Cümə , 22 Noyabr 2024
Drone Cameras

YAP-ın namizəd siyahısındakılar: sabiq deputat övladları, psixoloq, diş həkimi, müğənni…

Hakim partiya bu dəfə namizədlər arasında qadınların sayını artırıb

İyulun 17-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda partiyanın 1 sentyabr növbədənkənar parlament seçkiləri ilə bağlı 125 dairənin hamısı üzrə namizədlərin siyahısı müəyyənləşib.

Ümumi siyahıda 33 qadın namizəd yer alıb. 2020-ci il fevralın 9-da keçirilən növbədənkənar parlament seçkiləri üçün YAP-ın namizədlər siyahısında 26 qadın var idi.

Siyahıda əvvəllər YAP-dan deputat seçilmiş, lakin son 2019-cu il seçkisində namizəd olmamış Əli Əhmədov, Mübariz Qurbanlı, Xanlar Fətiyev, Səyyad Aran, Eyvaz Qurbanov kimi partiya veteranları yenidən namizəd olublar.

125 nəfərlik siyahıdakı namizədlərdən 66-sı ilk dəfə YAP-dan deputatlığa namizəd kimi elan edilib. Onların arasında maraqlı adlar nəzərə çarpır. Namizədlərin sırasında professor, alim, məktəb direktoru, məktəb müəllimi, gənclər mərkəzi sədri, müğənni, diş həkimi və s. peşə sahibləri də mövcuddur. Hazırki vəzifəsini müəyyən etdiyimiz namizədlərin bir çoxunun siyahısını sizə təqdim edirik:

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Əsgərov Asif Yunis oğlunun 112 saylı Zaqatala seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülüb. Asif Əsgərov həmçinin 2006-2009-cu illərdə Zaqatala, 2009-2015-ci illərdə Səbail rayonlarının icra başçısı olub.

YAP-ın namizədliyini irəli sürdüyü şəxslər arasında dünən Oğuz rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Eyvaz Qurbanov da var. Eyvaz Daşdəmir oğlu Qurbanovun 117 saylı Oğuz–Qəbələ-Şəki seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülüb.

Namizədlərin siyahısında keçmiş kənd təsərrüfatı naziri, hazırda Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru olan Heydər Əsədovun da adı var. Onun namizədliyi 51 saylı Şirvan seçki dairəsindən irəli sürülüb.

Namizədlərin siyahısında maraqlı daha bir ad isə bizə təhsil sektorundan yaxşı tanış olan Mehriban Vəliyevadır. 44 saylı Sumqayıt üçüncü seçki dairəsindən namizədliyi verilən M.Vəliyeva bir müddət əvvəl Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsindən azad edilərək Məktəbəqədər və Ümumi Təhsil Agentliyinin direktor müavini təyin edilmişdi.

Sabiq deputatların övladlarının da namizədlikləri irəli sürülüb. Belə ki, namizədliyi 20 saylı Nərimanov ikinci seçki dairəsindən irəli sürülən Samir Əhməd oğlu Vəliyev sabiq deputat Əhməd Vəliyevin, namizədliyi 56 saylı Şabran – Xaçmaz seçki dairəsindən irəli sürülən Mahir Tahir oğlu Süleymanlı isə Siyəzənin keçmiş millət vəkili Tahir Süleymanovun oğludur.

Namizədliyi 12 saylı Xəzər birinci seçki dairəsindən irəli sürülən Aygün Şaitdin qızı Maniyeva isə sabiq deputat, uzun illər Mərkəzi Seçki Komissiyasının üzvü olmuş, MSK-nın sədr müavini Şaitdin Əliyevin qızıdır. O, Şüvəlan qəsəbəsində yerləşən, Xəzər rayonu 156 nömrəli tam orta məktəbin psixoloqu kimi çalışır.

Namizədlər arasında alimlər də var. Namizədliyi 16 saylı Yasamal ikinci seçki dairəsindən irəli sürülən Həbib Adil oğlu Mirzəyev Azərbaycan Texniki Universitetinin Humanitar fənlər kafedrasının müdiridir. O, filologiya üzrə fəlsəfə doktoru, dosentdir. Namizədliyi 17 saylı Yasamal üçüncü seçki dairəsindən irəli sürülən Zaman Rəşid oğlu Məmmədov isə Elm və Təhsil Nazirliyi Torpaqşünaslıq və Aqrokimya İnstitutunda, Torpaq ekologiyası beynəlxalq laboratoriyasının müdiridir. O, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının dosentidir.

Namizədliyi 45 saylı Sumqayıt dördüncü seçki dairəsindən irəli sürülən Naib İsmixan oğlu Hacıyev 10 ildən artıq Sumqayıt Dövlət Universitetinin İqtisadi məsələlər üzrə prorektoru olub.

Namizədliyi 46 saylı Sumqayıt beşinci seçki dairəsindən irəli sürülən Elnarə Seydulla qızı Akimova AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisidir. O, həmçinin filologiya üzrə elmlər doktorudur.

Namizədliyi 49 saylı Abşeron ikinci seçki dairəsindən irəli sürülən Faiq Allahverdi oğlu Xudayev Əkinçilik Elmi Tədqiqat İnstitutunun direktorudur. O, aqrar elmlər üzrə fəlsəfə doktorudur.

Müğənni, pedaqoq Humay Tofiq qızı Aslanova hakim Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi olub. Humay Aslanovanın namizədliyi 107 saylı Tovuz – Qazax – Ağstafa dairəsindən irəli sürüləcək. O, İctimai televiziyada yayımlanan “Maska şou” və “Səs Azərbaycan” verilişlərinin vokal üzrə təlimçisidir.

Namizədliyi 22 saylı Nəsimi – Yasamal seçki dairəsindən irəli sürülən Xaliq İsa oğlu Hüseynov “Dental Estetik Center” klinikasının təsisçisidir. O, estetik diş həkimidir, Estetik Dişhəkimliyi Akademik Dərnəyinin də sədridir.

Namizədliyi 35 saylı Xətai üçüncü seçki dairəsindən irəli sürülən Pərvanə Bulut qızı Vəliyeva qeyri-hökumət təşkilatının üzvüdür. O, Milli Vərəm əleyhinə QHT Koalisiyasının katibi, “Sağlamlığa Xidmət” İctimai Birliyinin icraçı direktorudur. Pərvanə Vəliyeva həmçinin COP29 Təşkilat Komitəsinin də üzvüdür.

Dövlət Neft Şirkətinin sabiq vitse-prezidenti Bədəl Bədəlov da YAP-ın deputatlığa namizədlər siyahısında yer alıb. O, İlham Əliyevin 28 iyul 2023-cü il tarixli sərəncamı ilə vəzifəsindən azad edilmişdi. Onun namizədliyi 96 saylı Goranboy–Naftalan seçki dairəsindən irəli sürülüb.

Xətai Rayonu Bələdiyyəsində sədr müavini vəzifəsində çalışan Nərminə Aslan qızı Hacıyeva da namizədlər siyahısında yer alıb. Onun namizədliyi 36 saylı Xətai -Suraxanı seçki dairəsindən irəli sürülüb.

48 saylı Abşeron birinci seçki dairəsindən Nigar Fikrət qızı Məmmədovanın namizədliyi irəli sürülüb. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabe olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktorudur.

Namizədliyi 50 saylı Abşeron üçüncü seçki dairəsindən irəli sürülən Ramid Zakir oğlu Namazov 2005-ci ildən bəri çalışdığı Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müşaviridir.

Namizədliyi 58 saylı Xaçmaz kənd seçki dairəsindən irəli sürülən Könül Rəcəb qızı Əskərova Xaçmazdakı Heydər Əliyev Mərkəzinin direktorudur. Bundan əlavə, o, Xaçmaz rayonunun ictimai-siyasi həyatında xidmətlərinə görə ölkə başçısı İlham Əliyev tərəfindən 14 sentyabr 2015-ci ildə “Tərəqqi” medalı ilə təltif olunub.

Namizədliyi 59 saylı Quba seçki dairəsindən irəli sürülən Əlibala Səttar oğlu Məhərrəmzadə iqtisad elmləri doktoru, professor, motivasiya spikeri və yazıçıdır. Sərbəst auditor olan Əlibala Məhərrəmzadə “Kaspian Audit Kompani” MMC-nin də direktorudur. O, uşaqlar üçün xeyriyyə işləri ilə məşğul olan “Məryəm” fondunun sədr müavinidir.

Namizədliyi 60 saylı Quba-Qusar seçki dairəsindən irəli sürülən Fidan Yusifəli qızı Bağırova “Viqas Psixoloji və Nitq İnkişaf Mərkəzi”nin rəhbəri, psixoloqdur.

Namizədliyi 69 saylı Biləsuvar seçki dairəsindən irəli sürülən Elməddin Saməddin oğlu Əliyev Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İnzibati ərazi vahidləri üzrə Biləsuvar nümayəndəsidir.

Namizədliyi 70 saylı Neftçala seçki dairəsindən irəli sürülən Fərhad Ceyhun oğlu Baxışov Neftçalada Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktorudur.

Namizədliyi 77 saylı Lənkəran şəhər seçki dairəsindən irəli sürülən Əlimərdan Ələkbər oğlu Əliyev Lənkəran Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, rayon Ağsaqqallar Şurasının üzvüdür. İlham Əliyevin müvafiq sərəncamları ilə 2013-cü ildə “Dövlət qulluğunda fərqlənməyə görə”, 2022-ci ildə “Tərəqqi” medalı ilə təltif olunub. 2017-ci ildən “Lənkəran” qəzetinin baş redaktorudur.

Namizədliyi 81 saylı İmişli şəhər seçki dairəsindən irəli sürülən İsrafil Zakir oğlu Məmmədov İmişli Rayon Mərkəzi Xəstəxanasının direktor müavinidir.

Namizədliyi 87 saylı Qobustan – Şamaxı – İsmayıllı seçki dairəsindən irəli sürülən Rasim Ramis oğlu Novruzov Qobustan icra hakimiyyətinin Sündü kənd bələdiyyə numayəndəsidir.

Namizədliyi 88 saylı Şamaxı seçki dairəsindən irəli sürülən Rəfail Vahid oğlu Tağızadə Mədəniyyət Nazirliyinin Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin Şamaxı rayonu üzrə Baş məsləhətçisidir.

Namizədliyi 89 saylı İsmayıllı seçki dairəsindən irəli sürülən Xavər Şahı qızı Allahverdiyeva İsmayıllı rayonu Topçu kənd tam orta məktəbin direktorudur.

Namizədliyi 91 saylı Göyçay seçki dairəsindən irəli sürülən Fərid Əkbər oğlu Əkbərov Göyçay rayon Gənclər Evinin direktorudur.

Namizədliyi 92 saylı Göyçay – Ağdaş seçki dairəsindən irəli sürülən Firəngiz Rafiq qızı Məmmədyarova Göyçay şəhər 4 nömrəli tam orta məktəbin tarix müəllimidir.

Namizədliyi 93 saylı Ağdaş seçki dairəsindən irəli sürülən Anar Raqif oğlu Şahmuradov Yeni Azərbaycan Partiyası Gənclər Birliyi Ağdaş rayon təşkilatının sədridir.

Namizədliyi 95 saylı Zərdab – Kürdəmir – Ucar seçki dairəsindən irəli sürülən Səliqə Oruc qızı İsmayılova Zərdab rayonunda yerləşən Həsən bəy Zərdabi adına 1 saylı məktəbdə dil-ədəbiyyat müəllimidir, həmçinin direktorun müavinidir.

Namizədliyi 108 saylı Ağstafa seçki dairəsindən irəli sürülən Gülgün Kərim oğlu Kərimov mədəniyyət işçisidir, Ağstafa rayon Dövlət Rəsm Qalereyasının direktorudur.

Namizədliyi 111 saylı Zaqatala – Balakən seçki dairəsindən irəli sürülən Vüsalə Yusif qızı Mahmudova Zaqatala şəhəri akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü liseyin direktor müavinidir.

Namizədliyi 113 saylı Qax – Şəki seçki dairəsindən irəli sürülən Mithad Bəhərçi oğlu Sayadov Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin əməkdaşıdır.

Namizədliyi 116 saylı Qəbələ seçki dairəsindən irəli sürülən Ədilə Əli qızı Tağıyeva Qəbələ şəhəri 3 saylı tam orta məktəbin direktorudur.

Namizədliyi 119 saylı Ağdam seçki dairəsindən irəli sürülən İbrahim Raqif oğlu Məmmədov “Azərişıq” ASC-nin Ağdam Elektrik Şəbəkəsinin rəisidir.

Namizədliyi 121 saylı Laçın seçki dairəsindən irəli sürülən Rövşən Şahbaz oğlu Muradov Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdir müavini vəzifəsində işləyir. İqtisad elmləri dosentidir. Həmçinin Azərbaycan Dövlət İqtisad Universitetinin “Menecment” kafedrasının professorudur.

122 saylı Xankəndi seçki dairəsindən Aqil Kamran oğlu Məmmədovun namizədliyi irəli sürülüb. Aqil Məmmədov 2018-ci ildən bəri Xocalı Rayon Mərkəzi Xəstəxanasının direktorudur.

YAP 123 saylı Kəlbəcər seçki dairəsindən Aidə Ələsgər qızı Əhmədovanın namizədliyini irəli sürüb. Aidə Əhmədova İlham Əliyevin 2 fevral 2024-cü il tarixli fərmanı ilə “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib. Kəlbəcər rayon 56 saylı orta məktəbin direktorudur.

Namizədliyi 124 saylı Şuşa – Ağdam – Xocavənd seçki dairəsindən irəli sürülən Leyla Adil qızı Babışova YAP Şuşa rayon təşkilatının sədr müavinidir.

Parlament seçkiyə gedir

2024-cü il iyunun 21-də Azərbaycan parlamenti özünün buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin olunması ilə bağlı Prezident İlham Əliyevə müraciət edib.

İyunun 28-də İlham Əliyev Milli Məclisin buraxılması və sentyabrın 1-də erkən seçki keçirilməsi ilə bağlı sərəncam imzalayıb.

Mərkəzi Seçki Komissiyasının 15 iyul məlumatına görə, 431 nəfər namizədliyini irəli sürüb.
1 sentyabr seçkilərini AXCP boykot edir, Yeni Azərbaycan, Müsavat, Demokrat, Klassik Xalq Cəbhəsi, Ümid, REAL və digər partiyalar isə iştirak edəcəklərini açıqlayıblar.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …