Ukraynanın Dnepr şəhərində dahi azərbaycanlı şair Nizami Gəncəvi ilə bağlı təqdimatlar və sərgi keçirilib.
Boyukmillet.com xəbərverir ki, tədbir TÜRKSOY (Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı), Azərbaycanın Ukraynadakı səfirliyi və Dnepropetrovsk Azərbaycanlıları Konqresinin (DAK) birgə təşkilatçılığı ilə Milli Texniki Universitetindəki Ukrayna-Azərbaycan Mədəniyyət mərkəzində baş tutub.
Təqdimat Nizami Gəncəvi ilə bağlı TÜRKSOY tərəfindən ərsəyə gələn bədii albomdan və Azərbaycanın Ukraynadakı səfirliyinin hazırladığı dahi şairin “Xəmsə”sinin Ukrayna dilinə ixtisarla tərcüməsinin təqdim olunmasından ibarət olub.
Tədbirdən əvvəl Milli Texniki Universitet rektoru ilə görüş keçirilib. Universitet rektoru Aleksandr Azyukovski ilə keçirilən xüsusi görüşdə rektor bildirib ki, bu tədbirin onların universitetində keçirilməsinə səbəb ali təhsil ocağında filoloji kafedranın yaradılması, eyni zamanda Azərbaycan-Ukrayna Mədəniyyət Mərkəzinin burada yerləşməsidir.
Tədbirdə TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Azərbaycanın Ukraynada səfiri Elmira Axundova, DAK sədri Nəcəf Əhmədov, universitetin rektoru Aleksandr Azyukovskiy, diaspor nümayəndələri və yerli elmi ictimaiyyət fəalları iştirak ediblər. Çıxış edən Düsen Kaseinov tədbirin əhəmiyyətindən və Nizami Gəncəvi yaradıcılığından danışıb.
O bildirib ki, dahi şairin 850 illiyi ərəfəsində bu təqdimatın bu vaxta düşməsi təsadüfi deyil:
“Çünki şərq təqvimi ilə il məhz miladi təqvimdəki mart ilə fevralın qovşağında başlayır”.
Səfir Elmira Axundova isə Nizaminin dünyadakı təqdimatından söz açaraq Ukraynada da bunun davamından danışıb. O ötən il Xarkovda Nizami Gəncəvinin heykəlinin ucaldıldığını, həmçinin Kiyevdə bu il Nizami Gəncəvi yaradıcılığı ilə bağlı yeni açılışların olacağını vurğulayıb.
O, Azərbaycan klassiklərinin Ukraynada fəal təbliğinin vacibliyindən danışıb: “Bu il Kiyevdə Nizami Gəncəvinin kompoziyasının abidəsi ucaldılacaq”.
Nəcəf Əhmədov isə çıxışında bildirib ki, bu kimi tədbirlərin ölkənin iri şəhər mərkəzlərindən olan Dneprdə keçirilməsi onlar üçün xüsusi əhəmiyyt daışıyır. O, bu kimi tədbirlərin davamlı olacağını bildirib.
Tədbirdə TÜRKSOY tərəfindən Ukraynanın tanınmış azərbaycanlı heykəltaraşı Katib Məmmədova Nizami Gəncəvi medalı təqdim olunub.
Bundan başqa Aleksandr Azyukovski, səfir Elmira Axundova, Nəcəf Əhmədov və Düsen Kaseinov təşəkkürnamələr ilə təltif olunublar.
Eyni zamanda Nizami Gəncəvi yaradıcılığı ilə bağlı esse müsabiqəsinin qalibləri də Dnepropetrovsk Azərbaycanlıları Konarqesinin sədri Nəcəf Əhmədov tərəfindən mükafatlandırılıblar.
Tədbir bədii hissə ilə davam edib.