Boyukmillet.com-un növbəti müsahibi Bütöv Azərbaycan Mühafizəkarları Təşkilatının sədri Vüsal Əfəndidir.
Vüsal bəy, ilk olaraq təşkilatın yaranması və fəaliyyəti haqqında qısa məlumat verərdiniz, zəhmət olmasa.
- Təşkilat 2015-ci il sentyabrın 1-də varlığını elan edib. Bu tarixə qədər də təşkilatın kiçik heyətlə fəaliyyəti olub.
Fəaliyyətimiz əsasən təşkilat və partiyalardakı işıqlı gənclərlə əlaqə quraraq onları xaricdə təhsilə yönəltmək olub. Bu
istiqamətdə bu günə qədər 30-dan çox gənci öz hesabımıza təmənnasız hazırlaşdırmaqla əsasən Türkiyədə təhsilə
yönətmişik. Hətta bu gün həmin gənclərin bir çoxu müxtəlif Avropa ölkələrində magistr təhsillərini davam etdirir.
İlkin mərhələdə fəaliyyətimiz bu istiqamətdə olub. Düşünürük ki, ölkəmizdə sağlam, mühafizəkar bir cəmiyyət
formalaşdırmaq istəyiriksə, ilk öncə gənclərin xaricdə təhsil almalarına yardımçı olmalıyıq.
Niyə məhz xaricdəki təhsilə üstünlük verirsiniz?
- Bu gün ölkəmizdə təhsilin aşağı səviyyədə olması heç kimə sirr deyil. Bu üzdən biz belə bir qərara gəlmişik ki,
gənclərimizi xaricdə təhsilə yönəldək. Xaricdə oxumaq gənclərimizə tək yüksək təhsil vəd etmir. Onların dünya
görüşünü də artırır. Bu yüksək təhsilli, dünya görüşü olan gənclər bizim cəmiyyət olaraq sabaha ümidimizdir. Sağlam
cəmiyyət quruculuğunda əslində toplum olaraq hər birimiz nələrsə etməliyik. Bizə görə də bunun yolu məhz bu gün
gənclərimizə sahib çıxmaqdan keçir.
Fəaliyyətiniz tək gənclərin xaricdə təhsilə yönəldilməsi istiqamətində qurulub?
- Xeyr. Təşkilat olaraq bu günə qədər bir çox davamlı və fərqli layihələrimizlə cəmiyyətimizə faydalı olmağa çalışmışıq.
Əsasən, fəaliyyətimizi formalaşdırdığımız fondlarımızla həyata keçiririk. Bu gün bizim təşkilatın 5 fondu var ki, bu
fondlardan 4-ü gələcəkdə Azərbaycanda maarifçi gəncliyin formalaşmasına zəmin olacaq. Xaricdə oxuyan gənclərə
dəstək fondunu 2017-ci ildə formalaşdırmışıq. Adından da göründüyü kimi təhsilə yönəlib. Fondun təsis edilməsi fikri öndərimiz Əbülfəz Elçibəyin anım günündə qərara alınıb və onun adı ilə bağlıdır. Əbülfəz Elçibəyin mübarizəsində həm də Azərbaycan gəncliyinin tərəqqisi var idi. İstər Elçibəy hakimiyyəti dövründə, istərsə də hakimiyyətindən öncə və sonra ümumilikdə 2000 tələbə onun xətti ilə Türkiyədə təhsil alıb. Bu fondu yaratmaqda da məqsədimiz Əbülfəz Elçibəyin istəklərindən heç olmasa birini təşkilat olaraq həyata keçirməkdir.
Gənclərə Dəstək Fondumuzun sayəsində, təşkilatımızın nəzdində olan pulsuz hazırlıq kurslarından yararlanaraq bu
gün Türkiyədə təhsil alan 30-dan çox gəncimizə təhsillərində stimul verəcəyimizi düşünürük. Bu Fondun hesabına
Bütöv Azərbaycan Mühafizəkarları təşkilatı olaraq ildə azı 2 gəncimizi (hələlik hərəsinə 100 manat olmaqla)
mükafatlandıra bilirik. 2018-ci ildə bu fondumuzun sayəsində ilk olaraq 3 gəncimizi, 2019-cu ildə 2 gəncimizi, 2020-ci ildə yenə də 2 gəncimizi, 2021-ci ildə isə 3 gəncimizi mükafatlandırmışıq.
Düşünürük ki, formalaşdırdığımız bu fondla xaricdə oxuyan gənclərimizə balaca da olsa dəstək verəcəyik. Xaricdə
oxuyan gənclərimiz bilməlidirlər ki, onları Bakıda düşünən və böyük ümidlərlə gözləyən bir deyil, iki ailəsi var.
Gənclərin maariflənməsi istiqamətində gördüyümüz növbəti iş, gənclərin mütaliəyə marağını artırmaq məqsədi ilə
yarandığımız gündən bu istiqamətdə müxtəlif layihələr həyata keçirməyimiz olub. Bu layihələrdən sonuncusu isə
artıq dörd ildir ki, başlatdığımız “Virtual kitab sifarişi” layihəmizdir. Bu layihəmizin sayəsində Kitabxana Fondumuzu
formalaşdırmışıq. 2017-ci ildən formalaşdırdığımız bu Fondun hal-hazırda 140-dan çox abunəçisi var və bu günə
qədər 200-dən çox kitab müxtəlif insanlar tərəfindən bizim kitabxanaya hədiyyə edilib.
Əlavə olaraq, gənclərin mütaliəyəyə marağını artırmaq məqsədi ilə il ərzində kitabxanamızdan ən çox istifadə edən
şəxslərə fondumuzdan iki kitab hədiyyə edirik. 2018-ci ildə Kitabxana Fondumuzdan il ərzində ən çox istifadə edən
gənc şəhidimiz Məhəmmədəli bəy, 2019-cu ildə qazimiz Seymur bəy, 2020-ci ildə Orxan bəy, 2021-ci ildə isə Fərid
bəy olmuşdur. Onların da hər birinə fondumuzdan iki kitab hədiyyə edilib.
İndiyə qədər həyata keçirdiyimiz bütün davamlı layihələrimizlə gənclərin maariflənməsi üçün çalışmışıq. Biz millimənəvi dəyərlərimizin mühafizəkarı olmaq üçün meydana gəlmişik. Bizim üçün ən böyük dəyər ölkəmizin gəncliyidir.
Gəncliyimizə bu gün sahib çıxa bilsək, sabah bütün dəyərlərimizə sahib çıxa bilərik. Bunun üçün də Bütöv Azərbaycan Mühafizəkarları təşkilat olaraq bütün gücümüzü ölkəmizdə sağlam cəmiyyətin formalaşması üçün gəncliyimizin maariflənməsinə qoymuşuq. Yarandığımız gündən “Gəncliyimizin mühafizəkarıyıq” devizi ilə yola çıxdıq və bu yolda balaca da olsa gənclərimizə xidmətimiz olubsa, nə xoş bizə. Ailələrə Yardım Fondumuz 2018-ci il sentyabrın 1-i xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin doğum günündə formalaşdırılıb və onun adı ilə bağlıdır. Bu günə qədər təşkilat bu fondun hesabına 121 ailəni ziyarət edib. Bu 121 ailədən – 33-ü şəhid, 12-si qazi, 21-i əsgər, 2-si gənc siyasi məhbusunun, 1-i isə səhhətində problem yaranmış dünya çempionumuzun ailəsi olub. Həmçinin, ailələrin 52-i maddi imkanı zəif olanlar olub.
Təşkilat üzvlərinin hesabına yaradılan bu fond əsasən imkansız ailələr, həmçinin şəhid və qazilərimizin ailələrinə
yardım məqsədi ilə formalaşdırılıb. Biz bu cür ailələrin zamanla özümüzdə bazasını yaratdıq və bu fondumuzun
sayəsində hər bir ailəyə ilkin olaraq minimum paketlə yardım edirik. Biz bu işimizlə imkansız insanlarımıza bir
günlükdə olsa bir aylıq zəruri ehtiyaclarını ödəməklə sahib çıxmağa çalışdıq. Gələcəkdə inşallah onlara hüquqi
yardımların edilməsi də var planımızda.
Şəhid və qazilərimizin ailələri isə başımızın tacıdır. Məhz onlara görə bu gün Azərbaycanımız ayaqda və müstəqildir.
Bu ailələr, bu gün Azərbaycan xalqının ziyarətgahına çevrilməlidir. Onlar bizim ən böyük dəyərimiz olduğuna görə,
onları unutmaq və unutdurmaq olmaz.
Bu uzunmüddətli aksiyamızı təşkilatımız durduqca davam etdirəcəyik. Bu aksiyanı həyata keçirməkdə əsas
məqsədimiz həm də cəmiyyətdə bu istiqamətdə ictimai fikrin formalaşmasına (və ən əsası cəmiyyətin diqqətini bu cür ailələrə yönəltməyə) nail olmaqdır. Bir millət insanına sahib çıxmadan heç bir dəyərinə sahib çıxa bilməz! Bütöv
Azərbaycan Mühafizəkarları təşkilatı olaraq bizim üçün də ən böyük dəyər insanımızdır! Mühafizəkar cəmiyyət yalnız
insanına sahib çıxmaqla qurula bilər.
Bizim bütün işlərimiz, gələcəkdə ölkəmizdə mühafizəkar bir cəmiyyətin formalaşması üçün görülən işlərdir. Təbii ki,
belə bir cəmiyyətin formalaşması 10 illərimizi alacaq. Amma gördüyümüz işlərin mütləq nəticəsi olacaq!
2020-ci ildən daha bir yeni layihəmizə start vermişik. Gələcəkdə seçkilərə qatılacaq gənclərimizə maddi baxımdan
dəstək olmaq üçün seçki fondu formalaşdırmışıq. Bu fondun sayəsində seçkilərə qatılacaq gənclərimizin təbliğattəşviqat işlərinə minimum məbləğlə də olsa yardım edəcəyimizi düşünürük.
Bütün bu sadaladıqlarım bizim fondlarımız üzərindən gördüyümüz işlərdir. Bunlardan əlavə yarandığımız gündən bu
yana dayanmadan fəaliyyət göstərək təmənnasız hazırlıq kurslarımızın sayəsində gənclərin universitetlərə,
magistraturaya, xaricdə təhsilə və dövlət qulluğuna daxil olmalarına yardımcı olmuşuq. Bu günə qədər təşkilat
olaraq gənclərin maarifləndirilməsi istiqamətində mütəmadi olaraq kursları təşkil edilib. Bu kurslara magistr,
kompüter abituriyent, TuranDo ( döyüş növü), YÖS kursları, erməni dili kursları aiddir.
Bir məqamı da qeyd edim ki, bu illər ərzində kurslarımızdan yararlanan gənclərin dərs vəsaitləri ilə təminat
məsələsini də öz üzərimizə götürmüşük.
Növbəti işimiz gənclərin asudə vaxtını səmərəli təşkil etmək məqsədi ilə yarandığımız gündən bu yana onlara pulsuz
biletlər təşkil etməklə gənc dostlarımızı “Milli”nin və “Qarabağ”ın oyunlarına, eləcə də, həftə sonları teatrlara cəlb
etməyimizdir. Düşünürük ki, gənclərimizin xüsusilə teatrlara marağını artırmaq üçün bu istiqamətdə mütləq şəkildə
nələrsə etməliyik.
Yarandığımız gündən bu yana, ölkəmizin ictimai-siyasi şəxslərini gənclərə tanıtmaq məqsədi ilə hər il onların
gənclərlə görüşünü təşkil etmişik. Xüsusilə millət vəkilləri ilə görüşlərimizdə gənclərin ölkəmizdə təhsil ala bilmələri
üçün illik təhsil haqlarının aşağı salınması istiqamətində addım atmalarını da xahiş edirik. Bu gün ölkəmizdə illik təhsil haqları o qədər yüksəkdir ki, çox gənc bu üzdən təhsilini yarımçıq qoymaq məcburiyyətində qalır. Hətta bir üzvümüz illik təhsil haqqı 2500 manat olduğuna görə təhsilindən imtina etmək istəmişdi. Biz onunla danışıb, təhsil haqqını təşkilat olaraq öz üzərimizə götürəndən sonra təhsilini davam etdirməyə razılıq vermişdi.
İmkanlarımızın məhdud olmasına baxmayaraq, görəcəyimiz işə nail olacağımıza inamımızı itirmədik. Bütün
gördüyümüz işlərə bu günə qədər ofissiz, heç bir yerdən maliyyə əldən etmədən, yalnız üzvlərimizin və üzvlərimiz
olmayan gənc dostlarımızın dəstəyi ilə nail olduq.
Güclü təşkilatlar, zamanla güclü cəmiyyətlər yetişdirir. Bu cür cəmiyyət həm də, gələcəkdə ölkəmizdə sağlam
nəsillərin yetişməsi deməkdir. Azərbaycanımızda da bu cür cəmiyyətin formalaşması üçün bundan sonra da bütün
gücümüzlə nələrsə etməyə çalışacağıq.
İkinci Qarabağ savaşında təşkilat olaraq fəaliyyətiniz nədən ibarət olub?
- 44 günlük Vətən müharibəsində biz təşkilat olaraq demək olar ki, hər gün əsgər və şəhid ailələrini ziyarət edirdik.
Fondumuz hesabına ailələrə, cəbhə bölgəsinə yardımlar çatdırırdıq. 20-yə yaxın üzvümüz döyüşlərin bir başa
iştirakçısı olub və medallarla təltif olunublar. Bir üzvümüz şəhid, bir üzvümüz isə qazi olub.
Bu günə qədər siyasi partiya və təşkilatlardan sizə əməkdaşlıq təklifi gəlib?
- İlk öncə onu bildirmək istəyirəm ki, biz siyasi bir təşkilat deyilik. Amma milli mövzularda bu günə qədər bizə bir çox
təşkilat və partiyalardan müxtəlif birliklərdə təmsil olunma təklifi gəlib və bütün bu təkliflər dəyərləndirilib. Milli
məsələlərdə biz istənilən təşkilat və partiya ilə bir araya gəlməyə hər zaman hazırıq.
Təşkilat olaraq hansı çətinliklərlə qarşılaşırsız?
- Ən böyük çətinliyimiz ofisimizin olmamasıdır. Bu gün ölkəmizin demək olar ki, bütün rayonlarında gənclər evi açılıb.
Amma həmin gənclər evinə gedib baxsaq görərik ki, bir çoxu fəaliyyətsiz vəziyyətdədir. Halbuki dövlət həmin
ofislərdə cəmiyyət üçün faydalı işlər görən gənclərə yer ayırsa daha gözəl olardı. Dövlət cəmiyyət üçün faydalı işlər
görən gənclərə dəstək olmaqda maraqlı olmalıdır. Amma bizdə bu gün təəssüflər olsun ki, dövlət bu istiqamətdə işlər görən gənclərə heç bir dəstək olmur. - Ayna Fərhad