gevorkyan, erməni kilsəsinin nümayəndələri və “Ukrayna erməniləri” Vətəndaş Platformasının təmsilçiləri iştirak ediblər. Kilsə mərasimindən sonra səfir Seyranyan media iştirakçılarına və erməni icmasına müraciət edib.
Ukrayna rəhbərliyinin ermənilərə belə bir imkan yaratması bütün mənalarda təəssüf doğurur. Ən azından, ermənilər sözügedən abidəni səfirliyin ərazisində qoysaydılar, o zaman hardasa rəsmi Kiyevi başa düşmək olardı. O mənada ki, səfirlik ərazisinə müdaxilə etmək mümkün deyil. Ancaq məlum olanda ki, erməni dığalarına Kiyevin mərkəzində abidə ucaldılıb, o zaman paytaxt meriyasının buna icazə verməsi bağışlanılmazdır. Ən başlıcası, Ukraynanın özü neçə ildir separatizmdən, onun yaratdığı acı fəsadlardan əziyyət çəkir. Bunun nə demək olduğunu ölkə rəhbərliyi yaxşı bilir. Bu səbəbdən Ukrayna müəyyən ərazilərini itirib. Bununla yanaşı, rəsmi Kiyev daim Azərbaycandan Krım və Donbas məsələsində işğalçılıq faktının pislənməsini və Ukraynanın ərazi bütövlüyünə dəstək verilməsini istəyib. Belə olan halda, Ukrayna hakimiyyət orqanlarının Azərbaycan torpaqlarında hərbi əməliyyat zamanı ölmüş işğalçı orduya abidə ucaldılmasına icazə verməsi heç bir məntiqə sığmır. Donbasda və Krımda döyüşlər zamanı öldürülmüş separatçılara hansısa ölkədə abidə ucaldılsaydı, Ukrayna rəsmiləri şübhəsiz ki, bunu müsbət qarşılamazdılar. Düzdür, Ukraynada erməni diasporu güclüdür. Ancaq bu heç bir əsas vermir ki, Azərbaycana qarşı vuruşan erməni işğalçılarına abidə qoyulmasına şərait yaradasan. Bu həm də Ukrayna dövlət başçısı Poroşenkonun səhvinin nəticəsidir. O, Azərbaycanın Ukrayna ilə dostluq münasibətlərinə necə böyük önəm verdiyini nəzərə alaraq buna yol verməməli idi. Başı seçkilərə qarışsa da, hər halda, çoxdan ermənilərə bununla bağlı icazə verib. Çünki abidənin hazırlanması üçün müəyyən vaxt lazımdır.
Bu ilin əvvəlində bənzər xoşagəlməz hal Gürcüstanda yaşandı. Belə ki, azərbaycanlılar üçün həssas olan bir gündə (20 Yanvar günü) Axalkalakidə əslən oradan olan, Qarabağ müharibəsində ölən Avakyana abidə qoyuldu. Baxmayaraq ki, Gürcüstanın iqtisadi inkişafında Azərbaycanın müstəsna rolu var. Gürcüstan hakimiyyəti bunu görməzdən gəldi. Bu nankorluq azmış kimi, indi də Ukraynanın timsalında belə xoşagəlməz hal yaşanır. O baxımdan bunu ekspertlər necə dəyərləndirirlər?
Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucov bunu kəskin tənqid etdi:“Ukrayna hakimiyyətinin bu səhvi heç bir məntiqə və dövlətlərarası münasibətlərə uyğun deyil. Uzun illərdir Ukrayna ilə Azərbaycan arasında mehriban münasibətlər var. İkitərəfli dostluq münasibətləri üstün səviyyədədir. Belə olan halda, Ukrayna hakimiyyətinin erməni lobbisinin təsiri altına düşərək abidənin qoyulmasına icazə verməsi çox yanlışdır. Hesab edirəm ki, bu, rəsmi Kiyevin buraxdığı böyük siyasi səhvdir. Hansı ki, belə hallar iki ölkə münasibətlərinin hazırkı səviyyəsinə kölgə sala bilər. Mən özüm də bu prosesi izləyirəm. Nədənsə, Kiyevdə erməni işğalçısına qoyulan abidə o qədər də ictimailəşmədi. Gürcüstanda Avakyanla bağlı məsələ böyük müzakirələrə səbəb oldu. Hesab edirəm ki, Ukraynada yaşanan bu rəzalət geniş ictimailəşdirilməlidir. Eyni zamanda, bununla bağlı Ukrayna rəhbərliyinə, Kiyev meriyasına müxtəlif səviyyələrdə etiraz edilməlidir. İstənilən halda, buna şərait yaratmaq yolverilməzdir. O baxımdan bunu kəskin pisləyirəm. Ukraynanın özünün separatçılıqdan əziyyət çəkdiyini nəzərə alsaq, ölkə rəhbərliyinin buna icazə verməsi heç cür anlaşılan deyil. Anlamaq olmur ki, ermənilərə niyə belə önəm verilir”.