Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ukraynalı həmkarı Volodimir Zelenski arasında telefon danışığı olub.
Boyukmillet.com xəbər verir ki, bu barədə Ukraynanın dövlət başçısı tviterdə məlumat verib.
“Rusiyanın son təxribatçı qərarları ilə bağlı Ukraynanın mövqeyini dəstəklədiyinə görə Rəcəb Tayyib Ərdoğana təşəkkür etdim. Həmçinin Almaniya, Ukrayna və Türkiyənin iştirakı ilə BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin sammitinin keçirilməsi təşəbbüsünə verdiyi dəstəyə görə minnətdarlığımı bildirdim”, – Ukrayna lideri qeyd edib.
Qeyd edək ki, rəsmi Ankara Ukraynada yaradılan qondarma respublikaların Rusiya tərəfindən tanınmasını pisləyib.
Xatırladaq ki, 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.
Qərb ölkələri, o cümlədən Türkiyə və Gürcüstan Rusiyanın bu addımını pisləyib və bunun beynəlxalq hüquqa zidd olduğunu açıqlayıblar.
Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yardımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.