Azərbaycanın müasir siyasi tarixində elə simalar var ki, onların adı çəkiləndə təkcə bir şəxs deyil, bütöv bir dövr yada düşür. Mübarizə, mövqe, prinsip və bu anlayışlar həmin simaların taleyi ilə birləşir. Onlar zamanın axarında itib-batmır, əksinə, zaman onların üzərindən keçərək iz buraxır. Belə simalardan biri də Siyavuş Mustafadır.
Onun həyatı və fəaliyyəti təkcə fərdi bir bioqrafiya deyil. Bu həyat yolu xalqın azadlıq arzularının, milli iradəsinin və dövlətçilik uğrunda çətin sınaqlardan keçən bir tarixi mərhələnin aynasıdır. Bu, rahatlıqla barışmayan, risklərlə üz-üzə gəlməkdən çəkinməyən bir insanın hekayəsidir.
1966-cı ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qaraxanbəyli kəndində doğulan Siyavuş Mustafa elə ilk gündən adi həyat ritminə sığmayan adamlardan oldu. Azərbaycan Bədən Tərbiyəsi İnstitutunda aldığı təhsil onun xarakterində intizamı, fiziki və mənəvi dözümlülüyü möhkəmləndirdi. Bu dözümlülük sonradan onu həyatın ən sərt sınaqlarında ayaqda saxlayan əsas dayaqlardan birinə çevrildi.
Onu cəmiyyətə tanıdan, ictimai-siyasi müstəvidə önə çıxaran əsas mərhələ isə 1980-ci illərin sonlarında başlanan Milli Azadlıq Hərəkatı oldu. Sovet imperiyasının dağılmaqda olduğu, xalqın meydanlara axışaraq müstəqillik tələb etdiyi bir vaxtda Siyavuş Mustafa tərəddüd etmədən Azərbaycan Xalq Cəbhəsinin sıralarına qoşuldu. O, sadəcə proseslərin müşahidəçisi olmadı fəal iştirakçıya çevrildi və risklərin fərqində olaraq məsuliyyət götürdü. Bu seçim onun taleyini birdəfəlik dəyişdi.
Müstəqilliyin ilk illərində Naxçıvan Muxtar Respublikası Bədən Tərbiyəsi və İdman Komitəsinin sədri vəzifəsində çalışması onun idarəçilik bacarığını üzə çıxardı. 1992-ci ildə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin edilməsi isə ölkə daxilində ciddi rezonans doğurdu. Bu təyinatın Naxçıvan Ali Məclisi tərəfindən təsdiqlənməməsi, ardınca yaşanan gərginliklər və qarşıdurmalar Azərbaycan siyasi tarixinin ən mürəkkəb və ziddiyyətli səhifələrindən biri kimi yadda qaldı.
Bu hadisələr bu gün də müxtəlif prizmalardan şərh olunur. Amma dəyişməyən bir həqiqət var: Siyavuş Mustafa həmin proseslərin mərkəzində qorxmadan, tərəddüd etmədən, öz milli-siyasi mövqeyinə sadiq qalaraq dayanmışdı. O, kompromis axtarmadı, mövqeyini situasiyaya uyğun dəyişmədi. Bu mövqe ona həm tərəfdar, həm də düşmən qazandırdı. Amma o, yolundan dönmədi.
1993-cü ildə prezident Əbülfəz Elçibəyin sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının daxili işlər nazirinin müavini təyin olunması ona olan siyasi etimadın göstəricisi idi. Lakin AXC hakimiyyətinin devrilməsindən sonra baş verən proseslər Siyavuş Mustafanı yenidən ağır sınaq qarşısında qoydu. O, həbs olundu, azadlıqdan məhrum edildi. Bu, onun həyatında ən çətin, amma ən səssiz mübarizə dövrü idi.
Bir çoxları üçün belə məqamlar sükut və geri çəkilmə ilə nəticələnir. Amma Siyavuş Mustafanın həyatında bu mərhələ ruhən sınmama, daxildən möhkəmlənmə dövrü oldu. Azadlıqdan məhrum olsa da, mövqeyindən məhrum olmadı.
2001-ci ildə əfv edilərək azadlığa çıxması ilə onun həyatı yeni mərhələyə qədəm qoydu. Lakin bu mərhələ də kənardan seyrçi mövqe ilə yadda qalmadı. Siyavuş Mustafa milli məsələlərdə yenə də fəal oldu, Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü kimi diaspor fəaliyyətində iştirak etdi. Onun üçün milli məsələ sərhədlərlə məhdudlaşmırdı, harada azərbaycanlı varsa, orada məsuliyyət hiss edirdi.
2020-ci ilin iyulunda Tovuz döyüşlərindən sonra Bakıda keçirilən orduya dəstək yürüşündə Siyavuş Mustafanın yenidən ön sıralarda görünməsi heç kimi təəccübləndirmədi. İllər keçmişdi, yaş artmışdı, amma mövqe dəyişməmişdi. Bu, bir ömür boyu dəyişməyən prinsipin açıq nümayişi idi.
Dörd övlad atası olan Siyavuş Mustafa üçün ailə ilə milli dəyərlər arasında heç vaxt ziddiyyət olmayıb. Onun həyat yolu göstərir ki, milli adam olmaq yalnız tribunadan şüar səsləndirmək deyil, gündəlik həyatda, ən ağır anlarda belə bu mövqeyə sadiq qalmaqdır. O, rahatlığı yox, məsuliyyəti seçən adamlardandır.
Yazını rəmzi bir tarixlə bitirmək yerinə düşər. Siyavuş Mustafa 60 illik yubileyini qeyd edir. Bu 60 il təkcə bir insan ömrü deyil. Bu, Azərbaycanın müstəqillik mübarizəsinin, milli oyanışının və dövlətçilik yolunda keçdiyi çətin mərhələlərin içindən keçən 60 ildir. Ona möhkəm can sağlığı, sarsılmaz iradə və milli mövqeyinə sadiq qaldığı uzun bir ömür arzulamaq düşər. Çünki belə adamlar yaşadıqca, tarix də diri qalır.
Müəllif: Samir Əsədli







Boyukmillet.com Biz yanmasaq vətən yanar
