Şənbə , 23 Noyabr 2024
Drone Cameras

XİN Ceyhun Bayramovun Britaniya parlamentində görüşlərinə dair məlumat yayıb

Xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Krallığa işgüzar səfəri çərçivəsində Birləşmiş Krallıq Parlamentinin Lordlar və İcmalar Palatalarının bir sıra üzvləri, o cümlədən Xarici Əlaqələr Komitəsinin sədri Alisia Kerns, Parlamentin üzvü və Avropa, Şimali Amerika və Böyük Britaniyanın xarici əraziləri üzrə kölgə naziri Stefen Douti, eləcə də Azərbaycan üzrə Bütün Partiyalar üzrə Parlament Qrupunun üzvləri ilə görüşləri keçirilib.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə Lord Evans, Lord Vaferli, Baroness Uddin, Lord Hussain, Bob Bləkmən və David Duguid iştirak edib.

Tərəflər parlamentlərarası əməkdaşlığın və iki ölkə arasında tərəfdaşlıq əlaqələrinin inkişafının əhəmiyyətini vurğulayıblar. Görüşlər zamanı Azərbaycanla Birləşmiş Kralııq arasında enerji sahəsində davamlı tərəfdaşlıq və alternativ enerji də daxil olmaqla, əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində, eləcə də “orta dəhliz” və nəqliyyat-tranzit sahəsində artan rolu diqqətə çatdırılıb.

Nazir müqabil tərəfləri post-münaqişə dövründə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, sülh sazişi üzrə aparılan danışıqların cari vəziyyəti, işğaldan azad edilmiş ərazilərdə aparılan intensiv bərpa və yenidənqurma işləri, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması prosesinə başlanılması və buna başlıca əngəl olaraq ərazidə mövcud olan mina problemi barədə məlumatlandırıb.

Tərəflər həmçinin Ukraynada vəziyyət, regional təhlükəsizlik məsələləri və qarşılıqlı maraq doğuran digər mövzular barədə fikir mübadiləsi aparıblar.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …