APA TV-nin “Səsli tarix” layihəsinin növbəti buraxılışı Azərbaycan xalqının soykökünün formalaşmasında iştirak etmiş türk etnosuna – qıpçaqlara həsr olunub. Bir sıra Avropa xalqlarının, o cümlədən macarların, ukraynalıların, moldovalıların soykökünün formalaşmasında böyük rol oynamış qıpçaqlar tarixdə böyük iz qoymuş etnosdur. Xristian türklərə məxsus qədim irsin, yazılı abidələrin müəlliflik hüququna sahib olan qıpçaqların tarixdəki rolu daim təhrif olunub. “Səsli tarix” verilişinin “Qıpçaqlar” bölümündəsizləri proqramın aparıcısı, tarix üzrə fəlsəfə doktoru, BDU-nun Arxeologiya və etnoqrafiya kafedrasının dosenti Kərəm Məmmədlinin bu etnosla bağlı açıqladığı maraqlı faktlarla tanış olmağa dəvət edirik.
Soy kökümüzün formalaşmasında iştirak etmiş xalq – qıpçaqlar!
Türk xalqları tarixində şanlı və ya şanlı olmayan izlər buraxan tayfalardan biri qıpçaqlardır. Qıpçaqlar hazırkı türk xalqlarının əksəriyyətinin, o cümlədən Azərbaycan türklərinin tarixində soy kökündə yaxından iştirak etmiş türk xalqlarından biridir. Qıpçaq formasında işlənən bu söz Çin mənbələrində “kinça” şəklində keçir. Avropa mənbələrində “kuman”, “polovets”, ərəb mənbələrində isə “kifçak” və ya “qıpçaq” formasında işlənir. Bu sözün etimologiyasını həm onların tamgası, həm də xarici görünüşü baxımından izah etmək olar. Orta əsrlərdə xarici görünüşə görə ayrı-ayrı xalqlara ad verilməsi çox geniş yayılmışdı. Onlardan biri də qıpçaqlar idi. Çin dilində “kinça” göy gözlü, sarı saçlı adam deməkdir. Hətta Çin mifologiyasında göy gözlü, sarı saçlı adamlar haqqında danışanda onların kinça olduğu nəzərə çarpır. Avropa, slavyan dillərində, yunan və latın mənbələrində rast gəlinən “kuman”, “polovets” formasına gəldikdə, kuman sarışın, bəyaz, ağ dərili mənalarını verir.
Ukraynalıların dövlət bayrağında qıpçaq tamğası
Ərəb mənbələrində, xüsusilə Muhamməd bin Nəsr əl-Mərvazinin əsərlərində isə bu ad qıpçaq və qıfçaq şəklində işlənir. Bu isə birbaşa onların totemi ilə bağlıdır. Belə ki, qıpçaqların totemi bir-birinin ardında dayanmış, kəskin şəkildə hiss olunan iki bıçaq formasındadır. Sonradan bu tamğa onların etnoniminə, yəni qıpçaq formasında çevrilib. Hazırda bu tamğa Ukraynanın dövlət bayrağında aydın görünür. Bu da bir daha sübut edir ki, Ukrayna xalqının soykökündə iştirak etmiş xalqlardan biri də qıpçaqlardır. Çünki erkən orta əsrlərdə indiki Şərqi Avropa düzənliyində yaşayan xəzərlər, qıpçaqlar sonradan Ukrayna xalqının soykökündə iştirak etmiş iştirak ediblər.
Daha bir tarixi mif: Qıpçaq – Oğuz qarşıdurması
Təəssüf ki, istər elmi ədəbiyyatda, istərsə də elmi-publisistik əsər, yaxud filmlərdə qıpçaqlara yanlış mövqedən münasibət bildirilir. Onlar yırtıcı, vəhşi, dağıdan kimi təsvir edilir. Oğuz türklərinin ortaq dastanı olan “Kitabi Dədə Qorqud” dastanında qıpçaq obrazı bariz şəkildə görünmədiyi halda, təəssüf ki, filmlərdə qıpçaqlarla oğuzlar düşmən xalqlar kimi təqdim olunur, onların savaş səhnələrinə yer verilir. Daha dərinə varsaq, Fəzlullah Rəşidəddinin əsərində qıpçaqlar oğuzlara yad etnos kimi göstərilmir. “Came ət-təvarix” əsərində qıpçaq adının yaranmasına aydınlıq gətirilir, qıpçağın kim olması göstərilir. Belə ki, savaş zamanı Oğuz xaqan döyüşdə olarkən onun qadınlarından biri ağac koğuşunda uşaq dünyaya gətirir və Oğuz xaqan döyüşdən qayıdandan sonra görür ki, uşağı ağac qabığında doğulub, uşağı qucağına alaraq, “qabucuğum” deyə əzizləyir və ona qıpçaq adını verir.
Qıpçaqlarla oğuzlar arasında savaşlar olub, amma bu savaşlar İslam dinini qəbul etmiş oğuzlarla köhnə inancları saxlayan qıpçaqlar arasında həm siyasi, həm də funksional baxımdan ola bilərdi. Təbii ki, ilkin səbəb daha çox coğrafi areala sahiblənməklə bağlı idi. Çox zaman qıpçaq-oğuz savaşları sadəcə, Qafqazla əlaqələndirilir. Bu, yanlış fikirdir. Çünki savaş Xəzər dənizinin istər qərb, istərsə də şərq hissəsini əhatə edirdi.
Qıpçaqlar – muzdlu əsgərlər, yoxsa siyasi maraq daşıyıcıları?
Bəzən qıpçaqları pul müqabilində savaşan muzdlu əsgər kimi təsvir etməyə çalışırlar. Bu da yanlış fikirdir. Çünki o dövrdə iqtisadi tənəzzül keçirən Abxaziya çarlığının (sonrada Kartli çarlığına çevrildi) 40 min nəfərlik qıpçaq ordusunu pulla təmin etməsi mümkün deyildi. Əslində, qıpçaq xanı Atrak xanın 45 min döyüşçüsü qurucu Davidə ( IV David – gürcülər ona David Aqmaşenebeli deyirlər) köməyə gəlmişdi. 45 min qıpçaq pula görə gəlməmişdilər. Bu, oğuzlarla davam edən savaşın nəticəsi idi. Erkən orta əsrlərdə yaşayan qıpçaqlar hadisələrə bugünkü XXI əsr azərbaycanlısının gözü ilə baxa bilməzdi. Azərbaycan türkləri içərisində qıpçaq-oğuz düşmənçiliyi yaratmaq faktiki olaraq, milləti parçalamaq demək idi. Çünki Azərbaycan türklərinin soykökündə ən azı 30-40% qıpçaq əlamətləri var.
Qıpçaqlardan qalma dialekt – “gələjəm”, “gedəjəm”…
Dialektologiya ilə məşğul olanlar bilməlidirlər ki, “j” hərfi ilə səslənən sözlərin əksəriyyəti qıpçaq mənşəlidir. Qıpçaqlar təkcə, Azərbaycan türklərinin yox, eyni zamanda qazax, qırğız, hətta altayların soykökündə yaxından iştirak etmiş qədim türk tayfalarından biridir. Bizim “gələjəm, gedəjəm” kimi işlətdiyimiz sözlərində “c” və “y” hərflərini oğuz formasında deyirik. Qazaxıstanda isə yoldaşa “joldas”, yumurtaya “jımırta” deyirlər. Azərbaycan dilinin tarixi ilə məşğul olan görkəmli alimlərin əksəriyyəti qeyd edir ki, Azərbaycan türkcəsinin formalaşmasında oğuz və qıpçaq türkcəsi eyni səviyyədə iştirak edir.
“Kun”lar – qıpçaq mənşəli macarlar
Tarixi mənbələrə müraciət etsək, qıpçaqlar indiki Çin səddindən başlayaraq indiki Macarıstana qədər ərazidə məskunlaşmış etnos idi. Monqollar tərəfindən darmadağın edildikdən sonra Kalxa döyüşündə cənub-şərqi Avropa qıpçaqların böyük qismi Bonyak xanın dövründə indiki Macarıstana köçüblər. Bu gün macarlarda “Kun” soyadı daşıyanlar məhz qıpçaq mənşəlidir. Macarıstanda qıpçaqlarla bağlı nəinki toponimlər, eyni zamanda adlar da qorunub, saxlanıb. Macar dili hazırda dünya linqvistika sistemində Ural-Altay dil ailəsinə daxil edilən dillərdən biridir.
Xristian ədəbiyyatının böyük bölümü qıpçaq dilində yazılıb
Eyni zamanda qıpçaq dili nadir türk dillərindən sayıla bilər ki, bu dildə xristian ədəbiyyatı geniş yayılıb. Xristian ədəbiyyatını müxtəlif qisimlərə bölmək olar. Erməni əlifbası deyilən əlifba əslində həbəş əlifbası, dini mətnlərin yazılmasında istifadə edilən şərq xristianlarının əlifbasıdır. Bu dildə qalın kitablar, xristian mətnləri yazılıb. Həmin mətnlər belə başlanır: “Bizim tilimizdə…”. Allah əvəzinə Tenqri sözü işlənir. Eyni zamanda qıpçaq dili nadir dillərdən biridir ki, hələ orta əsrlərdə bu dilin Avropa dilləri ilə müqayisəsində lüğətlər yaranıb. Məsələn, “Kodeks Kumanikus”, yəni kumanların kodeksləri. Eyni zamanda XV-XVI əsrlərdə latın-qıpçaq lüğəti çap edilib.
Tarixdə ilk Türkiyə adlı dövləti qurmuş qlpçaqlar
Qıpçaq türklərinin qurduqları ən möhtəşəm müsəlman-türk dövlətlərindən biri Misir-Məmlük sultanlığıdır. Bu dövrdə sarayda ərəbcə-türkcə, yəni ərəbcə-qıpçaqca lüğət işıq üzü görmüşdü. Misir-Məmlük sultanlığı tarixdə ilk dəfə Türkiyə adını daşıyan dövlətlərdən biridir. Belə ki, tarixdə rəsmi adı “Dövlət ət Türkiyə” deyə keçir.
Mənşəyi qıpçaq olan xalqlar – macarlar, ukraynalılar, moldovalılar…
Soykökündə qıpçaqların iştirak etdiyi xalqları çeşidləsək, demək olar ki, bu türk etnosu təkcə, Yaxın və Orta Şərqdə deyil, eyni zamanda Avropada bir çox xalqların soykökünün formalaşmasında iştiram edib. Bu xalqlara misal olaraq təkcə macarları deyil, eyni zamanda ukraynalıları, moldovalıları göstərmək olar. Məsələn, Bessarabiya öz ərazisində qıpçaqların yaşadığı ən böyük ərazilərdən biridir. Bugünkü Moldova Respublikasının böyük bir qismi 1940-cı il Rumıniyadan qoparılmış Bessarabiya ərazisidir. Bu onu deməyə imkan verir ki, qıpçaqlar indiki Bolqarıstan, Rumıniya türkləri, hətta Litva tatarlarının soykökündə yaxından iştirak etmiş xalqlardan biridir. Azərbaycan türkləri ilə eyni etnogenik prosesləri keçənlər isə Krım tatarlarıdır. Onları bölsək, sahilboyu yaşayanlar əsasən oğuzlardır, orta təbəqədə və dağlarda yaşayanlar isə qıpçaqlardır. Bu gün Krım türklərinin dili ilə Azərbaycan türklərinin dilindəki oxşarlıq daha çox bununla bağlıdır.
Qıpçaqların Azərbaycana, ümumiyyətlə, Yaxın və Orta Şərqə gəlişini rus tarixşünaslığında bir qədər “cavanlaşdırıblar”. Gürcü mənbələri isə bu prosesin eranın ilk əsrlərindən başlandığını yazırlar. Hətta gürcü xronikalarında sonradan gələn qıpçaqlarla əvvəlki qıpçaqlar arasında termin formasında fərq qoyulur. Belə ki, qədim qıpçaqlar qaqani kivçaki, XI əsrin sonu, XII əsrlərdə gələn qıpçaqlar isə axali kivçaki, yəni “yeni qıpçaqlar” adlandırılır.
Qipçaqlarin yazılı abidələri
Qıpçaqların yazılı abidələrinə gəlincə, bu abidələr istər epos formasında, istər Altay türklərinin şah əsərlərindən sayılan “Maday kara”, istərsə də “Alpamış” dastanı formasında olub. Bu abidələr dövrümüzə qıpçaq dilində gəlib. Eləcə də, “Manas” eposu. Çünki qazaxlar, qırğızlar qıpçaq dil qrupuna daxildir. Eyni zamanda çox sayda dini ədəbiyyat da dövrümüzə qıpçaq dilində gəlib çatıb. Həmin qıpçaq dilində olan mətnlər hazırda Qazaxıstanda xüsusi olaraq işlənib hazırlanır. Ukraynalı alim A. Qarkavets bu mətnlərin üzərində işləyir və “Kipçakskie tekstı” adı altında qalın kitablar çap etdirib. Təəssüf ki, orada “Kodeks Kumanikus” öz əksini tapmayıb. Yəqin ki, yaxın zamanda o da tərcümə olunar. Dövrümüzə qədər qıpçaq dilində kifayət qədər ədəbiyyat gəlib çıxıb.
Dinin etnosu sıradan çıxarması – adları türk, özləri xristian olan bolqarlar
Elmdə xristian qıpçaqların etnik kimliyini itirməsinə dair məqamlara da rast gəlmək olar. Bəzən müəyyən bir dinin qəbul edilməsi sonradan etnosun milli kimliyindən uzaqlaşması ilə nəticələnir. Bunun bariz nümunəsi olaraq, bolqarları misal çəkmək olar. Faktiki olaraq, bolqarlar Volqa bulqarları ilə eyni kökdəndir və türkdürlər. Xristianlığın qəbulu nəyə gətirib çıxardı? Bolqarıstan ərazisində yerləşən bulqar tayfaları xristianlığı qəbul etdikdən sonra Asparux dövründən slavyanlarla evlənməyə qoyulmuş qadağa aradan qalxdı. Çünki hər ikisi eyni dinə xidmət edirdi. Bu qarışıq nikahların nəticəsində bu gün bolqarların simasında slavyan xalqlarından birini meydana çıxdı. Özləri xristian, xalqın adı isə türk.
Hayların sahibləndiyi qıpçaq maddi-mədəni irsi
Vaxtilə, qıpçaqların, xüsusilə, xristian qıpçaqların yaratdıqları ədəbiyyata, maddi mədəniyyət nümunələrinə, məbədlərə XIX əsrdə buraya köçürülmüş, özləri deofizit olmayan monofizit haylar sahib çıxıblar. Ermənistanda indi də Qıpçakavanq adlı abidə var. Kilsənin qıpçaq və ya haylara aid olduğunu nədən bilmək olar? Təbii ki, onun memarlıq quruluşundan. Qıpçaq türklərinin monofizitə keçməsinin səbəblərindən biri də bu idi ki, türklərdə tək Tenqri prinsipi var idi. Pravoslavlıqda olan Ata ruh, Oğul ruh və Allah – bu üçlük qıpçaqlarda yox idi. Bu da onların yaratdıqları mirasa hayların sahib çıxması ilə nəticələndi. Bu gün istər cənub-şərqi Gürcüstan, istərsə də Ermənistanın böyük hissəsində, Dağlıq Qarabağda olan qıpçaq abidələri sahibini gözləyir.
Qıpçaq kilsələrində rəsmlər: qıyıqgözlü İsa peyğəmbər, qüdrətli hökmdar Yusif Sacoğlu
Həsən Calalyanın təmir etdirdiyi Qanzasar, Qıpçakavan abidələri, Üçmüəzzinin (Eçmiədzin)özü öncədən ermənilərə mənsub deyildi. Bu abidələr albanlara, xristian qıpçaqlara aid olan abidələrdir. Hətta Van yaxınlığında Akdamar monastırında çox qəribə faktla rastlaşırıq. Orada insanlar qıyıq gözlü, atın üzərində tərsinə oturaraq ox atan şəkildə təsvir ediliblər. Bu rəsmlər haylara aid ola bilməzdi. Ustalar abidədə sifariş verən xalqı təsvir edir. Onların əksəriyyətinin Orta Asiya, yəni türk xalatlarda nə qədər rəsmləri var. Uzunmüddətli təhlil nəticəsində o rəsmlər arasında hətta Azərbaycanın qüdrətli hökmdarlarından olan Yusif Sacoğlunun rəsmini tapırıq. Rəsmdə Arsurinin nəslindən olan Qakinin hökmdar Yusif Sacoğluna təzim etmə səhnəsi var. Eləcə də, Qanzasar monastırında Həzrəti İsa qıyıqgözlü təsvir edilib. Hətta xristianlığın rəsmi peyğəmbərini belə qıpçaq şəklində təsvir etmişdilər. Bəzi müəlliflər hesab edir ki, bu, monqollar dövründə baş verib. Lakin o abidənin tarixi xeyli qədim dövrə gedib çıxır.
Tarixdə alban deyilən xalq, əslində türk etnosudur
Albanların etnik mənşəyini araşdırsaq, bununla bağlı müxtəlif versiyaların olduğunu görərik. Daha çox albanların Qafqaz dilli xalq olması ilə bağlı fikirlər səslənib. Digər tərəfdən deyirdilər ki, albanlar qədim mədəniyyətə malik idilər. Əgər albanlar qədim mədəniyyətə malik qafqazdilli xalq idilərsə, o zaman bütün mənbələrdə vəhşi, dağıdıcı, mədəniyyət yaratmayan türklər necə oldu ki, bunları öz içlərində “əritdilər”? Albanlardan heç bir iz qalmadı? Bunun üçün mənbələrə müraciət etmək yaxşı olardı. XIX yüzillikdə bir neçə dəfə təhrif olunmasına baxmayaraq, hətta 50-ci illərdə yenə də təhrif olunmasına rəğmən, albanlar haqqında ən mükəmməl informasiya “Alban tarixi” əsərində öz əksini tapır. Qısa bir epizodu qeyd edək. Xəzər xaqanlığının qoşunları Mədaini tutduqdan sonra geri dönərkən alban əsirlər və alban katalikosu Xəzər xaqanının sərkərdəsi ilə söhbət edir. Şaqnan Xəzər xaqanının oğlu idi. O, Viro adlı katalikosa deyir ki, “sən üzdən atama çox bənzəyirsən, nurani üzün var. Biz qardaş xalqlarıq”. Sonra əmr edir ki, bütün əsir götürülmüş alban döyüşçüləri azadlığa buraxılsın. Yəni, ali təhsili olmayan Xəzər xaqanının oğlu albanları özlərinə qardaş hesab edirsə və onların katalikosu ilə tərcüməçi olmadan danışırsa və xəzərlərin türk olduğu hamı tərəfindən təsdiq edilibsə, bu halda albanların kimliyini müəyyən etmək tamaşaçıların ixtiyarına qalır.
Qıpçaqların monqoloid olmadığına dair elmi sübutlar
Çox zaman qıpçaqları qapa sifətli, qara qaşlı, qara gözlü təsvir edirlər. Bu, yanlışdır. Türk xalqlarında ölünün yanına balballar düzmək dəbdə idi – daşlara insan rəsmləri həkk olunmuşdu. Qəribəlik nədir? Bəzi alimlər belə hesab edirdilər ki, bu, məhrumun təsviridir. Etnoqrafik materiallar isə bunun əksini göstərir. Belə ki, türk xaqanlarını dəfn edəndə daşda təsvir edilənlər çox zaman düşmənlər olurdu. Buna görə də həmin təsvirlərdəki monqoloid cizgilərini çox təəssüf ki, qıpçaqlara aid edirlər. Qıpçaqların babaları Çin mənbələrində dindin adlanan xalqdır. Dindinlər antropoloji baxımdan göy göz, sarı saç təsvir edilirlər və sifətləri ensizdir. Qıpçaqların izlərini Ukraynada araşdıran antropoloqlar da qıpçaq qəbirlərindən tapılan bütün insan skeletləri üzərində araşdırma apararkən belə nəticəyə gəlirlər ki, bu adamların sifətləri o qədər enli deyildi. Qıpçaqlarda monqoloid elementlərinin güclənməsi daha çox monqol yürüşləri dövründə olmuşdu. Həm də qıyıq gözlülüklə badam gözlülüyü qarışdırmaq lazım deyil. Gözün qıyıqlığına təsir edən əsas amil gözün daxili bucağını örtən və epikantus adlanan qırışdır. O qırışları təbii ki, skelet materialında tapmaq mümkün deyil. Lakin təsvirlər sübut edir ki, qıpçaqlar monqoloid üz quruluşuna malik olmayıblar. Qıpçaqlar ruslardan ən azı uca boyluluqla seçilib. “Rus” sözünü izah edərkən deyirlər ki, bu sarışın mənasını verir. Əgər ruslar özləri də qıpçaqlara “polovoqo çveta”, yəni sarışın deyirsə, o zaman hansı monqoloidlərdən danışmaq olar? Antropologiya elmində sarı saçlı, göy gözlü monqoloidə rast gəlinməyib.
Peçenek qırğını – Bizans qıpçaqları Anadolu qıpçaqlarına qarşı
Təəssüf ki, qıpçaqlar türk tarixində mühüm rol oynamaqla yanaşı, ayrı-ayrı imperiyaların əlində alətə çevriliblər. Bununla bağlı söhbət açacağımız faciəvi hadisələrdən biri Peçenek qırğınıdır. Bizans tərəfindən qızışdırılan qıpçaqlar indiki Ön Asiyada, yəni Anadoluda yaşayan qıpçaqları bir gecədə məhv etmişdilər. Ola bilər bu, ictimai-siyasi maraqlarla, məsələn, daha çox coğrafi ərazini ələ keçirmək uğrunda mübarizə aparmaqla bağlı ola bilər. Bununla yanaşı, türk tarixində Misir-Məmlük Xaqanlığını qurmuş, Xəzər xaqanlığının qurulmasında, Hindistanda türk dövlətinin yaradılmasında iştirak etmiş xalq kimi qıpçaqların xidmətləri danılmazdır. Orta əsrlərin coğrafiyasına nəzər yetirsək, qıpçaqlar təkcə, oğuzlarla qarışma və konfrontasiya şəklində deyil, eyni zamanda türkün digər qolları ilə təmasda olub. Onlardan biri də bugünkü Volqaboyunda yaşayan türk xalqlarıdır. Onların etnogenezində isə bulqarlarla yanaşı, eyni zamanda qıpçaqlar da böyük rol oynayıblar. Cənubi Qafqazda, Mərkəzi Asiyada oğuzlarla qıpçaqlar qarışıblar. Bu qarışmaya ən çox təsir edən qıpçaqların İslamı qəbul etməsi olub. Bu proses XI əsrin sonlarından başlasa da, xeyli çəkmişdi.
Müsəlman qıpçaqlarla xristian qıpçaqların baş tutmayan iki döyüşü – Malazgirt və Qarni savaşları
Qıpçaqlarla qeyri-qıpçaqların (qıpçaqların xristian səfi) döyüşdükləri iki səhnə var, daha doğrusu, bu döyüşə hazırlıq səhnəsidir. Bunlardan biri Malazgirt döyüşü ərəfəsində olmuş hadisə idi. Bizans qıpçaqlardan və peçeneklərdən oğuzlara qarşı istifadə etmək istəyirdi. Lakin qıpçaqlar qarşılarında onlarla eyni dildə danışanların olduğunu görüb Bizansın səfində döyüşmədilər. İkinci belə hadisə 1225-ci ildə Qarni döyüşündə baş verib. Bu dəfə erməni və gürcü feodalları qıpçaqlardan Cəlaləddinə qarşı istifadə etmək istəyirdi. Lakin böyük sərkərdə Xarəzmşah Cəlaləddin türk adəti ilə onlara duz və çörək göndərir. Türklər isə duz-çörəyi heç zaman tapdalamır. Bundan sonra İvane və Zaxare Xarqırtseri qardaşlarının tərəfində vuruşan bütün qıpçaqlar Xarəzmşah Cəlaləddinin tərəfinə keçirlər. Sanki bununla türklüklərini unutmadıqlarını qeyd etmək istəyirdilər.