8 Noyabr — Zəfər Günü. Bu tarix artıq Azərbaycan dövlətinin və xalqının müasir tarixində dönüş nöqtəsinə çevrilib. Qarabağda 30 il davam edən ədalətsizlik, torpaq itkisi və işğal ağrısı 2020-ci ilin payızında, 44 günlük Vətən müharibəsinin nəticəsində sona çatdı. Azərbaycan Ordusunun parlaq qələbəsi təkcə hərbi-siyasi reallığı dəyişmədi, həm də dövlətin milli, iqtisadi və mənəvi sütunlarını möhkəmləndirdi.
Bu Azərbaycan xalqının milli qeyrət məsələsi, ədalətin bərpası və tarixi borcun ödənilməsi idi. Qarabağ münaqişəsi uzun illər ərzində Azərbaycan xalqının qəlbində sağalmayan bir yara kimi qalırdı. İllərlə beynəlxalq hüquq Azərbaycanın tərəfində olsa da, real ədalət bərpa olunmurdu. 2020-ci ilin Zəfəri bu ədalətsizliyə konkret son qoydu. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməklə, BMT-nin illərlə kağız üzərində qalan qətnamələrini faktiki olaraq yerinə yetirdi. Bu, həm də milli ləyaqətin, xalq iradəsinin və dövlət gücünün təntənəsi idi.
Bu qələbə yeni geosiyasi reallıqlar baxımından da çox mühüm əhəmiyyət kəsb edir. 44 günlük müharibədən sonra Cənubi Qafqazda yeni reallıqlar formalaşdı. Azərbaycan bölgədə artıq prosesləri izləyən deyil, istiqamətləndirən gücə çevrildi. Dövlətin qarabağ probleminin həlli sahəsindəki uzaqgörən siyasəti nəticəsində Azərbaycan regional lider statusunu möhkəmləndirdi. İndi Azərbaycan həm hərbi, həm siyasi, həm də diplomatik gücü ilə regionda söz sahibidir.
Postmüharibə dövründə aparılan sülh təşəbbüsləri, yenidənqurma və kommunikasiyaların açılması istiqamətində atılan addımlar göstərir ki, Zəfər yalnız hərbi deyil, həm də siyasi üstünlük qazandırıb.
Bu Zəfər həm də ölkəmizdə « Ordu quruculuğu »nun parlaq nəticəsidir. Azərbaycan müasir, çevik, texnoloji və milli ruhla yoğrulmuş bir ordu qurdu. Bu ordu döyüş meydanında yalnız gücünü deyil, strateji düşüncə tərzini də nümayiş etdirdi.
Dövlət və xalq birliyinin təzahürü kimi, orduya olan dəstək, cəmiyyətin bir nəfər kimi ayağa qalxması bu qələbənin ən böyük mənəvi dayağı oldu. Hər bir Azərbaycan vətəndaşı bu zəfərdə öz payını hiss etdi — cəbhədə, arxada, ürəyində.
Eyni zamanda Bu Zəfər iqtisadi dirçəliş və inkişaf perspektivləri baxımından da çox önəmli bir addım oldu. Müharibənin bitməsi ilə Azərbaycan qarşısında yeni bir mərhələ « bərpa və yenidənqurma dövrü » açıldı. Qarabağ və Şərqi Zəngəzur regionları bu gün “Böyük Qayıdış” proqramı çərçivəsində abadlaşır.
Ağıllı kənd və şəhər konsepsiyası, yaşıl enerji layihələri, Zəngəzur dəhlizi kimi strateji təşəbbüslər Azərbaycanın iqtisadi gələcəyini yenidən formalaşdırır. Bu layihələr təkcə regionun deyil, ümumilikdə ölkənin iqtisadi xəritəsini dəyişdirəcək, Azərbaycanın logistika və enerji mərkəzi kimi rolunu daha da gücləndirəcək.
Bu Zəfər Azərbaycan xalqının öz Milli kimliyinin və mənəvi birliyinin bərpası baxımından da çox önəmlidir. Qələbə xalqın özünə inamını qaytardı.
İllərlə işğal ağrısı ilə yaşayan nəsil bu dəfə qürur və iftixar hissi ilə Zəfər nəsli adlanır. Şəhidlərin qanı ilə yazılan bu tarix, xalqın birliyini daha da möhkəmləndirdi. Zəfər Bayramı indi hər bir azərbaycanlının qəlbində milli kimliyin, vətən sevgisinin və dövlətə sədaqətin ən parlaq rəmzidir.
Nəticə olaraq, Zəfər Bayramı Azərbaycan üçün təkcə keçmişin qələbəsi deyil, həm də gələcəyin yol xəritəsidir. Qarabağ münaqişəsinin birdəfəlik həlli Azərbaycan dövlətinə güclənmiş siyasi mövqe, beynəlxalq nüfuz, yeni iqtisadi imkanlar və milli birliyin daha da bərkiməsini qazandırdı.
Bu gün Qarabağda dalğalanan üçrəngli bayraq təkcə torpaqların azadlığını deyil, həm də xalqın iradəsinin sarsılmazlığını simvolizə edir. Zəfər Bayramı isə bu iradənin hər il yenidən xatırladıldığı, qürurla qeyd olunduğu milli bir and yeridir. Bu Zəfər Azərbaycanın gələcəyə inamının, dövlətinin möhkəmliyinin və xalqının birliyinin təntənəsidir.

Əziz xalqım Zəfər Bayramımız mübarək !
Boyukmillet.com portalının
Avropa təmsilçisi
Xəyal Mustafayev


Boyukmillet.com Biz yanmasaq vətən yanar
