Mingəçevirdə 45 yaşlı Natella Çıraqovanın oğlu 2003-cü il təvəllüdlü Rəşad Çıraqov tərəfindən xüsusi amansızlıqla qətlə yetirilməsinin təfərrüatı məlum olub. Rəşad anasına 57 bıçaq zərbəsi vurubmuş.
Boyukmillet.com Musavat.com saytına istinadən xəbər verir ki, Rəşad qətli namus üstündə törətdiyini deyib. O, atası ilə anası ayrıldıqdan sonra anası ilə yaşayıb.
Onun sözlərinə görə anasının başqa şəxslə münasibəti olduğundan şübhələnib. Bir neçə dəfə anasından telefon istəyib. Lakin anası telefonu ona verməkdən imtina edib. Bir neçə gün sonra Rəşad anasının telefonda adı “Nunu” olaraq qeyd edilmiş şəxslə sevgi mesajlaşmalarını görüb. Rəşad bunu adına ləkə kimi qəbul edib və anasını öldürmək qərarına gəlib. Pivə içdikdən sonra evə gələn Rəşad anasına mətbəx bıçağı ilə zərbələr endirib. Əlindəki bıçağın qırıldığını görən Rəşad mətbəxdən daha bir bıçaq götürüb və anasına zərbələr endirməyə davam edib.
Müəyyən edilib ki, Rəşad ümumilikdə anasına 57 zərbə endirib. Hadisə zamanı qonşular səs-küyü eşidiblər. Lakin qapını döysələr də açan olmayıb.
Rəşad ifadəsində deyib ki, anasının başqa şəxslə danışdığından şübhələnərək gecə saat 4-də onun telefonunu götürərək mesajları oxuyub.
“Anamdan səbəbini soruşanda dedi ki, şəxsi işidir. Mən də əsəbiləşdim. Bıçağı götürəndə birinci boğazından vurdum. Müqavimət göstərəndə də vurmağa davam elədim. Anam qışqırırdı. Sonra onun halsız olduğunu görüb polisə getmək üçün evdən çıxdım. Qonşular məni görüb evlərinə qaçdı. Yolda polisləri görüb təslim oldum”,- deyə Rəşad ifadəsinə əlavə edib.
Məhkəmədə mərhum Natella Çıraqova ilə sevgi münasibəti olan şəxs də dindirilib. Məlum olub ki, onlar 2-3 ay əvvəl küçədə tullantı qabları yığan zaman tanış olublar və aralarında sevgi münasibətləri yaranıb. Onun sözlərinə görə yalnız telefonla görüntülü danışıb, bir-birlərinə mesaj yazıblar.
Mərhumun anası hüquqi varis kimi dindirilən zaman qızının nəvəsi ilə daha çox məişət problemlərinə görə mübahisə etdiyini deyib. Bildirib ki, nəvəsi işləmədiyi üçün anası ilə tez-tez mübahisələri olub. O, qızının başqa şəxslə danışdığından xəbərsiz olduğunu deyib və nəvəsini bağışladığını bildirib.
Rəşad xüsusi amansızlıqla qəsdən adam öldürməkdə təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum edilib.