Güney Azərbaycan türklərinin İranda yeniliklərə başçılıq etdiyi bir daha təsdiqlənir. 1979-cu il inqilabı Təbrizdəki hərəkat nəticəsində genişlənib, Pəhləvi rejiminin devrilməsi ilə nəticələnmişdi. Sonradan bu nailiyyətdən Xomeyni və ətrafı islam adı altında Pəhləvidənqalma panfarsizm ideyalarını həyata keçirməyi davam etdirdi. Bununla da Azərbaycan türklərinin inqilabın qalib gəlməsi yolunda verdikləri itkilər və çəkdikləri əzablar milli hüquqlarının təmini baxımından nəticəsiz qaldı. İnqilabdan sonra yeni Konstitusiyaya milli hüquqların təmini ilə bağlı maddələr daxil edilsə də Tehran rejimi ötən 43 ildə onlara əməl etmir.
Bu isə yeni hərəkatların yaranmasını şərtləndirir. İran-İraq müharibəsi başa çatandan sonra 1990-cı illərdən başlayaraq Azərbaycan Milli Hərəkatı milli haqların təmini istiqamətində genişmiqyaslı aksiyalar keçirib. Babək qalasına yürüş, Dünya Azərbaycanlılarının Konqresinin fəaliyyəti və başqalarını buna nümunə göstərmək olar.
Sentyabrda İranda “Qadın, Azadlıq, Ədalət!” şüarı ilə başlayan etiraz aksiyasına Güney Azərbaycan türkləri də öz şüarları ilə qatıldı: “Azadlıq, Ədalət, Milli Hökumət!”
Güneylilərin keçirdiyi aksiyalarda “Bura Azərbaycandır: Bir qana, yüz bir qandır!”, “Təbriz, Urmu, Qarabağ, əsir qalmaz bu torpaq!”, “Bu torpaqda, bu eldə, qalmaz bu qanlar yerdə!”, “Bəsic, Sepah müftəxor, qan qusacaq diktator! “Nə şahçıyam, nə şeyxçi millətçiyəm, millətçi!”, “Azərbaycan milləti, çəkəməz bu zilləti!” kimi Azərbaycan türkcəsində şüarlar səsləndiriblər.
Onların haqlı tələblərinə xaricdə yaşayan dünya azərbaycanlıları da dəstək verirlər. Belçikanın paytaxtı Brüsseldə Avropa Parlamentinin binası qarşısında Avropada yaşayan Güney Azərbaycan türklərinin təşəbbüsü ilə “Azadlıq və ədalət yürüşü” adlı aksiya keçirilib. Yürüşdə “Azadlıq, Ədalət, Milli hökumət!”, “Yaşasın azadlıq və ədalət!”, “Məhv olsun orta əsr zehniyyətli İran İslam Respublikası!” şüarları səslənib.
Aksiyada yekun bəyanatı qəbul olunub. Yürüş iştirakçıları Güney Azərbaycan türklərinin tapdanan və pozulan milli haqlarını tələb etməklə yanaşı bütün dünya ölkələrini İran İslam Respublikası rejiminin legitimliyini rədd etməyə və İslam Respublikası rejimi ilə siyasi, iqtisadi əlaqələri dayandırmağa çağırıblar.
Aksiyada İranda yaşayan başqa etnik qrupların nümayəndələri də iştirak edib. Bu, Güney azərbaycanlıların milli hüquqların təmini ilə bağlı irəli sürdükləri tələblərin reallığı əks etdirdiyini bir daha təsdiqləyir. Aksiya İranda dəyişikliyin Azərbaycan türklərinin aparıcılığı ilə təmin olunacağını isbatlayır.
Yürüş diasporla Güney Azərbaycanda milli hüquqlarının təmini uğurunda mübarizə aparanların mövqeləri və hədəflərinin də bir olduğunu təsdiqlədi.
Sədrəddin Sultan