Cümə , 22 Noyabr 2024
Drone Cameras

Xalqa və dövlətə xidmət məramı

Tarix sübut edir ki, məzmunundan, miqyasından və formasından asılı olmayaraq bütün siyasi proseslərin uğurlu nəticəsi ilk növbədə xalqa və dövlətə liderlik edənlərin qətiyyəti və düzgün mövqeyi ilə təmin olunur.  Belə liderlər həm də öz müdriklikləri, atdıqları addımları ilə tarixi proseslərin gedişatını dövlətin və xalqın mənafeyi naminə nizamlamağı bacarırlar. Bununla da onlar özləri tarixin müəllifinə çevrilirlər.

İyulun 14-də Azərbaycana ilk dəfə rəhbərliyə başlamasının 52-ci ili tamam olan dahi öndər Heydər Əliyevin ömür yolu və siyasi fəaliyyəti sübuta yetirdi ki, yalnız böyük şəxsiyyətlər tarixin gedişində ən dəyərli nümunələrin müəllifi olmağı bacarır, dövlətinin və xalqının şərəfli tarixini yaradırlar.

1969-cu ildə Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişi ilə çağdaş tariximizdə keyfiyyətcə  yeni epoxanın, inkişaf mərhələsinin və ən əsası, Azərbaycanı müstəqil dövlət qurmağa doğru aparan böyük yolun başlanğıcı qoyulmuşdur. Bu baxımdan Ulu Öndərin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi 1970-80-ci illər respublikamızın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olmuşdur. Heydər Əliyev ölkəyə rəhbərlik etməyə başlayandan sonra qısa zaman kəsiyində Azərbaycan SSRİ-nin tərkibində o zaman üçün müasir iqtisadi potensiala malik olan respublikaya çevrildi. Ulu Öndərin rəhbərliyi altında başlanan genişmiqyaslı işlərin nəticəsində Azərbaycan ittifaq respublikaları arasında öz layiqli yerini tutdu. Sovet rejiminin sərt ideoloji tələblərinə baxmayaraq, Heydər Əliyev xalqımızın milli dəyərlərinin qorunması və gələcək nəsillərə ötürülməsi kimi məsələlərdə də müdrik fəaliyyət həyata keçirmişdi ki, bu da milli-mədəni inkişafda böyük dəyişikliklərə yol açmışdı. Ona görə yalnız sosial-iqtisadi yüksəliş deyil, milli-mənəvi dəyərlərə qayıdış da  Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər xalqımızın mənəvi dəyərlərinin əriyib itməməsi üçün əlindən gələni etdi. Elə bu səbəbdəndir ki, sovet hakimiyyəti illərində həyata keçirilən məqsədyönlü siyasət Azərbaycan xalqının milli-mənəvi dəyərlərini şüurlardan silə bilmədi.

Bu gün müstəqil Azərbaycanın cənab Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə möhtəşəm uğurları fonunda ötən əsrin 70-80-ci illərində Ulu Öndər Heydər Əliyevin xalqımıza və dövlətimizə bəxş etdiyi inkişafın mahiyyətini daha dərindən anlayırıq. Bəli, Heydər Əliyev hələ sovet dövründəki tarixi missiyası ilə, yəni Azəbaycanı yüksəliş yoluna çıxarmaqla,  xalqımızın milli düşüncəsini qorumaqla həm də bugünkü müstəqilliyimizin təməlini yaratmışdı. Baş verən dəyişikliklərin miqyasına, sosial-iqtisadi və mədəni sahələrdə aparılan dərin islahatların xarakterinə, xalqın maddi rifah halının yaxşılaşdırılmasına və yeni mərhələyə keçirilməsinə görə həmin illərin tədqiqi müasir tariximizin daha dərindən öyrənilməsi baxımından böyük önəm daşıyır.

İyul ayı Heydər Əliyevin adı ilə bağlı başqa bir tarixlə də əlamətdardır. 1990-cı il iyulun 22-də Heydər Əliyevin Naxçıvana və böyük siyasətə qayıdışı imperiya qüvvələri ilə mübarizənin daha da kəskinləşməsinə və Naxçıvandan başlanan milli dirçəliş prosesinin bütövlükdə Azərbaycanın siyasi mühitində aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı.

Muxtar respublikanın ən yeni siyasi tarixinin keşməkeşli dövrləri də məhz Ulu Öndərin adı ilə bağlıdır. 1990-cı ildə yaranmış şəraitdən istifadə edən Ermənistan hakimiyyət dairələri Naxçıvana qarşı ərazi iddialarını silah yolu ilə gerçəkləşdirmək qərarına gəlmişdilər. Naxçıvan çətin sınaqlar qarşısında  qalmışdı. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıdakı faciədən əvvəl sovet qoşun birləşmələri və erməni  silahlı dəstələri Naxçıvan Muxtar Respublikasında da qan tökdülər. Daha sonra erməni quldur dəstələri Naxçıvanın Kərki kəndini işğal etdilər. Muxtar respublikanın nəqliyyat-kommunikasiya xətləri ermənilər tərəfindən kəsiləndən, tam iqtisadi blokadaya alınandan sonra Naxçıvanda iqtisadi böhran daha da dərinləşmişdi.

Yalnız xalqımızın böyük oğlu Heydər Əliyevin 1990-cı ilin yayında Moskvadan Bakıya, oradan da Naxçıvana qayıdışı bu qədim Azərbaycan torpağının xilasını təmin etdi. Heydər Əliyevin qətiyyəti və zəngin dövlətçilik təcrübəsi sayəsində erməni qəsbkarlarının Naxçıvanı işğal etmək planları puç oldu, muxtar respublika tarixin ən sərt sınaqlarından üzüağ, alnıaçıq çıxdı. Ulu Öndərin böyük səyləri nəticəsində muxtar respublikanın tarixində  yeni dövrün əsası qoyuldu. Heydər Əliyevin Moskvadan Bakıya, oradan da Naxçıvana qayıdışı geniş mənada bu qədim diyarın qurtuluşu oldu.

Heydər Əliyev Naxçıvanda mənalı və keşməkeşli həyatının ən çətin və şərəfli bir mərhələsini yaşadı.  İlk dəfə olaraq məhz Ulu Öndərin qətiyyəti və prinsipiallığı sayəsində müstəqil respublikamızın üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının rəsmi dövlət bayrağı kimi qəbul edilməsi, eyni zamanda 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi rəsmiləşdirilməsi bu qədim diyarın  dövlət müstəqilliyimizə ən layiqli töhfələridir.

1992-ci ildə Naxçıvanda Ulu Öndərin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaranması müstəqillik tariximizin ən böyük siyasi hadisələrindən biridir. Çünki xalq yalnız Heydər Əliyevə inanırdı. İnsanlar bilirdilər ki, ölkəmizi təlatümlü burulğanlardan yalnız Heydər Əliyev çıxara bilər. Elə buna görə də xalqın etimadını doğrultmaq istəyindən ruhlanan Heydər Əliyev çətin məqamlarda məsuliyyətli missiyanı üzərinə götürdü, ölkəmizin müstəqilliyini qorudu, onu parçalayıb məhv olmaqdan xilas etdi, öz əməlləri ilə xalqımızın Ümummilli Liderinə çevrildi.

Dahi şəxsiyyət Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolunun möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi son 18 ildə Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirdi. Bu dövrdə Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmləndi, sosial-iqtisadi inkişaf istişamətində mühüm göstəricilərə nail olundu, Azərbaycanın beynəlxalq imici yüksəldi. Ötən il isə cənab İlham Əliyev torpaqlarımızı azad etməklə xalqımızın yeganə ağrılı probleminə son qoydu. Möhtərəm Prezidentimizin dediyi kimi, bununla həm də ata vəsiyyətini yerinə yetirdi.

Qarşıda dövlətimizi daha böyük nailiyyətlər və möhtəşəm inkişaf nümunələri gözləyir. Heydər Əliyev yolunun ən layiqli davamçısı kimi Prezident İlham Əliyev müdrik, qətiyyətli və uzaqgörən siyasəti ilə dövlətimizin davamlı və sürətli yüksəlişini bundan sonra da layiqincə təmin edəcək.

Cəbi QULİYEV,

Milli Məclisin deputatı

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …