Cümə , 21 Fevral 2025
Drone Cameras

Zelenski yanıldı: “Ukrayna vaxtında Türkiyənin vasitəçiliyini qəbul etməli idi”

BMT Baş katibinin sözçüsü Stefan Dujarrik deyib ki, müharibənin atəşkəslə nəticələnməsi istiqamətində gedən danışıqlarda Ukrayna da iştirak etməlidir. Son zamanlar rəsmi Kiyevin də narahatlığı elə bunula bağlıdır. Belə ki, bir çoxunun iddiasına görə, yalnız Rusiya və ABŞ arasında razılıq əldə olunandan sonra Ukrayna “masaya dəvət olunacaq”. Onda da yalnız sənədə qol çəkmək üçün…

Boyukmillet.com xəbər verir ki, ehtimal barədə mediaya danışan hərbi ekspert Emin Həsənli qeyd edib ki, dünya siyasətində ABŞ-nin rolu Ukrayna müharibəsində də açıq şəkildə özünü göstərir. “NATO-nun lider dövləti olan ABŞ Ukraynaya maliyyə və hərbi yardımlar göstərməkdə davam edir. Bunun fonunda Ukraynanın hərbi hazırlığının uzun illər öncədən başladığı vurğulanır. 2004-cü ildən etibarən ABŞ-nin Ukraynanın müdafiə qabiliyyətini gücləndirdiyi və bu ölkəni müharibəyə hazırladığı iddia olunur. Müharibə başlayandan bəri dəstəklərin “müdafiə silahları” adı altında verildiyi bildirilsə də, burada ABŞ-nin öz maraqlarını əsas götürdüyü şübhə doğurmur”.

E.Həsənli fikrincə, son zamanlar Rusiya ilə bağlı beynəlxalq məhkəmə qərarları olsa da, ABŞ və Qərb dövlətlərinin gözlənilmədən danışıqlara razılaşması diqqət çəkir: “Halbuki, əvvəlcə Rusiya rəhbərliyi qatil adlandırılır, beynəlxalq hüquq qarşısında məsuliyyətə cəlb olunacağı bildirilirdi. Dövlətlərin maraqlarının hər şeydən üstün tutulduğu beynəlxalq siyasətdə iqtisadi və təhlükəsizlik amilləri əsas rol oynayır. Demokratiya və insan haqları məsələləri isə yalnız sonrakı planlarda yer alır. Bunun bir nümunəsi də Qarabağ məsələsində müşahidə olunub. Azərbaycan 30 ildən çox müddət ərzində münaqişənin beynəlxalq hüquq çərçivəsində həllini gözlədi, lakin bu müddətdə məcburi köçkünlər və mina təhlükəsi kimi problemlərlə üzləşdi. Ukraynanın taleyi də böyük ölçüdə ABŞ-nin qərarlarından asılıdır. Son vaxtlar Britaniya, Fransa, Almaniya və İtaliya xarici işlər nazirlərinin görüşü Ukraynaya dəstəyin davam edəcəyini göstərsə də, əsas söz sahibi yenə də Vaşinqtondur”. 

Müsahibimiz bildirib ki,  Ukrayna vaxtında Türkiyənin vasitəçiliyini qəbul etsə idi, daha yaxşı olardı: “Amma Zelenski ABŞ və Britaniyaya ümidləndi. Elə bildi ki, Rusiyaya qarşı sanksiyalar gücləndiriləcək. O, yanıldı”. 

Check Also

Azərbaycan səfiri etimadnaməsinin surətini İndoneziyanın Dövlət Protokolu rəhbərinə təqdim edib

Azərbaycanın İndoneziyadakı səfiri Ramil Rzayev etimadnaməsinin surətini bu ölkənin Protokol və Konsulluq Məsələləri üzrə Baş …