Cümə , 22 Noyabr 2024
Drone Cameras

VHP-dən Xankəndi paradına kəskin etiraz

Samir Əsədli: “Qarabağda parad keçirməyə mənəvi və hüquqi haqqı olan tək hərbçi Azərbaycan əsgəridir”


Xankəndi aeroportunda Rusiya hərbçilərinin Qələbə Günü paradına hazırlıq başlanıb. Sülhməramlı kontingenti 2-ci Dünya Müharibəsində keçmiş Sovet İttifaqının qələbəsini qeyd edəcək. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Xankəndi şəhərindəki aeroportda təlimlərə 400-dək Rusiya hərbçisi cəlb olunub. Mayın 9-na planlaşdırılan paradda hər biri 45 hərbçidən ibarət 10 dəstə iştirak edəcək.

Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli Musavat.com-a bildirib ki, baş verənlər Azərbaycan suverenliyinin tam şəkildə əleyhinədir:

Bakupost.az - “Ermənistan Rusiyasız bölgədə heç kim olduğunu anlamalıdır” - Samir  Əsədli

“Qarabağda sülhməramlı adı ilə yerləşdirilən rus hərbçiləri gerçək missiyasını unudaraq özlərini Abxaziyada, Krımda olan həmkarları kimi aparır. Başda Rüstəm Muradov olmaqla bu şəxslərə izah etmək lazımdır ki, onlar Azərbaycan ərazisindədirlər və fəaliyyətləri yalnız bölgədə hərbi qarşıdurmaya yol verməməkdən ibarətdir.

Rus hərbçisinin Xankəndində parad keçirməsi Sisyanov, Yazovdan başlanan imperalist rus düşüncəsinin təzahürüdür. Qarabağda parad keçirməyə mənəvi və hüquqi haqqı olan tək hərbçi Azərbaycan əsgəridir”.

S.Əsədli bu kimi olayların sülhməramlı məsələsinə cəmiyyətdə mənfi rəy yaratdığını önə çəkərək geniş ictimai müzakirələrin vacib olduğunu bildirib: “Sülhməramlı qüvvələrin və müşahidəçi missiyasının fəaliyyəti ilə bağlı bir çox iradlar var. Axı bunların səlahiyyətləri və vəzifələri nədən ibarətdir? Beynəlxalq təcrübə bu məsələləri tənzimləyən xüsusi bir sənədin mövcudluğunu nəzərdə tutur – bu, Mandatdır. Bu mandat missiyanı qəbul edən ölkə ilə razılaşdırılır və daha sonra Anlaşma Memorandumu imzalanır ki, bu da hüquqi cəhətdən razılığın verilməsi deməkdir. Bundan sonra missiyaya dəstək olaraq ya BMT Təhlükəsizlik Şurasının qətnaməsi, ya da Təhlükəsizlik Şurası Prezidentinin Bəyanatı qəbul edilir. Daha sonra, ölkənin daxili qanunvericiliyinə uyğun olaraq, bir qayda olaraq Parlament tərəfindən təsdiqlənir”.

VHP funksioneri hazırki situasiyanın Azərbaycandakı vətəndaş həmrəyliyinə ciddi təhdid olduğunu qeyd edib: “Belə bir hüquqi qeyri-müəyyənlik İkinci Qarabağ Savaşı dövründə cəmiyyətin və hakimiyyətin birliyinin qazandığı siyasi təşəbbüsün itirilməsinə şərait yaradır. Savaş dövründə ölkənin bütün siyasi qüvvələrinin eyni ümummilli mövqedə durduğunun şahidi olduq.

Amma indi 3-5 rus əsgərinə görə Qarabağ məsələsində fikir ayrılığı yarana bilər. Hazırki halda Rusiyanın təkbaşına sülhməramlı adı altında qoşunlarını Qarabağa yerlışdirməsi işğal sayılır. Rusiyanın Qarabağa bu qədər sərmayə yatırmasında nə marağı var? Və eyni zamanda, Rusiyanın Qarabağa nə gətirməsinə, nə tikməsinə bizim nəzarət mexanizmimiz yoxdur. Bu Rusiyanın öz qanunvericiliyinə də ziddir, Dövlət dumasında və Federasiya Şurasında hələ də təsdiq olunmayıb. Rusiyadan fərqli olaraq, Türkiyə, bütün qanunvericiliyə uyğun olaraq, TBMM-in qərarı ilə öz hərbçilərini ölkəmizə göndəriblər.”

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …