Son günlər Ermənistan Azərbaycanla dövlət sərhədində aranı qarışdırmaqla məşğuldur. Naxçıvan və Kəlbəcər istiqamətində atəşkəs məhz İkinci Qarabağ savaşından sonra kapitulyasiyanı imzalayan ölkə tərəfindən pozulur. Bu qarşıqlıq dönəmində Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxın işğal olunmuş kəndlərinin həndəvərinə gedir.
Bu arada Ermənistan mətbuatı xəbər yayır ki, Fransa Prezidenti Emanuel Makron regiona səfər edəcək, Ermənistanda olacaq. Həmin erməni mətbuatı onu da yazır ki, dekabr ayında Paşinyanın razılığı ilə Zəngəzur dəhlizi açılacaq.
Bəs hadisələrin dumanlı və düyünlü məcrada inkişafı nələrdən xəbər verir? Ermənistanın kövrək atəşkəsi pozması nələrin xəbərçisi ola bilər?
Elə bu sualları politoloq, keçmiş xarici işlər naziri Tofiq Zülfüqarova ünvanladıq.
Tofiq Zülfüqarov Publika.az-a bildirib ki, ermənilərin atəşkəsi pozmasının iki səbəbi var.
Keçmiş nazirin müsahibəsini təqdim edirik:
– Son günlər Ermənistan Azərbaycanla sərhəddə atəşkəsi süni şəkildə pozaraq gərginlik yaratmağa çalışır. İrəvan bununla nəyə nail olmaq istəyir?
– Əslində sərhəddə Ermənistanın atəşkəsi pozmasının bir neçə səbəbi ola bilər. Bizə məlumdur ki, Ermənistan cəmiyyəti, eləcə də bu ölkənin Müdafiə Nazirliyi müxtəlif düşərgələrə bölünüblər. Ola bilsin ki, Nikol Paşinyana qarşı çıxan hansısa hərbçilər sərhəddə təxribatlar törətmək niyyətindədirlər. İkinci səbəb bəlkə də ondan ibarətdir ki, Ermənistan sərhədlə bağlı məsələləri başa düşməyə başlayıb. Əslinə qalsa, qoşunların üz-üzə dayandığı yer sərhəd deyil, təmas xəttidir. Çünki Ermənistan faktiki olaraq sülh sazişini imzalamaqdan imtina edib. Sülh sazişinin əsas mahiyyəti Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan ibarət idi. Amma İrəvan bundan imtina edir. Bu vəziyyətdə ermənilər başa düşürlər ki, onların sərhədi təhlükə altındadır. İrəvandda yaxşı başa düşürlər ki, onların bu sərhədləri müdafiə etmək imkanları yoxdur. Əvvəllər Rusiyaya ümid bəsləyirdilər.
– Hazırda ermənilərin Rusiya ilə bağlı həmin ümidlərini puça çıxaran amillər hansılardır?
– 44 günlük müharibədən sonra Rusiyaya bəslənən ümidlər də yüksək səviyyədə deyil. Onlar ehtimal edirlər ki, ruslar erməniləri ehtimal etdikləri səviyyədə müdafiə etməyəcəklər. Bəlkə də əksinə, ermənilərin dediyi kimi, ruslar Azərbaycanın tərəfini tutacaqlar. Bu baxımdan ermənilərə hansısa beynəlxalq təminat lazımdır. İrəvan beynəlxalq təminatı Ermənistan-Fransa münasibətləri səviyyəsində təsəvvür edir. Onlar yaxşı başa düşürlər ki, Fransa nisbi olaraq hansısa müşahidəçiləri, müxtəlif adlarla müəyyən element qruplarını Ermənistan tərəfinə yerləşdirə bilər. Buna görə də ermənilər ümidlidir ki, Fransa onların təhlükəsizliyinə imkan yaradacaq. Bununla da Ermənistan əvvəl olduğu kimi yenə də Azərbaycana qarşı ərazi iddialarını davam etdirmək niyyətindədirlər.
– Hansı iddiaları nəzərdə tutursunuz?
– Söhbət post-müharibə şəraitindəki iddiaların davam etdirilməsindən gedir. Ermənistanın baş naziri Nikol Paşinyan özü də ifadə etdi ki, onlar müxtəlif sülh yolları “arsax”ın inkişafı üçün mübarizə apacaqlar. Paşinyan bunu deməklə, həmin iddiaların gələcəkdə davam etdirilməsini nəzərdə tutur. Mənim dediklərim strateji elementlərdir. Ermənilər bu “hədəflərinə” nail olmaq üçün müxtəlif taktiki addımlar ata bilərlər. Hesab edirəm ki, baş verənlərin məqsədi də sadaladığım iki istiqamətə aiddir.
– Ermənistan mətbuatının yaydığı məlumatlara görə Fransa prezidenti Makronun bölgəyə – Azərbaycana və Ermənistana səfərləri olacaq. Emanuel Makron Qafqaz səfərində nələri dəyişə bilər ki? Ümumiyyətlə, Fransanın bu regionda nələrisə dəyişmək gücü varmı?
– Bilirsiniz, Fransanın və Ermənistanla bağlı məsələlərdə fəallığının da səbəbləri bəllidir. Gələn il Fransada seçkilər olacaq. Fransada Makron hakimiyyətə gəlməmişdən əvvəl ənənəvi partiyalar mübarizə aparırdı. Sağ və sol mübarizələri üstünlük təşkil edirdi. Makronun hakimiyyətə gəlmək səbəbləri də bəllidir. Makron ənənəvi “hollistlərin”, həm də ona müxalif olan düşərgənin bir hissəsini götürərək hakimiyyətə gəldi. Gələcək seçkilərdə onun siyasi dayaqları zəifdir. Hazırkı Fransa prezidenti də ermənilərə, fəal etnik icmalara, qruplara söykənən bir seçki kampaniyası həyata keçirmək niyyətindədir. Hazırda ermənilər də ona dəstək verəcək ən önəmli təbəqə kimi görsənir. Fransada ermənilərin sayı da az deyil. Rəsmi olaraq 600 minə yaxın erməni var. Makronun fəallığı, regiona nəzərdə tutulan səfərinin məqsədi də seçkiqabağı siyasi gedişləri ilə bağlıdır. Hazırkı Fransa prezidenti başa düşür ki, seçkilərdə qələbə qazanmaq üçün dəstək imkanları o qədər də geniş deyil. Fransanın siyasi elitası, onun rəqibləri heç vaxt imkan verməz ki, Emanuel Makron öz seçkiqabağı maraqları üçün Ermənistana öz qoşunlarını yeritsin. Hər hansı eqzotik addımlar da ata bilməz (gülür). Bunun da bir həddi, hüdudu var. Amma seçkiqabağı hadisələr fonunda Makronun Ermənistana nəzərdə tutulan səfəri, hansısa kömək, hərbi əməkdaşlıq məsələlərində vədlər verməsi, Ermənistan sərhədinə müşahidəçilər göndərmək, fransızların orada vasitəçilik etməklə bağlı fikirlərin irəli sürülməsi elə vədlərdən başqa bir şey deyil.
– Niyə?
– Bunun üçün ilk növbədə Azərbaycanın razılığı lazımdır. Azərbaycan da heç vaxt buna razılıq verməyəcək. İkinci yol isə görkəm xatirinə Ermənistan hansısa fransız müşahidəçiləri sərhədə yerləşdirmək istəyir. Təxminən 20-25 nəfərlik bir heyəti oraya yerləşdirmək istəyirlər. Onların da böyük missiyası olmayacaq. Ara-sıra baş verənlərlə bağlı müəyyən instansiyalara məlumatlar ötürəcəklər. Ermənistan indiki durumda heç olmasa, buna nail olmaq istəyir.
– Ermənistan mediası iddia edir ki, dekabrın ortalarında Zəngəzur dəhlizi açılacaq. Ümumiyyətlə, hazırkı hadisələr fonunda dəhlizin bu tezliklə açılması gözləniləndirmi?
– Biz görürük ki, Zəngəzur dəhlizinin açılması məsələsində ilk növbədə israrlı tərəf Azərbaycandır. Bu da təbiidir. Eyni zamanda, Rusiya da bu məsələdə maraqlarını gizlətmir. Bunu açıq şəkildə görmək lazımdır. Çünki Moskvanın da bu dəhlizin açılmasında müxtəlif maraqları var. İndi İran da bu məsələyə aktiv şəkildə qoşula bilər. Buna baxmayaraq, Qərb ölkələri istəməz ki, İran həmin dəhlizdə ürəyi istədiyi kimi yerləşsin. Uzun müddətdir ki, sərhəddə ruslarla əməkdaşlıq edir. Qərb ölkələri orada təzə oyunçular, yeni simalar görmək istəməzlər. Təbii ki, İran da Zəngəzur dəhlizindən böyük faydalar götürə bilər. Ona görə ki, sovetlər dönəmində SSRİ-İran dəmir yolu şəbəkəsi vardı və o Culfada birləşirdi. Bu baxımdan Zəngəzur dəhlizinin yenidən istifadəyə açılması İrana imkan verəcək ki, həm Rusiya, həm də Azərbaycanla birbaşa dəmir yolu bağlantısı əldə eləsinlər. Bu da Tehran üçün çox vacib məsələdir.
– Bəs İrəvan Tehran və Moskvanın dəhliz təzyiqlərinə sona qədər davam gətirə biləcəkmi?
– Ona görə də Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı bu dövlətlərin təzyiqlərinə uzun müddət dözəcəyinə inanmıram. Amma biz də başa düşməliyik ki, Zəngəzur dəhlizinin açılmasına müxalif mövqedə duran bəzi Qərb ölkələridir. Çünki onlar İran üçün hansısa tranzit imkanlarının yaranmasını istəməzlər. Bu məsələdə biz müxtəlif qüvvə və maraqların toqquşmasını istisna etmirik.