Cümə , 22 Noyabr 2024
Drone Cameras

Zəfərimiz azərbaycançılığımızdır

Vətən müharibəsində qazandığımız Zəfər azərbaycançılıq ideologiyasının təntənəsidir

Müstəqilliyinin bərpasının 30 illiyini qeyd edən Azərbaycan zəngin dövlətçilik tarixinə malikdir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə davamlı nailiyyətlər qazanan Azərbaycan Respublikası məhz Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu milli ideologiya və strategiya əsasında inkişaf edir. Heç şübhəsiz ki, bu inkişafda azərbaycançılıq məfkurəsinin xüsusi payı var.

“Azərbaycanda azərbaycançılıq ideyasının tarixi, əslində Azərbaycan xalqının bir etnovahid, etnik subyekt olaraq tarix səhnəsinə qədəm qoymasından başlayır. Başqa sözlə, xalq özünün etnik varlığını, etnik dəyərlərini, etnik mövcudluğunu formalaşdıra-formalaşdıra yaşayır və bu varlığı, bu dəyərləri, bu mövcudluğu dərk edəndə onu qorumağa qalxır. Bu qoruma əvvəl etnosun öz daxilində gedir, etnosdaxili həyat və davranış qaydaları müəyyənləşir, sonra qohum və qonşu etnosların konsalidasiyası nəticəsində etnoslararası birgəyaşayış normaları meydana çıxır və hamı bu normalara əməl edir”.

Bu fikirləri Milli Məclisin deputatı Əziz Ələkbərli qəzetimizə açıqlamasında deyib. Onun sözlərinə görə, vahid coğrafiyada yaşayan insanların həyatın bütün sahələri üzrə vahid maraqları meydana çıxır. Vahid maraqlar ən çox xarici hücumlar zamanı təhdid altında qalır və bu hücumlar hər kəsi silaha sarılmağa, düşmənə qarşı çiyin-çiyinə vuruşmağa məcbur edir. Bu vaxt vahid ərazi anlamında Vətən anlayışı meydana gəlir. Azərbaycan coğrafiyasında azərbaycançılıq ideyasının bünövrəsi belə qoyulub.

Milli Məclisin üzvü deyib ki, azərbaycançılıq ideologiyasının fəlsəfi təlim kimi sistemə salınması və müstəqil Azərbaycan dövlətçiliyinə tətbiqi birbaşa Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır və onun tarixi xidmətidir: “Heydər Əliyev azərbaycançılıq ideyasını dövlət ideologiyası kimi formalaşdırarkən Azərbaycan xalqının çoxəsrlik milli-mənəvi dəyərlərinin qorunmasına, gələcək inkişafının təminatı üçün zəmin yaradılmasına xüsusi diqqət yetirirdi. Ulu Öndər 2001-ci il noyabrın 9-da Dünya Azərbaycanlılarının birinci qurultayındakı çıxışında azərbaycançılığın dövlətimizin əsas ideologiyası olduğunu qəti şəkildə elan etdi: “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı – Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”.

Əziz Ələkbərli vurğulayıb ki, Ulu Öndərin azərbaycançılıq təliminə görə, azərbaycançılıq – “Azərbaycançı olmaq” deməkdir, yəni dinindən, dilindən, milliyyətindən, sosial vəziyyətindən, cinsindən, yaşından asılı olmayaraq, Azərbaycanda yaşayan hər kəs bu ölkənin maraq və mənafelərini birinci sıraya qoymalıdır.

O da bildirilib ki, Ulu Öndər 1998-ci il dekabrın 24-də Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə xalqa müraciətində bu ideologiyanın hər kəs qarşısında qoyduğu vəzifələri də elan etdi: “Xalqımızın mədəniyyətini, dilini, milli adət-ənənələrini yaşatmaq, inkişaf etdirmək və bütün dünyada təbliğ etmək bizim hər birimizin üzərinə düşən çox məsuliyyətli bir tarixi yükdür”.

“Azərbaycançılıq, həmçinin Azərbaycanda bütün sosial təbəqələr və etnik qruplar arasında vahid və bölünməz vətən, milli birlik və həmrəylik ideyasını təbliğ edir, xalqı bu ideya ətrafında birləşdirir. Lakin azərbaycançılıq ideologiyası təkcə Azərbaycan Respublikası ərazisində yaşayan Azərbaycan türklərinin və Azərbaycanı özünün tarixi vətəni hesab edən müxtəlif azsaylı xalqların milli birlik ideologiyası olaraq qalmır, o, həm də bütün dünya azərbaycanlılarının birlik və həmrəylik ideologiyasıdır”, – deyə millət vəkili söyləyib.

Ümummilli lider Heydər Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü ?ünasibətilə 28 dekabr 1999-cu il tarixli Müraciətində deyildiyi kimi: “Hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir”. Ona görə də Ulu Öndər Heydər Əliyev 28 dekabr 1996-cı il tarixində Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bütün dünya azərbaycanlılarına üz tutaraq elan edirdi ki, “Azərbaycan bütün dünya azərbaycanlılarının tarixi Vətəni, doğma ata-baba ocağıdır”. Bununla da azərbaycançılıq dünya azərbaycanlılarını birləşdirən və onları Azərbaycan naminə vahid məqsəd uğrunda səfərbər edən milli ideologiya kimi irəli sürüldü.

Müsahibimiz qeyd etdi ki, ötən müddət ərzində istər ölkəmizdə yaşayan bütün xalqların vahid yumruq kimi birləşməsində, istərsə də xaricdə məskunlaşmış soydaşlarımızın Azərbaycanla əlaqələrinin daha da güclənməsində önəmli rol oynayan azərbaycançılıq ideologiyasının hansı dəyərə sahib olduğu 44 günlük Vətən müharibəsi zamanı bir daha təsdiqləndi. Bu müharibədə qazandığımız möhtəşəm Zəfər, eyni zamanda azərbaycançılıq ideologiyasının təntənəsi, Zəfəridir.

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideyasının təbliği: dövlət müstəqilliyimizin bərpasının 30-cu ili – azərbaycançılıq ideologiyası bizi birləşdirən əsas dəyərdir” istiqaməti üzrə hazırlanmışdır

Müşfiqə BAYRAMLI

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …