Cümə , 22 Noyabr 2024
Drone Cameras

Ukraynalı politoloq: Şuşa Bəyannaməsinin imzalanması Azərbaycan-Türkiyə münasibətlərində tarixi məqamdır

Şuşa Bəyannaməsinin imzalanması Azərbaycan-Türkiyə münasibətlərində tarixi məqamdır. Bu sənəd tərəfdaşlığın müstəsna səviyyədə olmasını bir daha təsdiq edir və tərəfdaşlığın daha da inkişaf etdirilməsi üçün yol xəritəsini müəyyən edir. Sənəddə iqtisadi sahədə əməkdaşlıqdan başlamış hərbi sferada müttəfiqlik öhdəliklərinə qədər çox geniş məsələlərdən söhbət gedir. Belə mövzu əhatəliliyi Ankara ilə Bakı arasında dostluq münasibətlərinin dərinliyini və dəyişməzliyini bir daha vurğulayır.

Ukrayna Milli Strateji Araşdırmalar İnstitutunun böyük elmi işçisi, politoloq Nikolay Zamikula bu fikirləri AZƏRTAC-a müsahibəsində söyləyib.

Onun sözlərinə görə, tərəflərdən birinin müstəqilliyinə və ərazi bütövlüyünə üçüncü qüvvə tərəfindən təhlükə yaranacağı halda onların bir-birini dəstəkləmək öhdəliyinin təsdiqlənməsi sənəddə xüsusi yer tutur. İstər dövlət səviyyəsində, istərsə də ictimai səviyyədə münasibətlərin vəziyyətini nəzərə alsaq, məsələyə bu cür yanaşma əvvəl də aşkar görünürdü, lakin bu faktın rəsmiləşdirilməsi diqqətəlayiqdir.

Nikolay Zamikula deyib: “Məqamın rəmzi xarakteri, yəni Bəyannamənin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində imzalanması Azərbaycanın ərazi bütövlüyünə qəsb etməyin yolverilməzliyini, 44 günlük müharibənin nəticələrinə yenidən baxmaq məqsədilə hər hansı revanşist ümidlərin əsassızlığını, Azərbaycan xalqının dövlət suverenliyinin qorunması məsələsində Türkiyənin hərtərəfli dəstək göstərməyə hazır olduğunu bir daha xatırladır. Bütövlükdə, imzalanmış Bəyannamə Azərbaycan-Türkiyə tərəfdaşlığının xarakterini müəyyən edən “Bir millət – iki dövlət” prinsipinin parlaq təzahürüdür.

Lakin bir mühüm məqam da var ki, bu Bəyannamə ikitərəfli qarşılıqlı əlaqələrin istiqamətlərini təsbit etməklə bərabər, həm də bütün Cənubi Qafqazın gələcəyi barədə Bakının və Ankaranın birgə baxışını təklif edir. Dövlət başçıları bu məsələdə həmrəy mövqe tuturlar. Həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə bəyan ediblər ki, region ölkələrinin dinc qarşılıqlı fəaliyyəti ərazi sərhədlərinə qarşılıqlı hörmət, ümumi rifah, sabitlik və firavanlıq naminə çalışmaq prinsiplərinə əsaslanmalıdır. Cənubi Qafqaz həm özünün tranzit potensialı, həm də resurs ehtiyatları sayəsində strateji əhəmiyyətli regiondur və bu regionun inkişafı proseslərində mövcud potensialdan, ehtiyatlardan bütün region dövlətlərinin xeyrinə tamdəyərli istifadə edilməsi ən mühüm vəzifədir”.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …