Qarabağ bölgəsində Azərbaycan ordusunun strateji əhəmiyyətə malik yüksəklikləri və bununla yanaşı yaşayış məntəqələrini nəzarətə götürməsi bir daha rəsmi Bakının qəti mövqeyini nümayiş etdirdi. Azərbaycan üçün ərazi bütövlüyünə, suverenlyinə təhdid yaradacaq, Qarabağ bölgəsində sepratizmi dəstəkləyəcək hər hansı status, təşəbbüslər, fəaliyyətlər, danşıqlar, yanaşma, mövqe qəbuledilməzdir. Azərbaycanın bu mövqeyi sözdə deyil, əməldə, praktikada ifadə olunur. Azərbaycan bu mövqeyi təmin etmək üçün bütün mümkün vasitələrdən istifadə etməyə qadirdir, bu yanaşmadan irəli gələn hərbi vəzifələrin də yerinə yetirilməsi üçün potensiala malikdir. Bu yanaşmanın həyata keçirilməsi üçün Azərbaycan siyasi rəhbərliyinin və Azərbaycan xalqının, cəmiyyətinin qəti iradəsi var. Fərrux yüksəkliyinin nəzarətə götürülməsi və Azərbaycan Müdafiə Nazirliyinin açıqlamaları məhz bu baxımdan dəyərləndirilməlidir.
Azərbaycan bütün tərəfdaşlara və Ermənistana postmüharibə dövründə danışqların yeganə məqbul çərçivəsini təqdim edir və bu mövqeyi qorumaq qətiyyətini göstərir. Bu mövqeyin alternativi müharibədir. Regiondakı və dünyada baş verən proseslərin təhlili deməyə əsas verir ki, müharibə variantı regiondakı əsas oyunçular üçün məqbul deyil, Ermənistan müharibə aparmaq imkanında deyil, Azərbaycanın mövqeyi imkan verir ki, mümkün riskləri neytrallaşdırmaq və yaxud yumşaltmaq mümkün olsun. İlk növbədə Türkiyə amilini qeyd etməliyik, Azərbaycana qarşı hərbi təxribat və hücumlar Ankara tərəfindən “qırmızı xəttin” keçilməsi kimi qiymətləndiriləcək və zəruri cavab tədbirləri dərhal görüləcək. İndiki vəziyyətdə Azərbaycanın təhlükəsizliyi elə Türkiyənin təhlükəsizliyi deməkdir. Ölkəmizə qarşı sanksiya ehtimalı da yüksək deyil, ona görə ki, yaranmış vəziyyət Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə dəstəyini zəruri edir.
Eyni zamanda Ukrayna müharibəsindən sonra yeni dünya düzənində coğrafi yerləşməsinə görə Azərbaycanın strateji əhəmiyyəti daha da yüksələcək. Ən başlıcası isə Azərbaycan xalqı və cəmiyyətinin mövqeyidir. Azərbaycan xalqı öz maraqlarını yenidən səngərə girməklə, şəhidlər verməklə, sərvətini fəda etməklə qorumağa hazır olduğunu əməli ilə sübut edib, eyni zamanda hazırda da bu əzmini qorumaqdadır. Azərbaycanın düşmənləri, dostları da bunu yaxşı bilir.
Zaur İbrahimli-politoloq
Check Also
Azərbaycan jurnalistə təzminat ödəyəcək
AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …