Kiyev, 11 may
Ukrayna mətbuatında ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə bağlı məqalə dərc edilib.
Boyukmillet.com xəbər verir ki, newsplanet.com.ua portalında jurnalist Möhsüm Aslanovun müəllifi olduğu məqalədə ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı üçün gördüyü misilsiz xidmətlər haqqında geniş məlumat verilib.
Müəllif qeyd edir ki, çağdaş Azərbaycan tarixi dedikdə, ilk öncə göz önünə dahi Heydər Əliyev şəxsiyyəti gəlir. O, ömrünün 40 ildən çoxunu xalqımızın rifahının yüksəldilməsinə sərf etməklə müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı zirvəsinə yüksəlib. Heydər Əliyev bəşər tarixinin dahilər salnaməsinə əbədi imza atmış müdriklik təcəssümü kimi daxil olub. Onun Azərbaycan xalqının maddi və mənəvi dəyərlərinin qorunmasına, qədim adət-ənənələrinin və zəngin mədəniyyətinin inkişaf etdirilməsindəki misilsiz xidmətləri ölçüyəgəlməzdir.
1993-cü ildə xalqımızın təkidli tələbi ilə ölkəmizin xilaskarlıq missiyasını öz üzərinə götürən Heydər Əliyevin dəmir iradəsi, müdrikliyi, uzaqgörənliyi sayəsində respublikamız parçalanmaq təhlükəsindən, xalqımız isə bir çox bəlalardan xilas oldu. Bu baxımdan Ulu Öndərin vaxtı ilə söylədiyi “Azərbaycan dünyaya günəş kimi doğacaq” kəlamı bu gün həyatda öz reallığına qovuşub.
Məqalədə vurğulanır ki, Azərbaycanın ən etibarlı strateji tərəfdaşlarından biri olan Ukraynadır. Heç də təsadüfi deyil ki, Ukraynanın bir çox ictimai, siyasi xadimləri ulu öndər Heydər Əliyevi Azərbaycanla Ukrayna dostluğunun memarı və qurucusu kimi qiymətləndirirlər. Dahi Öndərin SSRİ Nazirlər Kabinetinin sədr müavini işlədiyi dövrlərdə Ukrayna xalqı qarşısındakı əvəzsiz xidmətləri, o illərdə Ukraynada bir sıra iri sənaye müəssisələrinin, fabrik, zavod, mədəniyyət və idman komplekslərinin tikintisinə yardımçı olması, xüsusən də Çernobil faciəsinin aradan qaldırılmasında onun göstərdiyi tarixi şücaət Ukrayna xalqı tərəfindən bu gün də böyük minnətdarlıq hissi ilə xatırlanır.
Möhkəm özül üzərində qurulmuş strateji tərəfdaşlıq münasibətləri bu gün Prezident İlham Əliyev tərəfindən də böyük uğurla davam etdirilir. Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə Ukraynaya etdiyi rəsmi səfərləri ikitərəfli dostluq münasibətlərinin inkişafına əsaslı təkan verib. Azərbaycanla Ukrayna arasında bir çox istiqamətlərlə yanaşı, energetika sahəsində imzalanmış müqavilələr qarşılıqlı münasibətlərin inkişafına səmərəli töhfələr verib. Azərbaycanla Ukrayna arasında indiyədək müxtəlif sahələri özündə əks etdirən 130-dan çox dövlət, hökumətlərarası müqavilə, saziş və digər sənədlər imzalanıb. Prezident İlham Əliyevin Ukraynaya son səfəri zamanı imzalanmış beş sənəd bu hüquqi bazanın daha da möhkəmlənməsində müstəsna rol oynayıb. Azərbaycan və Ukrayna arasında hərbi-texniki sahədə də səmərəli əməkdaşlıq əlaqələri var. Birmənalı olaraq qeyd etmək istəyirəm ki, ölkələrimiz arasındakı mehriban dostluq əlaqələri, strateji əməkdaşlıq və uğurlu diplomatik münasibətlər birbaşa dahi öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır.
Emil Hüseynli
Check Also
Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək
Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …