Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Zakir Həsənov: “Anlayırdıq ki, Ermənistan vəziyyəti gərginləşdirmək məqsədilə hərbi təxribatlar planlaşdırır”

“Bir faktı xüsusi vurğulamalıyam ki, Azərbaycan Ordusunun ən müasir, yeni nəsil silahlarla təchiz olunması, hərbi təlimlərdə məşq etdirilən xüsusi döyüş tapşırıqları Müdafiə Nazirliyi tərəfindən tam həcmdə açıqlanmırdı. Çünki müharibə vəziyyətində olan ölkənin hərbi potensialı məxfi saxlanılmalıdır”.

“Report” xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov rəsmi mətbuata müsahibəsində bildirib.

“Lakin düşmən Azərbaycan Ordusunun güclü olduğunu çox yaxşı bilir və hərbi potensialımızda baş verən müsbət dəyişiklikləri diqqətlə izləyirdi. Ermənistanın xüsusi xidmət və hərbi kəşfiyyat orqanlarının bu məsələdə nə qədər həssas olduğunu bilirdik. Eyni zamanda anlayırdıq ki, Ermənistan vəziyyəti gərginləşdirmək məqsədilə hərbi təxribatlar planlaşdırır. Belə bir cəhd 2016-cı ilin 2-5 aprel tarixlərində baş verdi. Erməni silahlı birləşmələri bütün cəbhəboyu mövqelərimizi, yaşayış məntəqələrimizi, mülki infrastrukturu və dinc əhalini iriçaplı silahlardan və artilleriya qurğularından intensiv atəşə tutdu. Ordumuzun həyata keçirdiyi cavab tədbirləri, endirdiyi dəqiq zərbələr nəticəsində düşmən canlı qüvvə və döyüş texnikası sarıdan böyük itkilərə məruz qaldı və Ermənistanın törətdiyi təxribat onun özünün sarsıdıcı məğlubiyyəti ilə nəticələndi”, – Azərbaycanın müdafiə naziri qeyd edib.

Müdafiə naziri bildirib ki, əməliyyatların başladığı ilk dəqiqələrdən etibarən hərbi vəziyyəti və döyüşlərin idarə edilməsini Ali Baş Komandan birbaşa olaraq öz üzərinə götürüb: “Prezident həmin gecə Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammitindən qayıtdı. Aprelin 2-də Təhlükəsizlik Şurasının iclasını çağıraraq konkret əmr və göstərişlər verdi. Cənab Prezidentin rəhbərliyi ilə ordumuz qısa müddətdə Ermənistan silahlı bölmələrinə qarşı sarsıdıcı cavab tədbirləri həyata keçirdi, bütün istiqamətlərdən əks-hücuma keçərək düşmən mövqelərinə ağır zərbələr endirdi.

Cəbhənin Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində yerləşən birliklər, artilleriya bölmələri və digər qoşun növlərinin əlaqəli fəaliyyəti nəticəsində qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə əməliyyatı zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti yarıldı, strateji əhəmiyyətə malik yüksəkliklər, ümumilikdə isə 2 000 hektardan çox ərazi düşməndən azad olundu. Geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi də azad edilərək bölmələrimizin nəzarətinə keçdi. Döyüşlərdə düşmənə məxsus tanklar, artilleriya və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edildi, 300-dən çox hərbi qulluqçusu öldürüldü və 500-dən artıq hərbçisi yaralandı. Aprelin 5-də vasitəçi dövlətlərin, beynəlxalq qurumların müraciətlərini nəzərə alan Azərbaycan rəhbərliyi atəşkəsə razılaşdı və Azərbaycan Ordusu düşmənə qarşı əks-həmlə əməliyyatını dayandırdı, azad edilmiş torpaqlarda möhkəmləndirmə işlərinə başladı.

Aprel döyüşləri Ali Baş Komandan İlham Əliyevin yeni mərhələdə həyata keçirdiyi hərbi islahatların və ordu quruculuğunun ilk təntənəsi idi. Bu əməliyyatlar Azərbaycan Ordusunun gücünü bütün dünyaya, o cümlədən Ermənistana bir daha nümayiş etdirdi”.

2018-ci ilin aprelində Ermənistanda yeni qüvvələrin hakimiyyətə gəlməsi, təəssüf ki, onları ənənəvi təxribat cəhdlərindən çəkindirmədi: “Həmin ilin may ayında Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən növbəti təxribata əl ataraq vəziyyəti gərginləşdirməyə cəhd göstərdi. 2018-ci il mayın 20-dən 27-nə qədər bu istiqamətdə keçirilən Günnüt əməliyyatı zamanı Şərur rayonunun Günnüt kəndi, Ağbulaq, Qızılqaya və Qaraqaya yüksəklikləri, ümumilikdə 11 min hektardan artıq ərazi azad olundu. Dərələyəz mahalının Arpa kəndi, dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi. 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyinin azad edilməsi nəticəsində isə böyük strateji əhəmiyyətə malik İrəvan-Keşişkənd-Gorus-Laçın-Xankəndi avtomobil yolu, yəni Böyük Zəfərədək işğal altında olan Qarabağ ərazisi ilə Ermənistanın cənubunu birləşdirən əsas magistral xəttin mühüm hissəsi nəzarətimiz altına keçdi. Beləliklə, Ermənistanın növbəti təxribatı yenə də onun məğlubiyyəti ilə nəticələndi”.

Check Also

Prezidentlə oğlu Ağdamın Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev sentyabrın 19-da Ağdam rayonunun Eyvazxanbəyli kəndinin …