Son vaxtlar adı müxtəlif qalmaqallarda hallanan Sumqayıtın icra başçısı Zakir Fərəcovla bağlı Azinforum.az-a daha bir maraqlı məlumat daxil olub. İcra başçılarına qarşı açılan korrupsiya dosyeləri ilə bağlı gedən proseslərdən ciddi əndişələnən Zakir Fərəcov ehtiyat tədbirlərinə əl atıb. Xüsusilə də Prokurorluğun Abşeron İcra Hakimiyyətində keçirdiyi əməliyyat və nəticədə rayonda yığılan rüşvət əməliyyatlarının “qara kassası” kimi tanınan Baş memar Akif Əliyevin həbsindən sonra Fərəcovun daha narahat göründüyü bildirilir. Çünki iddialara görə, Zakir Fərəcov hələ də keçmiş iş yeri olan Abşeron İcra Hakimiyyətilə bağlı bir çox sahələrə kurasiyalığı həyata keçirməkdədir. Hazırda Zakir Fərəcovun üzləşdiyi ən ciddi qalmaqal Sumqayıtın abadlaşmasında görülən işləri həyata keçirən iş adamları ilə bağlıdır. Sayı onlarla olan iş adamları media vasitəsilə ölkə rəhbərliyinə ünvanladıqları şikayətlərdə bildirirlər ki, hələ də Sumqayıtın abadlaşması üçün görükləri işlərin pulunu Fərəcovdan ala bilmirlər. Narazı sahibkarların Azinforum.az-a verdikləri məlumata görə, Zakir Fərəcov həmin şikayətçilərlə dil tapmağı hazırda Şumqayıt Şəhər Kommunal Təsərrüfat Birliyinin rəisi olan bacıoğlusu Məcidov Hüseyn Valeh oğluna həvalə edib:
“Zakir Fərəcov hara gedirsə, bacıoğlusunu özü ilə yanına aparır. Abşeronda işləyəndə həmin bu bicoğlu oradakı MİS-lərdən birinə rəhbərlik edirdi. Dəfələrlə bizimlə görüşüb vəd versə də, dayısının borcunu ödəməkdən yayınır. Biz anlamırıq, bizə olan borcu niyə Fərəcov yox, Hüseyn ödəməlidir? Çox xahiş edirik, bizim düşdüyümüz acınacaqlı durumu ölkə rəhbərliyinə çatdırasınız”.
Səslənən ittihamlarla bağlı Zakir Fərəcov və Hüseyn Məcidovun mövqeyni öyrənmək cəhdimiz alınmadı. Onları da dinləməyə hazırıq.
Çinarə SEYİDOVA,