Mayın 14-dən etibarən Yunanıstan qapılarını turizmə açıq elan edib.
Boyukmillet.com xarici KİV-lərə istinadən bildirir ki, bu barədə ölkənin turizm naziri Haris Zeoharis bəyan edib. Nazir bu il turizm mövsümünün ötən ilə nisbətən daha səmərəli olacağına inandığını deyib. O, həmçinin görülən tədbirlərlə paralel davam edən vaksinasiya prosesinin yayın ortalarına qədər tamamlanacağını vurğulayıb.
Yunanıstanda “Pfizer-Biontec”, “Moderna”, “AstraZeneca” və “Johnson &Johnson” vaksinlərindən istifadə olunur. Bu günə qədər ölkədə 3 milyon doza tətbiq edilib. İyun ayından etibarən 20 yaşdan yuxarı vətəndaşlar vaksin olunmağa başlayacaq.
Qeyd edək ki, Yunanıstan turizm ölkəsi kimi tanınır. Ölkənin hər beş işçisindən biri turizm sektorundadır. Buna görə də Yunanıstan pandemiyanın bitməsini gözləmədən turizm sektorunu açmaq qərarını verib.
Yunanistan hökuməti bu il turizm mövsümünü açmazdan əvvəl ən çox turist cəlb edən böyük və kiçik adaların bütün əhalisinin vaksin olunmasına xüsusi diqqət göstərib. Məlumata görə əhalisi 10 mindən az olan ada sakinlərinin tam vaksin olunması may ayının sonuna qədər, əhalisi 10 mindən çox olan daha böyük adalarda isə iyun ayının sonunda başa çatmalıdır.
Turizm sektorunun rəsmi açılışı ilə artıq ötən gündən etibarən alman turistlər yunan adalarına gəlməyə başlayıb.
Yunanıstan təkcə sərhədlərini açmaqla kifayətlənməyib, həm də ötən ilin noyabr ayından etibarən ölkədə tətbiq edilən sərt məhdudiyyətləri tədricən aradan qaldırmağa başlayıb. Belə ki, ötən gündən etibarən küçəyə çıxmaq üçün tələb edilən SMS icazə ləğv edilib, restoran və kafelərə yalnız açıq havada və məsafə gözləməklə fəaliyyətinə icazə verilib. Çimərliklərdə isə 4 metrlik məsafənin gözlənilməsi tələb olunur.
Gələn həftədən etibarən ölkədəki muzeylərin, açıq hava kinoteatrlarının və idman salonlarının da açılacağı gözlənilir.