İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti sahibkarların vergi qanunvericiliyinin tətbiqi və inzibatçılıqla bağlı qarşılaşdıqları çətinliklərin öyrənilməsi, onların aradan qaldırılması məqsədilə biznes assosiasiyaları ilə görüşləri davam etdirir.
Qurumdan verilən məlumata görə, növbəti belə görüş “Azərbaycan Banklar Assosiyasiyası” (ABA) İctimai Birliyi ilə onlayn formatda keçirilib.
Vergi siyasəti baş idarəsinin təşkilatçılığı ilə keçirilən görüşdə assosiasiyanın vergi qanunvericiliyində dəyişiklik edilməsi məqsədilə verdiyi təkliflər müzakirə edilib.
Tədbirdə maliyyə institutlarının fiziki və hüquqi şəxslərə xidmət göstərən zaman yerli normativ hüquqi aktların, habelə vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan, ölkənin tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə əməl edilməsi məqsədilə təqdim olunması nəzərdə tutulan məlumat formalarının doldurulması və göndərilməsi prosesində yaranan çətinliklər dinlənilib və müvafiq izahatlar verilib.