Vergilər Nazirliyi Prezident İlham Əliyevin vergi orqanları qarşısında qoyduğu tələblərin vaxtında və keyfiyyətlə icrası, sahibkarlıq fəaliyyətinin stimullaşdırılması, vergi inzibatçılığının sadələşdirilməsi, vergiödəyiciləri və vergi orqanları arasında əlaqələrin daha da təkmilləşdirilməsi istiqamətində tədbirləri uğurla davam etdirir.
Bu barədə AZƏRTAC-a Vergilər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Vergiödəyicilərinə göstərilən xidmətlərin genişləndirilməsi çərçivəsində aparılan işlər nəticəsində hazırda vergi orqanları tərəfindən vergiödəyicilərinə göstərilən elektron xidmətlərin sayı 65-ə çatdırılıb, vergi orqanlarına göndərilən bəyannamələrin 97 faizi isə elektron formada təqdim olunur.
Bununla yanaşı, ölkənin müxtəlif regionlarında 57 müasir xidmət mərkəzi vergiödəyicilərinin ixtiyarına verilib. Bu istiqamətdə aparılan genişmiqyaslı islahatlar ölkə ərazisində könüllü əməletmənin səviyyəsinin artımına və vergiödəyicilərinin vergi orqanları ilə münasibətlərinin tərəfdaşlıq müstəvisinə keçirilməsinə böyük töhfə verib.
Ölkə Prezidentinin “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” Sərəncamı vergi inzibatçılığının təkmilləşdirilməsi üzrə 11 və aparılacaq islahatlar üzrə 21 istiqaməti müəyyən edib. Bu islahatların mühüm istiqamətləri çərçivəsində vergi orqanları ilə vergiödəyiciləri arasında tərəfdaşlıq münasibətlərinin daha da genişləndirilməsi və şəffaflığının artırılması, eləcə də intizamlı vergiödəyiciləri ilə münasibətlərin daha yüksək səviyyəyə çatdırılması istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Eyni zamanda, hazırda “Könüllü vergi açıqlaması” (Voluntary tax disclosnre), “Vergi öhdəliklərinin hüquqi nəticələr doğurmazdan əvvəl vergi orqanları ilə razılaşdırılması” (Advance tax ruling) və s. kimi müasir institutların vergi qanunvericiliyinə gətirilməsi üzrə işlər aparılır.
Sərəncamdan irəli gələn tapşırıqların icrası, intizamlı vergiödəyiciləri ilə tərəfdaşlıq münasibətlərinin yeni səviyyəyə qaldırılması, eləcə də vergi orqanları tərəfindən onlara çevik və şəffaf xidmətlərin göstərilməsi, vergitutma sahəsində fəaliyyətinin uçotda olduqları vahid struktur tərəfindən əlaqələndirilməsinin təmin edilməsi məqsədilə vergi xidmətində “Yaşıl dəhliz” prinsipi ilə çalışan yeni strukturlar yaradılıb.
Vergilər nazirinin müvafiq əmri ilə Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti və 1 saylı Vergilər Departamentində yaradılan “Şəffaf Vergi Partnyorluğu” idarələri artıq bu gündən vergiödəyicilərinə xidmətə başlayıb.
Şəffaf vergi partnyorluğu idarələrinin xidmət göstərəcəkləri vergiödəyicilərinə vergi uçotunu şəffaf qaydada aparan, vergi öhdəliklərini vaxtında və tam şəkildə icra edən, riskli əməliyyatlarla bağlı vergi orqanları ilə qarşılıqlı şəkildə məsələlərin həlli istiqamətində tədbirlər görən ödəyicilər aid ediləcək. Bu günə Bakı şəhəri üzrə belə intizamlı vergiödəyicilərinin sayı 430-dan yuxarıdır.
Həmin strukturlar qeyd olunan ödəyicilərin vergitutma ilə bağlı müraciətlərinin qısa müddət ərzində cavablandırılması, onların təqdim etdikləri bəyannamələrlə bağlı hər hansı uyğunsuzluq və ya sual yaradan məqam olduğu halda həmin vergiödəyicilərinin və ya onların nümayəndələrinin iştirakı ilə belə halların qısa müddətdə aradan qaldırılması, onlara ünvanlı xidmətlərin göstərilməsi, vergi qanunvericiliyində baş vermiş dəyişikliklərlə bağlı məlumatlandırılması, vergi qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin müzakirə edilməsi və digər istiqamətlərdə vəzifələri həyata keçirəcək.
Bundan başqa, şəffaf vergi tərəfdaşlığı strukturları tərəfindən xidmət edilən vergiödəyicilərinin fəaliyyəti üzrə vergi xidmətinin digər strukturları tərəfindən aparılan vergi nəzarəti tədbirlərinin həmin idarələrlə razılaşdırılması və əlaqələndirilməsi təmin ediləcək.
İntizamlı vergiödəyiciləri üçün yaradılan bu şərait onların vaxtlarına qənaət etməsinə, vergi öhdəliklərini rahat və qısa zaman kəsiyində həyata keçirməsinə, yarana biləcək çətinlikləri və problemləri vergi orqanları ilə birgə dərhal aradan qaldırmasına imkan verəcək və digər vergiödəyicilərini də vergi öhdəliklərini vaxtında həyata keçirməyə və intizamlı ödəyicilər sırasına qatılmasını stimullaşdıracaq.
Bütün bunlar vergiödəyiciləri ilə vergi orqanları arasında münasibətlərin daha şəffaf qurulmasına, vergiödəyicilərinin hüquqlarının genişləndirilməsinə, tərəfdaşlıq münasibətlərinin dərinləşməsinə əhəmiyyətli dərəcədə müsbət təsir edəcək.