İradə Rizazadə, “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri.
Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilməkdədir. Ümumiyyətlə, ölkədəki davamlı tərəqqi ən çox sosial müdafiəyə ehtiyacı olan təbəqənin zəruri tələbatlarını ödəmək üçün yeni imkanlar yaradır. Dövlətimizin başçısı cənab İlham Əliyevin Prezidentlik fəaliyyətində vətəndaşların rifah halının yüksəldilməsi, sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi hər zaman prioritet istiqamət olmuşdur. Bu günlərdə Prezident İlham Əliyevin imzaladığı Sərəncam və Fərmanlar isə bu siyasətin davamlı olduğunun növbəti göstəricisidir.
Qeyd olunan bu sərəncam və fərmanlar onu göstərir ki, 2022-ci ildə də əhalinin rifah halı daha da yüksələcəkdir. Yeni Fərman və Sərəncamlarla müavinət və təqaüd artımı aşağıda qeyd olunan kateqoriyalara aid şəxsləri əhatə edəcəkdir. Bunlar əlilliyi olan şəxslər və I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlər, sağlamlıq imkanları məhdud uşaqlar və onlara qulluq edən şəxslər, yaşa görə müavinət alanlar, ailə başçısını itirməyə görə müavinət alanlar, müddətli hərbi xidmətdə olanların uşaqları, uşaqların qəyyumları, beşdən çox uşağı olan qadınlar, bir yaşadək uşağı olan (ünvanlı sosial yardım alan) aztəminatlı ailələr, övladlığa uşaq götürənlər, işləməyən pensiyaçı elmlər və fəlsəfə doktorları, “Xalq” və “Əməkdar” fəxri adı olanlar, doktorant və tələbələri əhatə edəcəkdir. Artım həmçinin birdəfəlik müavinətləri də əhatə edəcəkdir. Uşağın doğulmasına görə birdəfəlik müavinət və dəfn üçün birdəfəlik müavinət. Bu artımlara illik əlavə 200 milyon manat ayrılmaqla ümumilikdə 732 min şəxsi, o cümlədən 132 min doktorant və tələbəni əhatə edəcəkdir.
Eyni zamanda, ölkədə minimum aylıq əməkhaqqının məbləği 2022-ci il yanvarın 1-dən 300 manat müəyyən edilir. Minimum əməkhaqqı artımı üçün illik əlavə maliyyə xərci 460 milyon manat təşkil edir. Qeyd edək ki, 2018-ci ildə minimum əməkhaqqı 130 manat idi. Beləliklə, hazırkı artım da nəzərə alındıqda minimum əməkhaqqında artım həmin dövrdən bəri 2,3 dəfə yüksəlib. Onu da qeyd edək ki, minimum əməkhaqqı artımı əhalinin gəlirlərində artımı təmin etməklə, əmək bazarındakı proseslərə müsbət təsir edir, xüsusilə işçi qüvvəsinin rəqabət qabiliyyətinin, əmək məhsuldarlığının artmasını, eyni zamanda, əməyin leqallaşdırılmasını stimullaşdırır. Gələn il minimum əməkhaqqı 2022-ci il üçün nəzərdə tutulan yaşayış minimumunu 43 faiz üstələyəcək. Digər tərəfdən, bu artım ölkəmizdə xalis minimum əməkhaqqının xalis orta aylıq əməkhaqqına olan nisbəti göstəricisinin də növbəti dəfə yüksəlməsinə imkan verəcək. Müharibə və digər xüsusi səbəblərlə əlaqədar əlilliyi olanlar da tətbiq olunacaq yeniliklərdən faydalanacaqlar. Bu fonda müharibə əlillərinə olan diqqət və qayğı xüsusi vurğulanmalıdır. Müharibə və digər xüsusi səbəblərlə əlaqədar müavinət və təqaüd alan şəxslərin aldıqları məbləğlər 2019-cu illə müqayisədə dərəcələr üzrə müvafiq olaraq 72%, 81% və 97% çoxdur.
Prezident cənab İlham Əliyevin dekabrın 17-də imzaladığı iki yeni Sərəncam isə təhsil işçilərinin sosial müdafiəsinə diqqət və qayğının növbəti təzahürü oldu. Həmin sərəncamlardan biri “Dövlət ümumitəhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, o cümlədən həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin əməkhaqlarının artırılması haqqında”dır. Belə ki, 2022-ci il yanvarın 1-dən respublikanın dövlət büdcəsindən maliyyələşən dövlət ümumitəhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin aylıq vəzifə maaşları orta hesabla 20 faiz, gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları orta hesabla 40 faiz artırılır.
Ümumilikdə qəbul olunan fərman və sərəncamlar əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması, həssas qruplara dövlət qayğısının artırılması istiqamətində növbəti əhəmiyyətli addımlardır. Əlbəttə ki, dövlətimizin attığı bu addımlar ölkə ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Bütün bunlar, cənab Prezidentin vətəndaşların həssas qrupuna, elm sahəsinə, əhalinin sosial müdafiəyə ehtiyacı olan təbəqəsinə diqqətinin növbəti təzahürü və göstəricisidir. Bu, insanlarımızın rifah halının yaxşılaşdırılmasına, sosial müdafiəsinin gücləndirilməsinə, elm-təhsilin inkişafına öz ciddi töhfəsini verəcəkdir.