Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı müəllifi olduğu verilişdə bu dəfə Türkiyədə radikal sol görüşlü bir qrup siyasətçi, yazıçı və hüquq müdafiəçisinin Azərbaycan əleyhinə bəyanatı haqqında danışıb.
Millət vəkili BMT Təhlükəsizlik Şurasında Laçın yolunun “bağlanmasından” sonra yaranmış “humanitar böhran”nın müzakirəsi zamanı, həmçinin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Şuşaya səfəri ərəfəsində Azərbaycanın əleyhinə 100 nəfərə yaxın Türkiyə vətəndaşının imzaladığı belə bir bəyanatın yayılmasının təsadüfi olmadığını bildirib.
Sözügedən bəyanatı “bayquş səsi”nə bənzədən S.Rüstəmxanlı qeyd edib ki, özünü aydın sayan, kimliyi bəlli olmayan bu dəstə ermənilərə havadarlıq edir:
“Deyirlər ki, guya Azərbaycan erməniləri blokadada saxlayır. Baş verənləri soyqırımına bənzədir və bu kimi bir çox cəfəng iddialar irəli sürürlər. Xocalı soyqırımını yaşayan bir milləti bu cür ittiham etmək özünü Türkiyə vətəndaşı sayanlar üçün, – indi mən deyəcəm, onlar necə vətəndaşdırlar, – ayıbdır. Utanmalıdırlar bu sözü deməkdən. Türkiyə ən ağır günlərində daim Azərbaycanın yanında olub. Nuru Paşanı xatırlayaq, Osmanlının ən ağır vəziyyətində Qafqaz İslam Ordusu gəlib Azərbaycanda qardaşlarına yardım etdi, Bakını bolşevik-erməni işğalından azad etdilər. XX yüzilin dahisi Ataturk deyirdi ki, Azərbacanın sevinci sevincimiz, kədəri kədərimizdir. O zaman Naxçıvanla əlaqə kəsilməsin deyə Atatürk pulla İrandan ərazi aldı. Türkiyə Naxçıvana qarant durdu. 2020-ci ildə Türkiyə yenə öz qardaşlıq borcunu yetinə yetirdi, siyasi, diplomatik planda Azərbayacana dəstək verdi. Azərbaycan ordusunun yetişməsinə, silahlanmasına yardım edən bir dövlətin adını aydın, qəzetçi qoyan bir zümrəsi birdən-birə ortaya çıxıb Azərbaycanı ittiham edirsə, bu, gülüncdür. Mən əminəm ki, Azərbaycan-Türkiyə münasibətlərinə soyuqluq gətirən, camaatın sidqini sıyıran yarım cümlə söz deyənlərin nə Azərbaycan, nə də Türkiyə türkünə aidiyyatı yoxdur. Türkiyədə nə qədər istəyirsən türk soyadlı erməni, yunan, PKK-lı terroçular, FETÖ-nun davamçıları və söz terroru ilə məşğul olanlar var”.
Bu qüvvələrin Türkiyədə geniş fəaliyyət göstərdiyini vurğulayan millət vəkili bunun üçün münbit şərait olduğundan təəssüfləndiyini bildirib:
“Çox təəssüf ki, mən Türkiyə siyasətinin bu tərəfini dəstəkləyə bilmirəm. Orada kitab evinə girəndə görürsən ki, Türkiyəni ittiham edən onlarla kitab var. PKK mövqeyindən yazılan, “erməni soyqırımı”, uydurma erməni tarixi haqqında kitablar satılır. Bu kitablar hamısı Türkiyədə çap olunur. Bəs, görək orada onun yarısı qədər Azərbaycan haqqında kitablar var? Bu məsələdə Azərbaycan diasporunun da, Türkiyə dövlətinin də günahı var. Kitab ticarəti ilə məşğul olanların çoxunun adı türk olsa da, özü türk deyil. O dükanlara girəndə nəyin təbliğ olunduğunu görmək çox asandır. Məhz bu təbliğatı aparanlar deyirlər ki, Azərbaycan ermənilərin hüquqlarını tapdalayır. Hansı hüquqlardan söhbət gedir? Sən bu xalqa necə çirkab ata, necə yalan deyə bilərsən?”
S.Rüstəmxanlı bədnam bəyanata kifayət qədər reaksiya verilmədiyindən də danışıb:
“Düzdür, onlara cavab verənlər oldu, müəyyən səslər ucaldı. İlk cavab verənlərdən biri də Milliyətçi Hərəkat Partiyası oldu. Azərbacyanda da bəzi qəzet və saytlar fikir bildirdilər. Amma ümumiyyətlə, Türkiyədə yaşayan azərbacyanlıların, diasporumuzun səsi çıxmadı. Bu diaspor nə işə məşğuldur? Ancaq yubileylər keçirməklə, yas mərasimləri, Xocalı soyqırımının ildönümünü qeyd etməklə, müəyyən tarixi hadisələrlə bağlı bir araya gəlməklə iş bitmir. Belə olmaz. Bəs bu mətbuatda gedən məsələlər? Biz eşidənə qədər onlar eşidir, onlar oxuyur, onlar görürlər. Niyə cavab vermir, niyə səslərini ucaltmırlar? Biz, bizi sevməyənlərdən az deyilik, onlardan gücsüz də deyilik. Görünür, bu məsələdə çatışmayan cəhətlər var, təşkilatlanma zəifdir. Amma bu işi yoluna qoymaq, Azərbaycanın səsini türk mətbutına çatdırmaq olar. Bununla bağlı tədbir görülməlidir”.
Sonda S.Rüstəmxanlı Azərbaycan əleyhinə bəyanat səsləndirən Türkiyə “ziyalı”larına çağırış edib:
“Üzümü həmin başdanxarab, biqeyrət, şərəfsiz, Azərbayacana böhtan atan, kimliyi bilinməyən erməni, PKK cocuqlarına, Avropaya, Amerikaya iş verənlərə, cinsiyyəti bəlli olmayanlara, şüuru, düşəncəsi xəstə olanlara tutub deyirəm ki, siz su bulandıra bilməzsiniz. Azərbaycan-Türkiyə münasibətləri uzun tarixi yol keçib və elə bir səviyyədədir ki, sizin kimi qarışqalar, cırtdanlar buna heç bir təsir göstərə bilməz. Yaxşısı budur, gedin, öz işinizlə məşğul olun”.
Xatırladaq ki, Türkiyədə radikal sol görüşlü bir qrup siyasətçi, yazıçı və hüquq müdafiəçisinin bu günlərdə yayılan bəyanatında guya, Qarabağda ermənilərə 8 aydır blokada tətbiq edildiyi, “bölgənin ağır humanitar böhran ərəfəsində olduğu”ndan bəhs edilir, hətta ermənilərə qarşı hansısa “soyqırımı” siyasəti aparıldığı iddia olunur.