Cümə , 29 Mart 2024
Drone Cameras

“Vətəndaş Həmrəyliyi bu günün, gələcəyin ideologiyasıdır”

Sabir Rüstəmxanlı

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili

Vətəndaş Həmrəyliyi Partiyasının 30-cu ildönümündə VHP-nin yarandığı gündən bu günə qədər başçılıq edən bir adam kimi sizlərə üz tutmaq qürurlu bir işdir. Bu təkcə siyasi tale deyil, həm də ömrün hədiyyəsidir. Arxada qalan 30 ili yada salanda ilk növbədə 1992-ci il sentyabr ayının 26-da Gənc Tamaşaçılar Teatrında keçirilən təsis qurultayında iştirak edən dostlarımızı böyük minnətdarlıqla yada salıram. O insanların bir hissəsi bu gün aramızda deyil, bəziləri dünyasını dəyişib, bəziləri VHP ilə yollarını ayırıb. Dünyasını dəyişən bütün VHP-çilərə, xalq hərəkatından gələn əqidədaşlarımıza Allahdan rəhmət diləyirəm. Mənim düşüncəmdə insanın dünya həyatı elə YOLdan ibarətdir və bu baxımdan ötən 30 il ərzində dözüm və səbrlə, bütün əziyyətlərə, maddi və mənəvi sıxıntılara tablaşaraq öz əqidəsindən dönməmiş, VHP-nin ölkənin güclü siyasi partiyalarından birinə çevrilməsində fədakarlıq göstərmiş hər bir üzvümüzə xüsusi minnətdarlığımı bildirirəm.

Gənc Tamaşaçılar Teatrında keçirilən təsis qurultayı hamıda belə bir təsəvvür yaradırdı ki, VHP tezliklə ölkənin ən güclü siyasi partiyalarından biri olaraq hakimiyyətə gələcək. Bu partiyanın ideologiyası və yaradıcıların siyasi potensialı ilə birbaşa bağlı idi. Təsis qurultayında respublikanın bütün bölgələri təmsil olunurdu. Mükəmməl məramnamə və nizamnamə hazırlanmışdı. Partiyanın ideyası Azərbaycanın milli-mənəvi, siyasi, sosial mənafeyinə uyğun idi. Xalqımızın dövlətçilik tarixi, mənəvi-psixoloji dəyərləri, ruhu və yaşadığımız günlərin şərtləri nəzərə alınmışdı. Müharibə və çətin siyasi-iqtisadi böhran şəraitində xalqı birləşdirmək məqsədi güdürdük. Bölücülük, dağıdıcılıq, gözübağlı radikallıqdan uzaq idi ki, Azərbaycanın bütün vətəndaşlarının mənafeyi nəzərə alınmışdı. Bir sözlə, partiya son dərəcə güclü bir siyasi-mənəvi özül üzərində qurulmuşdu.

Digər tərəfdən, partiyanın liderlər qrupu meydanlarda və parlamentdə yetkinləşmiş, siyasi həyatın bütün üzlərini görmüşdülər. Onların nüfuzu, Azərbaycanın milli-azadlıq hərəkatına bağlılıqları, nəhayət 1988-ci ildən sonra daim xalqın qabağında, səmərəli, ayıq, düzgün mövqe tutmaları təşkilata böyük inam oyadırdı.

VHP Azərbaycanın müstəqilliyinin bir illiyi ərəfəsində, xalq hərəkatının yetirməsi olan AXC-nin hakimiyyəti dövründə, müharibədəki qüvvələr nisbətinin hələ bizim xeyrimizə olan günlərdə yaranmışdı. Ümidli günlər idi, amma, vəziyyət qarışıq idi. Siyasi hakimiyyət AXC-nin əlində olsa da, o, vəziyyətin ağası deyildi. 1988-ci ildən başlanan fikir ayrılıqları, münaqişələr neçə illik mübarizələrimizdən, qurbanlarımızdan sonra da davam edirdi. Vəziyyətin mürəkkəbliyini nəzərə alıb ilk qurultayımızdakı çıxışımda bildirmişdim: “İlk növbədə siyasi xəttlər dəyişməli, dövlətçilik, idarəçilik yamsımaları sürətlə aradan qaldırılmalı və bu sahədə tam müstəqil quruculuq işləri aparılmalıdır. Təəssüf ki, bu iş ləng gedir. Biz Azərbaycanda hansı dövləti qururuq? Demokratik, azad Azərbaycanın siyasi platforması necə olacaq? 21-ci əsr Azərbaycanı hansı dövlətçilik və idarəçilik modeli əsasında qurulacaq? Bu məsələlərdə aydınlıq yoxdur. Ciddi axtarış da hiss olunmur. Sükanın arxasında biz demokratlar oturmuşuq. Lakin köhnə araba yenə də cırıldaya-cırıldaya köhnə yoluyla getməyindədir. Nə kəndin, nə şəhərin, nə də respublikanın idarəçiliyi üçün köhnə stereotipləri cəsarətlə qırıb tökən yeni mexanizm tapılmayıb.

… Nə qədər ki, şirkət prezidenti ilə köhnə nazirliyin fərqi yalnız dövlət malını daha sərbəst mənimsəməkdən, icra hakimiyyəti başçısının köhnə raykom katibindən fərqi daha cəzasız bir şəkildə tək hakimiyyətlikdən ibarət olacaqsa siyasi quruluşda ciddi dönüş yaratmaq çətin ki, baş tutsun”.

Zaman bu qorxumuzda nə qədər haqlı olduğumuzu təsdiqlədi və Azərbaycanda demokratiya, milli dövlətçilik ideyalarına ağır zərbə vuruldu. Bir il sonra hakimiyyət təhvil verildi. Köhnə arabanı idarə edə bilməyən, yenisini qurmağa vaxtı çatmayan demokratik qüvvələr həmin arabanın baş konstruktorlarından birini hakimiyyətə dəvət etdi. Bunları deməkdə məqsədimiz – 1988-ci ildə siyasi liderlik həvəsi ilə meydana can atanların çoxu ilə başlanan dialoqlarımızı xatırlamaqdır. Nəticə göz qabağındadır. Kimin haqlı, kimin haqsız olduğunu zaman göstərib. Amma yəqin siyasət də elə ona görə siyasətdir ki, heç kim kürəyini yerə vurmaq istəmir. Xalqın unutqanlığından, rəhmdilliliyindən istifadə edən açıq-aşkar xəyanətkarlar da yenidən mələk cildində meydana qayıdır. Hər şeyi öz adı ilə çağırmaq təəssüf ki, yenə də mümkün deyil. Çünki hələ də düşmənlə üz-üzəyik və bu daxildəki bütün pərdələri götürmək imkanını heçə endiririk. Bu cür odla suyun arasında qalmaq bizim siyasi həyatımızın və fəaliyyətimizin başlıca əlamətidir. Bəla burasındadır ki, son illərdə Azərbaycanın həyatında müəyyən şəkildə rol oynamış heç bir lider və siyasi partiya öz əməllərinə qiymət verərək səhvlərini etiraf etməmişdir.

Siyasi oyunların nəticələrini gördük və Qarabağ adı altında yatan saysız faciələrimizin bütün məsuliyyəti o vaxtlar hakimiyyətdə olanlarla hakimiyyətə can atanlar üzərindədir. Faciəmizi dərinləşdirən bir də bu oldu ki, həmin çəkişmələrdə əsl milli dövlət qurmaq imkanını əldən verdik, müstəqillik, azadlıq sözləri qiymətini itirdi, millətin böyük ideyaları ayaqlar altına atıldı. VHP-nin yaranmasına səbəb bu cür hakimiyyət oyunları nəticəsində meydana çıxan vətəndaş qarşıdurması təhlükəsi və Azərbaycanın gələcəyi üçün məsuliyyət duyğusu idi.

Son illərdə istər iqtidar, istər müxalifət cəbhəsində Birinci Qarabağ savaşındakı məğlubiyyətin və dövlət quruluşundakı səhvlərin, günahların cəmi bir il hakimiyyətdə olan demokratik qüvvələrin və xalq hərəkatının boynuna yıxmaq ənənəsi formalaşıb. Mən bu münasibəti yanlış hesab edirəm. Dağlıq Qarabağı Ermənistana vermək və bu məqsədlə Ermənistanı silahlandırıb Azərbaycanı tərkisilah etmək sovet hakimiyyəti illərində əvvəldən qurulmuş bir plan idi. Sovet dövründə Azərbaycana başçılıq etmiş insanlar, o cümlədən Azərbaycanda ov tüfənglərini belə xalqın əlindən alanlar bunu görməli və bu xəyanətin iştirakçısı olmamalı idilər.

Azərbaycanın demokratik qüvvələri, Xalq hərəkatı ümumdünya əhəmiyyətli bir prosesə təkan verdi: SSRİ-nin dağılmasını sürətləndirdilər, Azərbaycanın dövlət müstəqilliyinin əyri bir müstəvidə bərpasının qarşısını aldılar, Vətəni boş əllə də müdafiə etmək nümunəsi göstərdilər və nəhayət daxili qarşıdurmaya yol verməmək üçün hakimiyyətdən çəkilmək mədəniyyəti göstərdilər. İndi bu hadisələri kim istəyir ağ, kim istəyir qara bəzəyə bilər, lakin ortada Xalq hərəkatının əsəri olan və gündən-günə möhkəmlənən bir Azərbaycan Respublikası var. Bu respublikanın qurucularının xidmətlərinə tənqidi yanaşarkən görülən işlərin tarixi əhəmiyyətini də unutmaq olmaz.

VHP ilk addımından nicat yolumuzun Vətəndaş Həmrəyliyində olduğunu bəyan etdi. Birinci qurultayda böyük liderimiz M.Ə.Rəsulzadədən gətirdiyimiz misalı bir daha xatırladıram: “Madam ki, biz milli dövlət istiqlalını müdafiə edirik, bizim üçün nə kosmopolit liberalizmə və nə də internasional sosializmə və ya kommunizmə təhammül caiz ola bilməz. Müdafiə etdiyimiz və ya edəcəyimiz yeganə sosial sistem milli təsanüd (yəni milli həmrəylik) sistemidir.”

Milli birlik, vətəndaş həmrəyliyi – bir sistem kimi bütün vətəndaşların bərabərliyinə, insan haqlarına, cəmiyyətin dinclik və əmin-amanlığa, yüksək mədəniyyətə, ölkədə tarixən formalaşmış maddi-mənəvi dəyərlər sisteminə hörmət deməkdir. Bu proses demokratiyanın yüksək təzahürüdür, hər bir vətəndaşın milli və insani heysiyyətinə ən böyük sayğıdır, ən mükəmməl ictimai-siyasi ədalətdir. Bir sözlə, Vətəndaş Həmrəyliyi – insan haqlarını yüksək tutan xalq ideallarına bağlı, dövlətçiliyə xidmət edən və bu istiqamətdə bütün siyasi-ideoloji dəyərləri səmərəli dəyərləndirən bir xəttdir.

Vətəndaş Həmrəyliyi:

– Müstəqil yeni, amma əbədi bir ideyadır;

 – Millətin və dövlətin gələcəyidir;

– Azərbaycanın qələbəsidir;

 – Hamımızın öz yurdumuzda insan kimi rahat, açıq alınla, başı uca yaşamağımızdır;

 – Xalqın və bütün insanların mənəvi dəyərlərinə hörmət aşılayır;

 – Cəmiyyəti formalaşdıran və dərk edən gücdür.

Biz müxalifət, iqtidar münasibətlərinin normal qurulmasını və qarşılıqlı böhtanlara və iftiralara, düşmənçiliyə, qisasçılıq hissinə son qoyulmasını istəyirik. Müxalifətdə kifayət qədər gənc, sağlam, iradəli, milli düşüncəli adamlar var. Siyasi əqidəmizdən, partiya mənsubiyyətimizdən, iqtidar-müxalifət cəbhələşməsindən asılı olmayaraq biz bir millətin övladlarıyıq. Millətin yüz illər boyu verdiyi qurbanların, axıtdığı qanların bahasına qazanılmış müstəqilliyi – daxili çəkişmələrə, hakimiyyət davalarına qurban verməyə haqqımız yoxdur. Yetkin, mədəni bir xalq kimi müstəqil dövlətimizi qoruyub saxlamağa gücümüz çatar. VHP özünü bu gücün daşıyıcılarından, millətin ləyaqətinin, intellektinin, ağlının və iradəsinin qoruyucularından biri sayır. Bunu respublikanın ictimai-siyasi həyatında tutduğumuz mövqe, beynəlxalq əlaqələrimiz də aydın göstərir.

Bütün fəaliyyətimiz dövründə ölkəmizin həm siyasi, həm də mənəvi həyatına həsr olunmuş demək olar ki, bütün dəyirmi masa və görüşlərdə, siyasi birliklərdə iştirak etmişik. Müxalif düşərgədə yaranmış bütün bloklara VHP qatılmış, müttəfiqlərimizin iştirakı ilə keçirilən elə bir mühüm tədbir, aksiya olmamışdır ki, orda iştirak etməyək, elə bir ciddi siyasi hadisə olmayıb ki, ona münasibətimizi bildirməyək. VHP hakim partiyadan sonra ölkədə yeganə siyasi qüvvədir ki, bütün parlament və bələdiyyə seçkilərində iştirak etmiş və bütün seçkilərdə nəticə əldə etmişdir. Bu gün parlamentdə ikinci ən çox sayda təmsil olunan partiya olaraq ana müxalifət kimi vitse-spiker postunda VHP sədr müavini əyləşib. Bu uğurlu yolumuz tutduğumuz düzgün ideoloji kursla birbaşa bağlıdır. 30 il əvvəl dediyimiz sözlər bu gün də qüvvədədir: “ … Vətəndaş həmrəyliyi olmayan yerdə heç nə mümkün deyil: nə istiqlal, nə qurtuluş, nə demokratiya, nə dirçəliş, nə tərəqqi; birlik olmadan nə müsavatdan, bərabərlikdən söhbət gedə bilər, nə doğru yoldan; nə Ana Vətən qoruna bilər, nə də Ana torpaq…”. Seçkilərə qatılmağımız, parlamentdə iştirakımız və hadisələrə səbrli yanaşmağımıza görə ittiham edildiyimiz vaxtlar da olub. Lakin biz bütün gizli sövdələşmələrdən uzaq olduğumuza görə rahatca yolumuzu davam etdiririk!

Bu gün VHP aydın məqsədi olan bir partiya kimi tanınır və onun daha da güclənmək imkanları böyükdür. Biz milli mənafedən çıxış edən partiya kimi sağa da, sola da sayğı ilə yanaşırıq. Amma bu o demək deyil VHP ortada qalıb seyrçi mövqe tutur. Seyrçi mövqe – susmaq mövqeyidir. Biz kiçikli-böyüklü bütün məsələlərə öz kəskin, güzəştsiz münasibətimizi bildiririk. Partiyaların çoxundan fərqli olaraq bizim arxamızda heç bir siyasi, iqtisadi mafiya dayanmır. Kimdənsə sövdələşdirilmiş yardım istəmirik. Partiyanın ideyası kifayət qədər geniş yayılıb. Bu gün respublikanın başçılarından tutmuş sıravi vətəndaşlarına qədər – hamı Vətəndaş Həmrəyliyi zəruriliyini etiraf edir və bizim xəttimizə, ideyamıza doğrudan da, qurtuluş yolu kimi baxırlar. Özümüz hakimiyyətdə olmasaq da, ideyamız ölkənin hakim ideyasına çevrilib.

Azərbaycan tarixində ən şərəfli səhifələrdən biri olan 44 günlük Zəfər Savaşı “Nicatımız Vətəndaş Həmrəyliyindədir” şüarımızın bütün ölkə boyunca qəbul edildiyini göstərdi. Siyasi partiyalar hələ 44 günlük Vətən müharibəsi dönəmində həmrəyliklərini nümayiş etdiriblər. Müharibə dövründə hakimiyyətlə siyasi partiyalar arasında dialoqun başlaması və 50 partiya rəhbərinin bir araya gəlməsi önəmli hadisədir. İqtidara yaxın və müxalifət düşərgəsindən olan partiyaların bir araya gəlməsi ölkədə sağlam siyasi mühitin formalaşmasının təzahürüdür. Ermənistanın təcavüzü və Azərbaycan həqiqətləri ilə bağlı beynəlxalq təşkilatlara birgə müraciət olundu. Birgə bəyanatlarımızda ölkəmizə qarşı ədalətsiz mövqe nümayiş etdirən ölkələrə, qurumlara və təşkilatlara iradımızı bildirdik.

Biz milli ideologiyamızın varlığını, iradəli siyasi mövqeyimizi ortaya qoyduq. Bu, həm də ölkədə daxili siyasi birliyin göstəricisidir. Amma Azərbaycanın hədəfləri Qarabağın Azadlığı ilə yekunlaşmır. Azərbaycan Respublikasının quruculuğunda fəal şəkildə iştirak etdiyi Türk birliyi dünyamızın və gələcəyimizin yollarını, üfüqlərini göstərir. Dünənə kimi Türk-Turan sözlərini dilimizdə donduranların bu gün fəal şəkildə bu hərəkatın ön sıralarına dartınmaları bizi sevindirir. İsmayıl Qaspıralının, “fikirdə, sözdə, əməldə birlik” fəlsəfəsi yenidən bayrağa çevrilir. Yeni nəsil tarixə, ədəbiyyata, coğrafiyaya, mədəniyyət qaynaqlarımıza tamamilə dəyişik bir müstəvidə baxacaqdır.

Bu gün Türk-Turan birliyi dövlət ideologiyasının əsas xətlərindən birinə çevrilir. Türkçülük milli eqoizm, şovinizm deyildir, özünüdərkdir. Türkçülük Azərbaycançılığa, özbəkçiliyə, qazaxçılığa, türkmənçiliyə qarşı deyildir, əksinə, onların hər birini ayrı-ayrılıqda böyüdür və birləşdirib bükülməz bir yumruğa çevirir. Bizim millət olaraq başqa bir idealımız və hədəfimiz də var, o da Azərbaycan türklərinin ümumi istiqlalı və birliyidir. İranla dinc qonşuluq siyasəti bizə bu haqqımızı unutdura bilməz. İran öz içindən dağılıb parçalanmaq istəmirsə Güneyli qardaşlarımızın öz ana dilində oxumaq haqqını, Azərbaycan Respublikası ilə mədəni, iqtisadi əlaqə haqqını tanımalıdır. Dövlət sərhədləri milləti ayırmamalıdır. Milli idealımız Azərbaycanın öz torpaqlarının düşməndən təmizlənməsi və bütövləşməsidir. İdeologiyamız türkün humanizm, milli demokratiya və qardaşlıq ənənələrinə söykənən vətəndaş həmrəyliyidir.

Vətəndaş həmrəyliyi, milli birliyi olmayan xalqın taleyi hər zaman sual altında olub. Əlbəttə, bütün çətinliklərə, bölünmələrə, parçalanmalara, ədalətsizliklərə, soyqırıma məruz qalmağımıza baxmayaraq, hazırda müstəqil Azərbaycan xalqımızın sərvətidir. Dünyada heç də bütün xalqlara dövlət qurmaq nəsib olmayıb və bu baxımdan, öz dövləti, bayrağı olan şanslı millətlər sırasında olmağımızla qürur duymağı bacarmalıyıq. Eyni zamanda, milli hədəflərimizdən də geri durmamalı, ona doğru hər zaman can atmalı, övladlarımızın və xalqımızın gələcəyi naminə yorulmadan çalışmağı bacarmalıyıq.

Bu baxımdan vətəndaş həmrəyliyi hamının, bütün xalqımızın indiki və gələcək ideologiyasıdır. Bu ideologiyaya sadiq qalacağımız, ən çətin anlarda milli birlik nümayiş etdirəcəyimiz halda dövlətimizin müstəqilliyi də, xalqımızın firavanlığı da daimi olacaqdır. Bütün bu illər ərzində ədəbi yaradıcılığımda, siyasi mübarizəmdə, daşıdığım vəzifələrdə bir amala xidmət etmişəm. O da Azərbaycanın müstəqilliyi, bütövlüyü və azadlığıdır!

Elə bilirəm bütün həyatımla bu gün bu kürsüdən Azərbaycanın həm iqtidarına, həm müxalifətinə üz tutub – daşıdığımız məsuliyyəti xatırlamaq səlahiyyətini qazanmışam. Xalqın sevgisi və inamı boynumuza bir mənəvi haqq qoyub. Ona görə də siyasi proseslərdən kənarda dayanmağımız imkansızdır. Azərbaycanın xoşbəxtliyi, bütövlüyü və azadlığı uğrunda hər birinizə uğurlar arzulayıram!

TANRI VƏTƏNİMİZİ VƏ MİLLƏTİMİZİ QORUSUN! NİCATIMIZ VƏTƏNDAŞ HƏMRƏYLİYİNDƏDİR!

Check Also

Mətbuat Şurası Vladimir Solovyovun qərəzli mövqeyini pisləyən bəyanat yayıb

“Crocus City Hall” konsert zalında törədilmiş və xeyli günahsız insanın ölümünə səbəb olmuş terror aktı …