Cümə , 22 Noyabr 2024
Drone Cameras

“Vilayətinin “təhlükəsizliyini qoruduqlarını” iddia etdiyi tək ölkə Ermənistandır” – DAK rəsmisi

“İran qonşuları ilə dinc, mehriban yaşamaq istəyirsə, təkcə Azərbaycanla tam sərhəddə bir neçə dəfə hərbi təlim keçirməyinin adı nə idi?”.

Bu fikirləri İranın ali dini lideri Seyid Əli Xameneyinin müşaviri Əli Əkbər Vilayətinin “İran yalnız öz təhlükəsizliyini yox, qonşu dövlətin də təhlükəsizliyini qoruyur” iddiasına münasibət bildirən Dünya Azərbaycanlıları Konqresi (DAK) İdarə Heyətinin üzvü Babək Muğanlı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, İranın yüksək dövlət məmurları verdikləri absurd bəyanatlarla özlərini gülünc vəziyyətə salmaqdan əl çəkmirlər:

“Doğrudan da, İran adlanan ölkənin ali məmurları ilə deputatlarının çıxışlarında, bəyanatlarında qeyri-ciddilik və həqiqətə uyğunsuzluq o qədər artıb ki, onlar özləri də həmin yalanların içində itib-batıblar.

İran liderinin müşaviri olan Əli Əkbər Vilayəti özünün son müsahibəsində bu “ənənə”ni davam etdirib və daha da uzağa getməyə cəhd göstərib. O iddia edib ki, İran qonşu ölkələrə hücum etmək niyyətində deyil və öz təhlükəsizliyi ilə yanaşı, qonşu ölkələrin də təhlükəsizliyini “qoruyur”.

Bu qədər riyakarlıq olar? İran hansı dövlətin təhlükəsizliyini qoruyur? Baxın qonşu ölkələrdən İraq, Yəmən, Əfqanıstan, Suriyada İranın yetişdirdiyi dəstələr fəaliyyət göstərirlər. Yəni İranın “təhlükəsizliyi qoruması” o ölkələrin daxili işlərinə müdaxilədən və gərginliyi artırmaqdan başqa bir şey deyil.

Bəli, Vilayətinin “təhlükəsizliyini qoruduqlarını” iddia etdiyi tək ölkə Ermənistandır. Çünki İran Azərbaycana qarşı işğalçılıq siyasəti aparmış Ermənistanı hər zaman dəstəkləyib və 44 günlük müharibədən sonra bu dəstəyi daha da artırıb. Yeganə istisna budur. Əgər İran qonşuları ilə dinc, mehriban yaşamaq istəyirsə, təkcə Azərbaycanla tam sərhəddə bir neçə dəfə hərbi təlim keçirməyinin adı nə idi? Yəni Vilayətinin bu iddiası da ciddiyə alınmayacaq qədər boş söz yığınıdır”.

A.Zeynalov

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …