Çərşənbə , 14 Yanvar 2026
Drone Cameras

Venesuela Böhranı: Yeni Geosiyasi Reallıq və Beynəlxalq Hüququn Defakto İflası

Hamımızın bildiyi kimi, ilin əvvəlində ABŞ tərəfindən Venesuela prezidenti Nikolas
Maduronun ölkə ərazisində həyata keçirilən « xüsusi əməliyyat » nəticəsində əsir götürülməsi
müasir beynəlxalq münasibətlər sistemində kəskin dönüş nöqtəsi yaratdı. Bu hadisə təkcə bir
siyasi liderin neytrallaşdırılması deyil, uzun illərdir yığılan siyasi legitimlik böhranının, iqtisadi
çöküşün və böyük güclər arasındakı geosiyasi qarşıdurmanın açıq fazaya keçməsi kimi
qiymətləndirilməlidir. Baş verənlər Venesuelanı yeni, dərin qeyri-müəyyənlik mərhələsinə
daxil etdiyi kimi, beynəlxalq institutların, eləcə də beynəlxalq hüququn « real işləkliyi » ilə
bağlı ciddi suallar doğurdu.
Venesuela böhranının kökündə onilliklər ərzində formalaşmış struktur problemlər dayanır. Belə
ki, neft gəlirlərinə həddindən artıq bağlı iqtisadi modelin iflası və avtoritar idarəetmənin
dərinləşməsi ölkəni siyasi və sosial baxımdan kövrək hala salmışdı. Maduro hakimiyyəti
dövründə seçkilərin legitimliyi beynəlxalq səviyyədə tanınmamış, məhkəmə və qanunverici
orqanlar icra hakimiyyətinə tabe edilmiş, dövlət idarəçiliyi faktiki olaraq şəxsləşdirilərək tam
bir avtoritar rejim qurulmuşdu. Trump höküməti isə bu vəziyyəti təkcə demokratiya böhranı
kimi deyil, regional təhlükəsizlik, narkotik ticarəti və transmillli cinayət şəbəkələri
kontekstində strateji təhdid kimi təqdim edərək Venesuelada xüsusi hərbi əməliyyatlar
aparmağa özündə haqq gördü. Maduronun tutulması da məhz bu təhlükəsizlik narrativi
üzərində əsaslandırıldı.
Maduronun əsir alınmasından sonra Venesuelada yaranan siyasi boşluq isə ölkədə yaranan
böhranı aradan qaldırmaq əvəzinə onu daha da dərinləşdirdi. Formal olaraq müvəqqəti
idarəetmə mexanizmləri işə salınsa da, dövlətin real idarəetmə qabiliyyəti zəiflədi. Ordu, siyasi
elita və bürokratik aparat daxilində parçalanma sürətləndi, cəmiyyət isə müdaxiləni xilas kimi
görənlərlə onu açıq suverenlik pozuntusu sayanlar arasında faktiki olaraq kəskin şəkildə
bölündü. Bu parçalanma təbii olaraq Venesuelada milli konsensusun və dayanıqlı siyasi keçidin
formalaşmasını demək olar ki, qeyri mümkün edir.
Bütün bunların nəticəsində İqtisadi müstəvidə də gözləntilərlə reallıq arasında ciddi
ziddiyyətlər yarandı. Qısa müddətdə bəzi xarici investisiya ümidləri ortaya çıxsa da, qeyri-
sabitlik neft hasilatı, maliyyə sistemi və sosial təminat mexanizmlərinə mənfi təsir göstərdi. Hər
böhran vəziyyətində olduğu kimi ən çox təsirlənən isə ölkə əhalisidir. Əhali üçün böhran daha
konkret formada hiss olunur: inflyasiya təzyiqləri, sosial xidmətlərin çatışmazlığı və yeni
miqrasiya dalğası riski yenidən gündəmə gəlib. Beləliklə, Maduro sonrası mərhələ avtomatik
sabitləşmə deyil, klassik “keçid böhranı” xarakteri daşıyır.
Bu hadisənin beynəlxalq hüquq baxımından qiymətləndirilməsi isə daha dərin normativ
problemi üzə çıxarır. BMT Nizamnaməsinin əsas prinsiplərinə görə, dövlətlərin ərazi
toxunulmazlığı, siyasi müstəqilliyi və gücdən istifadənin qadağan olunması beynəlxalq nizamın
təməl sütunlarıdır. ABŞ-ın BMT Təhlükəsizlik Şurasının açıq mandatı olmadan Venesuela
ərazisində hərbi əməliyyat keçirməsi bu prinsiplərlə açıq ziddiyyət təşkil edir. Rəsmi Vaşinqton
öz addımını ağır beynəlxalq cinayətlərə görə fərdi məsuliyyət və universal yurisdiksiya
arqumenti ilə əsaslandırsa da, beynəlxalq hüquqda bu cür mexanizmlər adətən beynəlxalq
məhkəmələr və kollektiv qərar mexanizmləri vasitəsilə tətbiq olunur.
Daha problemli məqam fəaliyyətdə olan dövlət başçısının toxunulmazlığı məsələsidir. Klassik
beynəlxalq hüquqa görə « dövlət başçıları xarici dövlətlərin yurisdiksiyasından geniş şəkildə
qorunur və bu toxunulmazlıq yalnız beynəlxalq tribunal qərarı və ya vəzifədən getdikdən sonra
məhdudlaşdırıla bilər ». Bu presedent isə göstərir ki, hüquqi norma formaca mövcud olsa da,
faktiki olaraq güc siyasətinə tabe edilmişdir. Humanitar müdaxilə və ya “qoruma məsuliyyəti”
doktrinası da bu kontekstdə hüquqi əsas kimi təqdim olunsa da, həmin doktrina belə birtərəfli
deyil, kollektiv qərar mexanizmini nəzərdə tutur. Məhz bu nöqtədə ABŞ–Venesuela böhranı
daha geniş bir real nəticəni üzə çıxarır: beynəlxalq hüququn normativ sistem kimi de-fakto
aşınması. Problem hüquq normalarının mövcud olmamasında deyil, onların selektiv və siyasi
məqsədlərə uyğun tətbiq edilməsindədir. BMT Təhlükəsizlik Şurasının veto mexanizmi
səbəbindən faktiki iflic vəziyyətinə düşməsi, böyük güclərin birtərəfli hərəkətləri və bu
hərəkətlərin sonradan hüquqi ritorika ilə əsaslandırılması kollektiv təhlükəsizlik sisteminin
funksional çöküşünü göstərir. Beynəlxalq hüquq artıq davranışı müəyyən edən norma deyil,
sonradan güc tətbiqini izah edən alətə çevrilir. Bu proses beynəlxalq hüquqda « istisnanın
normaya çevrilməsi » tendensiyasını gücləndirir. Dövlətlər getdikcə « bu qanunidirmi? »
sualından çox « edə bilirəmmi? » məntiqi ilə hərəkət edirlər. Nəticədə hüquqi bərabərlik
prinsipi real məzmununu itirir və beynəlxalq sistem daha açıq şəkildə güc balansına əsaslanan
mərhələyə daxil olur.
Çox təəsüf ki, nəticə etibarilə, Nikolas Maduronun əsir tutulması Venesuela böhranını həll
etmədi, onu daha geniş geosiyasi və hüquqi böhranın tərkib hissəsinə çevirdi. Bu hadisə təkcə
bir dövlətin suverenliyinin pozulması deyil, BMT sistemi və beynəlxalq hüququn özünün
legitimlik böhranıdır. Mövcud qlobal hüquqi nizam formaca qalmaqda, lakin məzmunca
çökməkdədir və bu vəziyyət davam edərsə, beynəlxalq münasibətlər daha təhlükəli, hüquqdan
çox gücə əsaslanan bir mərhələyə daxil olacaq.

Xəyal Mustafayev
Boyukmillet.com-un Avropa təmsilçisi

Check Also

15 yaşlı qıza zorakılıqla bağlı iş adamlarının oğulları tutulub

Beyləqan rayonunda 15 yaşlı qıza qarşı  edilməsi ilə bağlı saxlanılan şəxslərin bir neçəsinin kimliyi məlum olub. …