Peskov qəzaya görə Rusiyanın günahı öz üzərinə götürməsi barədə Azərbaycan mətbuatında yayılan yazıları şərh edərkən belə deyib
Rusiya Prezidenti Vladimir Putin “Azərbaycan Hava Yollarına” (AZAL) məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması ilə bağlı açıqlama verməyi planlaşdırmır.
Bu barədə jurnalistlərə Prezidentin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Xeyr, (təyyarə qəzası ilə bağlı danışmaq) heç bir plan yoxdur”, – Peskov qəzaya görə Rusiyanın günahı öz üzərinə götürməsi barədə Azərbaycan mətbuatında yayılan yazıları şərh edərkən deyib.
Fevralın 4-də Qazaxıstanın Nəqliyyat Nazirliyi Aktau hava limanı yaxınlığında “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus “Embraer-190” təyyarəsinin qəzaya uğramasının səbəblərinə dair istintaqın ilkin nəticələrini açıqlayıb.
53 səhifəlik ilkin hesabata uçuş tarixçəsi, təyyarəyə dəyən ziyan, meteoroloji məlumatlar, qalıqlar, fotolar daxildir. Hesabatda deyilir ki, Aktau yaxınlığında qəzaya uğrayan AZAL təyyarəsi yer səthi ilə toqquşana qədər xarici təsirə məruz qalıb.
Ardınca “Reuters” Azərbaycan hökumətindəki anonim mənbəsinə istinadən məlumat yayaraq, təyyarənin Rusiyanın “Pantsir-S” raketi ilə vurulduğunu bildirib.
Kreml isə Qazaxıstanın qəza ilə bağlı ilkin hesabatını şərh etməyib, istintaqın tamamlanmasını gözləməyə çağırıb.
“Bu, ilkin hesabatdır. Əlbəttə, müvafiq qurumlarımız onu böyük, lazımi diqqətlə öyrənəcəklər. Prezident Administrasiyasından şərh verməyi mümkün hesab etmirik”, – Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov fevralın 5-də jurnalistlərə deyib.
Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) də hesabatın insidentin səbəbləri ilə bağlı hər hansı nəticəni ehtiva etmədiyini açıqlayıb.
“İlkin hesabat təsdiqləyir ki, təyyarənin xarici təsir nəticəsində zədələnməsi var. Bununla belə, hesabatda Qazaxıstan tərəfinin təyyarədə yad obyektlər aşkarlaması bildirilimir. Rusiyanın indiyədək belə bir imkanı olmayıb, çünki qeyd olunan elementlər ekspertiza üçün ona ötürülməyib. Ekipaj Rusiya dispetçerlərinin təklif etdiyi alternativ Mahaçqala və Mineralnıye Vodı hava limanlarından istifadə etməyib, baxmayaraq ki, bu aerodromların təyyarələri qəbul etmək üçün texniki hazırlığı olub. Ekipaj müstəqil olaraq Aktaunu eniş aerodorumu kimi seçib. Komissiyanın işi davam edəcək və baş verənlərlə bağlı nəticələr yekun hesabatda təqdim olunacaq”, – “Rosaviasiya”-nın fevralın 5-də yaydığı məlumatında deyilir.
AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
İlkin məlumatlara görə, təyyarə Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.
Hadisədən üç gün sonra Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevə zəng edərək “Rusiya hava məkanında baş vermiş faciəvi insident”ə görə üzrxahlıq edib.
Prezident İlham Əliyev dekabrın 29-da Azərbaycan Televiziyasına (AZTV) müsahibəsində təyyarənin Rusiya tərəfindən vurulduğunu deyərək bir sıra ittihamlar səsləndirib.
O bildirib ki, Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir.