Şənbə , 23 Noyabr 2024
Drone Cameras

9 fevral 2020 -ci il parlament seçkilərində namizəd kimi niyə iştirak etmədim ?

Aylardı ki, dostlar, tanışlar, təəssübkeşlər ,tərəfdarlar Milli Məclisə seçkilərə namizəd kimi qatılmamağımın səbəbləri ilə bağlı mənə suallar verirlər.Bu dəyərli insanları bu məsələdə qeyri-müəyyənlikdən qurtaracağıma əvvəlki statuslarımın birində söz vermişdim. .Bu sözümə də əməl edirəm.


Beləliklə ,9 fevral 2020-ci il parlament seçkilərində namizəd kimi niyə iştirak etmədim?


Kütləvi auditoriya qarşısında,radio və televiziyada heç vaxt özüm haqqında danışmadım.Ümumi dərd-sərimizdən,dövlətimizin və cəmiyyətimizin bu günündən,keçmişindən və gələcəyindən danışdım.
Bu gün ənənəni pozuram.İlk dəfə olaraq sizin qarşınızda 32 illik ictimai-siyasi fəaliyyətimin bəzi məqamlarını açmaq zorundayam.

1988-ci ildən Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edirəm.

Erməni təcavüzünə qarşı və Azərbaycanın müstəqilliyi uğrunda xalq hərəkatı başlananda Naxçıvanın kəndlərində ilk xalq mitinqlərinin təşkilatçılarından və aparıcılarından biri oldum.
Muxtar Respublikanın ilk könüllü özünümüdafiə batalyonlarında sərhəd postlarında dayandım. Naxçıvan Dövlət Universitetində və Naxçıvan Ali Məclisində 1997-ci ilin ortalarına qədər müxtəlif vəzifələrdə işlədim.

1995-ci ildə MM-ə seçkilərdə ilk dəfə namizəd kimi iştirak etdim…

O zaman 4 saylı Babək-Şahbuz dairəsindən müstəqil qaydada namizədliyimi irəli sürdüm.Bu gün də insanların yaddaşında yaşayan çox uğurlu seçki kampaniyası apardım.Lakin nəticə subyektiv müdaxilələrlə müəyyən edildi və haqq etdiyim mandata sahib ola bilmədim.2005-ci ildə Milli Məclisə seçkilərə yenidən namizəd kimi qatıldım .Çox uğurlu seçki kampaniyası apardım.Nəticələri yenə subyektiv amillər müəyyənləşdirdi.Haqq etdiyim mandata bu dəfə də sahib ola bilmədim.

O vaxtdan ölkəmizdə parlament seçkilərinə
bir daha namizəd kimi qatılmadım…

Halbuki istənilən bir dairədə namizəd kimi seçkiyə qatıla və istənilən iddiaçını fakt qarşısında qoya bilərdim.Ancaq üçüncü dəfə eyni məyusluğu yaşamaq istəmədim ,həm də büsbütün özümdən asılı olmayan səbəblər üzündən..
Tanıyanlar xarakterimə bələddirlər.Mənim aləmimdə insan daxilən özünü hansısa mərtəbəyə layiq bilirsə , bu ləyaqətli düşüncələrini bütün şəraitlərdə hörmətli tutmağı bacarmalı və onu ayaqlar altına atıb urvatsız etməməlidir .Əgər düşüncələrini həyata keçirmək üçün məmur qapılarında boyun bükdüsə , “mənə onu verin,bunu verin”kimi təmənnalarda bulundusa, həmin anda insanın şərəf və ləyaqətinin zədələnmiş olduğunu düşünürəm.Təvazökarlıqdan uzaq olsa da deməliyəm ….

Bu yaşda,bu təcrübədə Azərbaycanda yeganə baş redaktoram ki,heç bir fəxri adım yoxdur…

Halbuki ölkədə istənilən jurnalist ,hətta bəzən layiq olmayanlar da müvafiq instansiyalara müraciət edərək “Əməkdar jurnalist”adı ala bilir.Mən bunu ilk dəfə Sizin qarşınızda dilə gələrək açıq şəkildə ona görə dedim ki,bundan sonra fəxri adlara sahib olmağın və olmamağın mənim üçün fərqi qalmadığına qəti şəkildə əminəm.Hər zaman hesab etdim ki,əgər mən bu adlara layiqəmsə,demək olacaq.Yox ,əgər olmursa , deməli, onun dalınca sürünməyə dəyməz..Seçkilərdə iştirak və deputatlıq məsələsinə də 1995-ci ildən indiyədək bu prinsiplə baxdım .Kimlərdənsə seçkilərdə iştirak etməklə bağlı hər hansı bir xahişdə bulunmadım.

Güvənmək və inanmaq istədiyim şəxslərdən sadəcə bir ricam oldu…

Rica etdim ki , seçkilər məsələsi də daxil hər hansı konkret təmənnalarda olmamaq şərti ilə keçmişlər barədə sadəcə səmimi söhbət üçün 5-10 dəqiqəlik qəbulda olmaq istəyimi cənab Prezidentin ən yaxın çevrələrinə çatdırsınlar .
Ümid etdim ki,tarixdə Heydər Əliyev haqqında ilk analitik kitabın müəllifi olduğum üçün,Heydər Əliyevin siyasi fəaliyyətinin ən çətin vaxtlarında onun yanında və yolunda olan az sayda fəal insanlardan biri olduğum üçün istədiyim qəbulun təşkili üçün ciddi əsaslar tapılacaq.
Dostları inandırmağa çalışdım ki,mənim üçün qaldırılan təşəbbüsə görə kimsə cəzalandırılmayacaq.Ya deyiləcək ki,Aydın vaxtilə bizim əleyhimizə getdiyi üçün indi belə yüksək qəbullardan kənarda qalmağı yaxşıdır,ya deyiləcək ki,zamanı yetişəndə baxarıq,ya da deyiləcək ki,niyə də olmasın?!Əgər vaxtilə Heydər Əliyevə hətta güllə atmağa hazır olanlara ,çətin vaxtlarda onun yanından qaçanlara, ayaqlarını yerə döyənlərə,Heydər Əliyevə görə Naxçıvanın müxtariyyatını ləğv etməyə çalışanlara,kənarda dayanıb suyun şırıltısına qulaq asanlara,Heydər Əliyevin əleyhinə yazanlara,yazdıranlara ,ayağının altını qazanlara etimad limiti tanınırsa,bəzən bu etimad hətta deputatlıq və icra sistemində böyük vəzifələrə qədər çatırsa ,Aydına niyə etimad göstərilməsin?!

Təəssüf,xahişim yetərli ünvanlara çatdırılmadı…

Mən heç vaxt insanların etimadını qırmadım.Əgər kimsə hesab edirsə ki,nə zamansa onun etimadını qırmışam,demək ki,ortada ya etimad adlı bir şey olmayıb,ya da etimadı qıran mən yox,başqaları olub.
Bütün dövrlərdə siyasi fəaliyyətim açıq və şəffaf prinsiplərə söykəndi. Gündüzlər müxalifət,gecələr iqtidar və ya tərsinə olan siyasi sifətlər göstərmədim.Siyasətdə hər nə etdimsə ,bunu yalnız vicdanımın hökmü ilə və inanaraq etdim.Kimlərdənsə əvəz gözləmədən ,qarşılıq istəmədən etdim.
Azərbaycanın müstəqil dövlətçiliyi , demokratik inkişaf, hamının rifahı və ərazi bütövlüyümüz ictimai-siyasi fəaliyyətimin bütün dövrlərinin əsas hədəfləri oldu və bu gün də var. Bu yolda gəncliyimi, rahatlığımı,ailəmin rahatlığını, məni gözləyən böyük vəzifə karyerasını,ümumiyyətlə insanın şərəfindən,ləyaqətindən və namusundan aşağıda dayanan hər şeyi qurban verməyə hazır oldum,bir çox məqamlarda qurbanlar da verdim.Peşiman deyiləm.Taledən küsmək,tale ilə barışmaq kimi fatalist düşüncələrə də heç vaxt uymadım.Hər nədirsə , dadından, rəngindən asılı olmayaraq taleyi sevə -sevə yaşamağın vacib olduğunu əsas saydım.
Sizlərə üzümü tuturam.Ruhdan düşməyin,sınmayın.Bundan da vacib və maraqlı seçkilərdə mütləq iştirak edəcəyik..
Seçkilərdə görüşərik…

Aydın QULİYEV,

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …