“Mənim peşəkar fəaliyyətimdə Heydər Əliyevin mühüm rolu olub”
Ukrayna daxili işlər nazirinin keçmiş birinci müavini, deputat, Ukraynanın əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor, milis general-polkovniki Sergey Qusarov Modern.az-a müsahibə verib.
O, müsahibəsində ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrindən, Azərbaycan və Ukrayna arasında əlaqələrin gücləndirilməsində Ulu Öndərin fəaliyyətindən söz açıb.
Sabiq nazir müavini ilə müsahibəni təqdim edirik:
– Ümummilli lider Heydər Əliyevi necə xatırlayırsınız, onun həyatı və fəaliyyəti haqqında nələri deyə bilərsiniz?
– Tezliklə Azərbaycanda mühüm bir tarix – ideyaları öz dövrünü qabaqlayan, əməlləri ilə tarixi dəyişdirən şəxsiyyət Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi qeyd olunacaq. Mən deyə bilərəm ki, Heydər Əliyev milləti birləşdirə bildi. Onu haqlı olaraq Azərbaycan xalqının ümummilli lideri adlandırırlar.
Şəxsən mənim üçün Heydər Əliyev həmişə maraqlı insan olub, həyatım boyu ondan nümunə götürmək istəmişəm. Onun Azərbaycan SSR DTK-da fəaliyyətə başladığı vaxtdan müstəqil Azərbaycanın prezidentinə qədər keçdiyi peşə yolunu öyrənərkən mən əsl dövlət xadiminin nə olduğunu bilmişəm.
Onun üçün ədəb və ləyaqət sadəcə söz deyildi, insani dəyər idi. Onun üçün hər zaman ölkənin maraqları hər şeydən üstün olub. Artıq SSRİ-nin dağılmasından sonra, Azərbaycan qanlı qarşıdurma və iqtisadi dağıntı astanasında olanda Heydər Əliyev axan qanı dayandırmağa, ölkə iqtisadiyyatını ən dərin böhrandan çıxarmağa nail oldu. “Əsrin müqaviləsi”nin bağlanmasından sonra Azərbaycan qüdrətli dövlət kimi dünya siyasi arenasında mühüm aktora çevrildi.
– Ulu Öndər Heydər Əliyevin fəaliyyət yolu sizin karyeranıza necə təsir edib?
– Mənim şəxsi peşəkar inkişafımda Heydər Əliyevin mühüm rolu olub. Daxili işlər orqanlarında işləyərkən, sonra isə Ukrayna Ali Radasının deputat korpusunun üzvü kimi görkəmli dövlət xadimi Heydər Əliyevin tərcümeyi-halına tez-tez nəzər yetirmişəm. Bir çox çətin vəziyyətlərdə onun qətiyyətli hərəkətlərini təhlil edərək, peşəkar suallara və ya problemin həlli addımlarına cavab tapmışam. Onun həyatı özünü yaradan, ölkəsi üçün inanılmaz işlər görmüş bir insanın yoludur. O, son dərəcə savadlı, müdrik, balanslı, uzaqgörən idi.
– Azərbaycan və Ukrayna arasında dostluq əlaqələrinin qurulmasında ümummilli liderin böyük xidmətləri olub. Bu barədə fikirlərinizi bilmək istərdik…
– Heydər Əliyev Ukrayna və Azərbaycan xalqlarının tarixi dostluğunu möhkəmləndirən şəxs olub. Ukrayna üçün çətin anlarda 90-cı illərin sonundakı yanacaq böhranını xatırlayırıq, Azərbaycan Ukraynaya yanacaq təchizatında dəstək və yardım göstərib. O vaxtkı prezident Leonid Kuçma zəng edəndə Heydər Əliyev Ukraynanın əsl dostu kimi diplomatik əlaqələrindən və siyasi çəkisindən istifadə edərək köməklik göstərdi. Bu da onun Ukraynaya şəxsi dəstəyi və sadiqliyi ilə bağlı yeganə hal deyil.
Hələ SSRİ dövründə Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində Heydər Əliyev mədəni və iqtisadi potensialın inkişaf etdirilməsi üçün çox böyük işlər görüb. Onun təşəbbüsü ilə Ukraynada çox işlər görülüb. Kiyev metrosunun ən yüksək səviyyədə tikintisində onun şəxsi dəstəyi olub. Hesab edirəm ki, Heydər Əliyevin Ukraynaya xüsusi münasibəti var idi, çünki xalqlarımızın tarixində ortaq cəhətlər çoxdur.
– Ukrayna və Azərbaycan 20-ci əsrdə iki dəfə – əsrin əvvəlində və sonunda müstəqillik əldə ediblər.
– Ukrayna Azərbaycanın müstəqilliyini dəstəkləyib və Azərbaycanın ərazi bütövlüyü, Qarabağ münaqişəsi ilə bağlı hər zaman aydın mövqe nümayiş etdirib. Bu gün Azərbaycan Respublikası, onun Prezidenti İlham Əliyev atası Heydər Əliyevin işini davam etdirərək, Ukraynanın müstəqilliyi uğrunda mübarizəsində onu dəstəkləyir. Mən 2014-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Xarkov şəhərində yaradılmış Azərbaycan Respublikasının Fəxri Konsulluğunun açılışında iştirak etmək şərəfinə nail olmuşam. Təntənəli tədbirdə Azərbaycan nümayəndələri çıxış ediblər.
Təntənəli tədbirdə Azərbaycanın Krımın ilhaqını pislədiyini, özünü elan edən LXR və DXR-i tanımadığını vurğulayan Azərbaycan nümayəndələri mənim xatirimdədir.
Bu illər ərzində Azərbaycanın mövqeyi dəyişməyib və bu gün Azərbaycan Ukraynaya fövqəladə dəstək verir. İnanıram ki, Qarabağ torpaqlarının qaytarılması uğrunda gedən 44 günlük müharibədə ukraynalılar Azərbaycanın qələbəsinə sevindiyi kimi, Azərbaycan xalqı da tezliklə Ukraynanın qələbəsinə səmimi qəlbdən sevinəcək.
– Bildiyimiz kimi, Azərbaycan ilk gündən Ukraynaya dəstəyini ifadə edib, eyni zamanda ölkəmizdən Kiyevə humanitar yardımlar göndərilib. Bu, Azərbaycanın əvvəl olduğu kimi, bu gün də Ukraynanın yanında olduğunu göstərir.
– Bəli, bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Xalqın taleyi, Vətən hər bir insanın taleyi olmalıdır” ifadələri mənim üçün hər zamankından daha aktual və yaxındır!
“Azadlıq uğrunda mübarizə qurbansız mümkün deyil. Belə olub, var və həmişə də olacaq”. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı səmimi qəlbdən Azərbaycana sülh və firavanlıq arzulayıram. Əminəm ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev atasının bütün Azərbaycan ərazilərinin dirçəldilməsi, separatçılar tərəfindən dağıdılmış tarixi şəhərlərin bərpası istiqamətində gördüyü işləri ləyaqətlə davam etdirir və etdirəcək. Azərbaycanın nümunəsi bu gün Ukraynanı ruhlandırır. Tam miqyasda Ukraynaya kömək etdiyinə görə Azərbaycana ürəkdən təşəkkür edirəm.