Danimarka kiçik liman şəhərini Formula 1 təqviminə daxil etmək üçün indiyə qədərki ən iddialı layihələrindən birini hazırlayır. Təxminən 4 min 300 nəfər əhalisi olan Padborq qəsəbəsində planlaşdırılan “Circuit of Denmark” layihəsinin ölkənin ilk Formula 1 yarışına ev sahibliyi etməsi hədəflənir.
Boyukmillet.com xəbər verir ki, təxminən 510 milyon avro büdcə ilə hazırlanmış layihə çərçivəsində mövcud Padborg Park trasının tamamilə yenidən qurulması nəzərdə tutulur. Layihəyə əsasən yeni tras 6 kilometr uzunluğunda olacaq və 18 döngədən ibarət olacaq. Bundan əlavə, 100 minə yaxın tamaşaçı tutumu, hotellər, konfrans məkanları, kartinq və motorsport mərkəzləri də layihəyə daxil ediləcək.
Layihənin arxasında danimarkalı investorlar Henrik Lyngbye Pedersen və oğlu Mathias Lyngbye Pedersen dayanır. Bildirilir ki, ata-oğul layihəni özəl investisiya fondları vasitəsilə böyütməyə çalışır. Tras dizaynının isə keçmiş Formula 1 pilotu Alexander Wurz-a məxsus Wurz Design şirkəti tərəfindən hazırlanacağı açıqlanıb.
Danimarka mediasının məlumatına görə, layihənin ilk mərhələsinin 2027-ci il ətrafında başlaması planlaşdırılır. Rəsmilər FIA Grade 1 lisenziyası ala biləcək səviyyədə müasir tras inşa etmək istədiklərini bildiriblər. Formula 1 yarışlarının isə bir neçə il ərzində mümkün ola biləcəyi qeyd olunur. Bununla belə, hələlik FIA və ya Formula 1 rəhbərliyi tərəfindən rəsmi təsdiq verilməyib.
Layihə rəhbərlərindən Rebecca Steela Şimali Avropada beynəlxalq motorsport yarışları üçün kifayət qədər böyük mərkəz olmadığını bildirərək Danimarkanın bu boşluğu doldura biləcəyini deyib. Qeyd olunur ki, layihə yalnız yarış məqsədi daşımır, həm də turizm və iqtisadi inkişaf planı kimi qiymətləndirilir.
Digər tərəfdən, layihə ölkədə müzakirələrə də səbəb olub. Bəzi ekoloji qruplar və yerli sakinlər belə kiçik qəsəbə üçün bu qədər böyük investisiyanın riskli ola biləcəyini düşünür. Trafik sıxlığı, ekoloji təsirlər və dövlət resurslarının dolayı istifadəsi ilə bağlı tənqidlər səsləndirilir. Layihəni dəstəkləyənlər isə hesab edir ki, Formula 1 Padborqu Avropanın yeni turizm mərkəzlərindən birinə çevirə bilər.
Boyukmillet.com Biz yanmasaq vətən yanar
