Fevralın 6-da qardaş Türkiyədə baş verən zəlzələdən sonra bütün dünya bu dəhşətli fəlakətin aradan qaldırılmasına səfərbər oldu. Hətta Türkiyə ilə siyasi, diplomatik gərginliklər yaşayan Yunanıstan,İsrail, Ermənistan kimi dövlətlər də bu insanlıq faciəsi üçün öz potensial yardımlarını göstərdilər. Bu cür faciələr, təbii fəlakətlər bütün insanlıq üçün bir dərs olmaqla yanaşı, həm də insanları acılar ətrafında birləşdirir. Təbii ki, qardaş Türkiyədə baş verən zəlzələ, dağıntıların acısını türk xalqı ilə yanaşı, eyni soykökə sahib olan Azərbaycan xalqı da yaşadı. Xalqımız uşaqdan-böyüyə bir nəfər kimi səfərbər olub, öz qardaş köməyini layiqincə göstərdi. Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov Demokrat.az-a açıqlamasında bidirib ki, Azərbaycan xalqı yüz il əvvəl də eyni ürəklə və səxavətlə qardaş Türkiyə Cumhuriyyəti Birinci dünya savaşında ona belə bir genişmiqyaslı yardım göstərmişdi:
“Tarix sanki təkrarlanır. Azərbaycan və Türkiyə tarixin bir çox mərhələsində ortaq acıları və qədəri paylaşmalı olublar. Hər zaman da hər iki dövlət və xalq tarix qarşısında üzü ağ və yeni tarix yazaraq öz yoluna davam ediblər. Hər iki dövlətimiz düşdükləri ağır durumlardan güclənərək çıxıblar. Bu gün də qardaş Türkiyə çox böyük acılardan keçir və əminik ki, bu çətin günlər tezliklə bitəcək, Türkiyə bu durumdan güclənmiş şəkildə çıxacaq”. İlham İsmayılov bildirib ki, faciədən iki həftə vaxt keçsə də, hələ də Azərbaycanda matəm havası hiss olunur.
“Faciənin böyük miqyas alması, 35 min insanımızın ölümü, 100 mindən çox yaralıların olması, dağıntıların fantastik ölçüdə olması Azərbaycanda hər kəsi sarsıtdı. Demək olar ki, heç kimin üzü gülmür, hamı bu faciəni öz içində yaşayır. Bir neçə gün əvvəl Türkiyə səfirliyinə taziyə ziyarətinə getmişdik. Səfirliyin önündə hətta uşaq bağçalarından belə uşaqlar gül-çiçəklə gəlib Türkiyənin acısını paylaşırdı. Bu əsl qardaşlıq nümunəsidir. Rəsmi olaraq matəm günü olunmasına gərək olmadı, xalqımız özü matəmdə olduğunu hər addımda göstərdi”. ATXƏM sədri təəssüflə bildirib ki, Azərbaycan və Türkiyənin belə bir durumda olduğu zamanda bəzi sənət adamlarının ləyaqətsiz davranışları utancverici və qəbuledilməzdir.
“Dünyanın bir çox məşhur ulduzları Türkiyə üçün yardımlara başladı. Madonna bütün fanatlarına müraciət edərək, sənət dünyasını Türkiyə və Suriya üçün yardım etməyə çağırdı. Təəssüf edirəm ki, bizim ölkəmizdə belə məqamlarda müğənnilərin böyük əksəriyyəti sosial məsuliyyətini unudur, ləyaqətli davranış sərgiləyə bilmir, hətta gülünc duruma düşürlər. Özünü sənətkar kimi cəmiyyətə sırıyan Nadir Qafarzadənin faciə günlərində özünə təmtəraqlı ad günü keçirməsi şərəfsizlik və mənəviyyatsızlıqdı. Bu cür adamlar üçün dəyər anlayışı, mənəviyyat çox uzaqdır. Nadir Qafarzadə isə bu cür mənəviyatsızlığı yalnız bu gün etməyib. Əvvəllər də Xocalı soyqırımı günləri ərəfəsində, 31 mart Azərbaycanlıların soyqırımı günlərində də bənzər hərəkətlərə yol vermişdi. Bu cür halları təkrarlamağı ondan xəbər verir ki, Nadir Qafarzadə deyəsən bu hərəkətləri bilməməzlikdən deyil, əslində bilərəkdən xalqımızın faciə günlərində etməkdən zövq alır. Türk kimliyinə anlaşılmaz və xoş olmayan münasibəti onun məkirli yanaşmasını dəfələrlə göstərib. Ola bilsin ki, Nadir etnik olaraq türk kimliyini daşımır, amma Türk və Azərbaycan xalqının faciə günlərində kef məclisi qurmaq, şadlanmaq isə dünyada yalnız ermənilərə xas olan xüsusiyyətidir. Ümumiyyətlə, bu adam üçün müqəddəs dəyərlər qalmayıb. Amma cəmiyyət olaraq bu adamlara layiq olduğu yeri göstərməliyik. Yasımıza hörmət etməyən adam, toylarımızda süfrəmizin başında otura bilməzlər. Bu cür adamlar ictimai qınağa tuş gəlməlidirlər ki, öz yerlərini və həddlərini bilsinlər”.
Həsən