Bazar ertəsi , 6 May 2024
Drone Cameras

Vətən səmasında Bayrağa çevrilən qəhrəman

Üç il əvvəl sentyabrın 27-dən başlayan və 44 gün davam edən, hər günü bir qəhrəmanlıq salnaməsinə çevrilən Vətən müharibəsi təqvimə qara rənglə yazılan işğal günlərini qırmızı rəngli azad olunma tarixləri ilə əvəzlədi. Rəşadətli Ordumuz canı, qanı bahasına addım-addım ərazilərimizi düşmən işğalından azad etdi, hər gün döyüş meydanlarından şad xəbərlər eşitdik. Hər gün qəhrəman döyüşçülərimiz irəli getdi və 44 gün ərzində bircə dəfə də olmadı ki, igid hərbçilərimiz düşmən tapdağından azad etdikləri ərazilərdən bir qarış belə geri çəkilsinlər.

Qəhrəman zabit və əsgərlərimiz cəmi 44 gündə nəinki otuz illik işğala son qoyaraq Azərbaycanı qalib ölkəyə çevirdi, hətta 200 ildən sonra Azərbaycanın möhtəşəm Qələbə tarixini də yazdı. Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri müasir dövrün yeni döyüş ənənələrini formalaşdırdı. Belə ki, minimum canlı qüvvə itkisi, maksimum səviyyədə hərbi texnoloji yeniliklərdən yararlanmaq Ordumuzun əməliyyatlar tarixində yeni səhifə açdığını deməyə imkan verir. Hətta mütəxəssislər də bildirirlər ki, Silahlı Qüvvələrimizin 44 gün ərazində apardığı döyüş əməliyyatı dünyanın ən qabaqcıl hərbi məktəblərində araşdırılır və öyrədilir. Ordumuzun ağıllı və düşünülmüş azadetmə əməliyyatı digər vacib məqamlarla da yadda qaldı. Belə ki, hərbçilərimiz düşmənin gözləmədiyi yerlərdən, dərinliklərdən sızaraq daha strateji mövqeləri azad etdilər.

Səid Rəşidzadə: Bayraq sevgisi həyat eşqindən güclü çıxdı!

2020-ci il oktyabrın 9-da Azərbaycan Ordusu misilsiz qəhrəmanlıq göstərərək növbəti dəfə şanlı uğur əldə etdi. Erməni işğalı altında qalan bir neçə yaşayış məntəqəsi, o cümlədən Xocavənd rayonunun Hadrut qəsəbəsi düşmən tapdağından xilas edildi. Həmin gün 44 günlük Zəfər dastanının ən şanlı səhifəsindən biri – Hadrutun azadlığa qovuşması xəbəri xalqa çatdırıldı. Onun işğaldan azad olunması tarixi nailiyyət olmaqla yanaşı, həm də bölmələrimizin döyüş meydanındakı uğurlarını daha da artırdı, böyük Zəfərə gedən yolda strateji üstünlük qazandırdı. Hadrut Qarabağ inzibati ərazisinə daxil olduğu üçün ermənilər bu qəsəbənin itirilməsi ilə heç cür barışa bilmirdilər.

Hadrutun müdafiəsi işğalçı Ermənistan üçün mühüm əhəmiyyət daşıyırdı. Birincisi, bura artıq ərazi baxımından ermənilərin qeyd şərtsiz iddia etdiyi Qarabağın dağlıq hissəsinə daxil idi. İkincisi, Fizuli və Cəbrayıl istiqamətində yerləşən hərbi hissələrin həm idarəetməsi, həm də təchizatı Hadrutdan həyata keçirilirdi.

Hadrutda Şişqaya yüksəkliyində Azərbaycan bayrağını yüksəkliyə qaldırarkən  şəhadətə ucalan qəhrəman şəhidim. » 44Gun.Org

Üçüncüsu, hələ SSRİ dövründən cənub istiqamətindəki sovet qoşunlarının ehtiyat silah-sursat anbarı burada yerləşib və indiyə qədər onlar Ermənistan ordusunun istifadəsində olub. Bu anbarlarda böyük miqdarda silah-sursatın ələ keçiriləcəyi istisna deyil. Nəticə etibarı ilə Hadrutun işğaldan azad edilməsi erməni işğalçılarının cəbhənin digər istiqmətlərində müqavimətinin zəifləməsinə və digər ərazilərin həm daha az itki ilə, həm də daha yüksək hücum tempi ilə azad edilməsinə şərait yaratdı. Hadrutun azad edilməsi ordumuzun Vətən müharibəsində keçirdiyi ən uğurlu hərbi əməliyyatlardan biri hesab olunur və bu, müharibənin sonrakı gedişində mühüm əhəmiyyət kəsb edirdi. Çünki Cəbrayıl rayonundan, Cəbrayıl şəhərindən sonra Hadrutun azad edilməsi hərbi əməliyyatların davam etdirilməsi üçün xüsusi əhəmiyyətə malik olan hadisə idi. Bu, eyni zamanda, ordumuzun hücum əməliyyatları zolağını kifayət qədər genişləndirməsi ilə nəticələndi. Cəbrayıl, Füzuli, Xocavənd rayonlarında hücumun sürəti artdı, qüvvələrimizin bir hissəsini isə Tuğ, Çanaqçı, Sığnaq, Daşaltı, Şuşa istiqamətinə yönləndirə bildik. Məhz Hadrutun azad edilməsi xalqımızın yalnız ətraf rayonları deyil, o cümlədən, Qarabağın dağlıq hissəsinin də azad edilməsi uğrunda döyüşlərə və bu döyüşlərin qələbə ilə nəticələnəcəyinə ümidini artırdı, Şuşanın azad olunmasında Hadrut döyüşlərinin çox böyük rolu oldu.

Səid Rəşidzadə — Vikipediya

Əslində, düşmən Hadrut istiqamətində Azərbaycan Ordusunun hücumunu gözləmirdi. Onlar Azərbaycan hərbçilərini Şuşada başqa istiqamətdən gözləyirdilər. Oktyabrın 7-dən başlayan ağır döyüşlər qısa müddətdə Azərbaycan Ordusunun uğuru ilə başa çatdı. İkinci Qarabağ müharibəsi və Hadrut döyüşləri cəmiyyəti elə simalarla tanış etdi ki, bəzən həmin qəhrəmanları yaxından tanımadığımız üçün peşmanlıq hissi keçiririk. Onların döyüş yolu, göstərdiyi şücaət silahdaşlarının xatirələrində bizə əyan olur. Bu xatirələri eşitdikcə həm belə məğrur həmvətənlərinlə fəxr edirsən, həm də onların vaxtsız itkisi insanı çox kədərləndirir. Qarabağ uğrunda gedən döyüşlər hər iki hissi eyni anda yaşamağı bizə öyrətdi. Vətənin bütövlüyü naminə sevincimizin həddi-hüdudu olmadı. Lakin bir yandan da nakam talelər yaddaşımızda, Azərbaycan tarixində dərin, bir ömür unudulmayacaq izlər buraxdı.

Vətən müharibəsində göstərdiyi qəhrəmanlığı ilə yaddaşımıza həkk olan igidlərdən biri də baş leytenant Səid Rəşidzadə idi. Səid Nofəl oğlu Rəşidzadə 1990-cı il yanvarın 28-də Füzuli rayonunun Horadiz qəsəbəsində anadan olub. 1996-2007-ci illərdə Nərimanov rayonu S.Yolçuyev adına 207 saylı tam orta məktəbdə təhsil alıb. 2007-2011-ci illərdə Heydər Əiyev adına Ali Hərbi məktəbdə ali təhsilə yiyələnib. O, 2011-ci ildən etibarən Azərbaycan Silahlı Qüvvələri sıralarında xidmət edib. Səid Rəşidzadə 2016-cı il Aprel döyüşlərində Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun rəhbərliyi altında döyüşüb. Şahidlərin dediyinə görə, Polad Həşimovun şəhid olması xəbəri Səid Rəşidzadəni bərk sarsıdıb. O, bu müharibədən kənarda qala bilməzdi. Mübariz İbrahimovun şəhid olduğu yerdə tağım komandiri olub, Aprel döyüşlərində Polad Həşimovla birgə döyüşüb, müharibə görmüş, təcrübəli zabit idi. 2019-cu ildə guya onu uyğunsuzluqla ordudan tərxis edib ehtiyata buraxmışdılar. Dostları onu xaricə çağırırdı. Amma təbii ki, hərb sahəsində neçə illər fəaliyyət göstərən Səid kimi vətənpərvər döyüşçü Azərbaycanın bu çətin günlərində baş verənlərə biganə qala bilməzdi və özünün təkidli tələbi ilə könüllü olaraq 2020-ci il sentyabrın 27-si döyüşlərə yollanıb.

Səid Rəşidzadənin döyüş yoldaşlarının hər biri onu öz sıralarında görmədikləri üçün təəssüf hissi keçirirlər. O, özündə bütün yaxşı xüsusiyyətləri cəmləşdirən əsl vətənpərvər kimi silahdaşlarının yaddaşında qalıb. Səid döyüşlərə könüllü qatılsa da, o, yüksək peşəkarlığa malik, hazırlıqlı zabit idi. Elə zabitlər az olur. Qısa müddət ərzində çox adam tərəfindən tanındı. Səid müharibə başlayandan bu bayrağı sinəsində özü ilə gəzdirib. Hər gün 3 dəfə öpüb, sinəsinə sıxırmış. Deyirmiş ki, haranı azad etsələr, ora sancacaq. Səid müharibədə bölük komandiri kimi iştirak edib. Hadrutun girəcəyində Şişqaya yüksəkliyindəki postu azad ediblər. Orada erməni bayrağı olub. Səid deyib ki, mən Azərbaycan zabitiyəm, erməni bayrağı altında dura bilmərəm, bayrağı dəyişməliyəm. Əsgərləri “komandir, səni qarşı tərəfdən vuracaqlar” deyib onu saxlamaq istəyiblər. Səid isə “vursalar da qorxmayın, kömək gələcək” deyə cavab verib. Dirəyə yaxınlaşıb bayrağı asanda onu snayperlə vurublar. 15 dəqiqə ərzində kömək gəlsə də, həyatını xilas etmək mümkün olmayıb. O, şəhid olandan sonra Səidin adını bayrağa yazıb, dirəkdən asıblar.

d3b9f893-3227-4302-9f21-4d8849063e47.jpeg (298 KB)

Səid Rəşidzadə oktyabrın 11-də Hadrut qəsəbəsində Azərbaycan bayrağını sancan zaman şəhid olub. Füzuli rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Səid Rəşidzadə ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “İgidliyə görə” medalları ilə təltif olunub. 

Belə, igid, cəsur, vətənpərvər oğulların doğulması, var olması,  dar gündə vətənə sipər olması xalq olaraq başımızın ucalığıdır! Nə yaxşı ki, başımızı düşmən qarşısında dik tutmağımız üçün var olmusan Səid! Fəxrimizsən!

Səid Rəşidzadənin simasında bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik!

Samir Əsədli

Check Also

Ağaevli Əli Hacıdan TƏZƏ ŞEİRLƏR 

O,dünyanın daş qapısı- bu dünyanın əl işidi ! Gələnlərin ağ donunu gedənlər kəfən daşıdı ! …