Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində “2019-cu ilin çimərlik mövsümündə Xidmətin fəaliyyətinin təhlili, texnika və avadanlıqların konservasiyaya hazırlığı” mövzusunda tədris-metodiki toplantı keçirilib.
FHN-dən Boyukmillet.com-a bildiriblər ki, Xidmətin rəisi, daxili xidmət general-mayoru Rüfət Fəradov 2019-cu ilin çimərlik mövsümü ərzində su obyektlərində baş vermiş boğulma hadisələri və onların nəticələrinin aradan qaldırılması üzrə həyata keçirilən tədbirlər haqqında məlumat verib, gələcək planlardan danışıb.
Daha sonra Xidmətin struktur bölmələrinin əməkdaşları builki çimərlik mövsümündə xidmətin təşkili, suda bədbəxt hadisələrin qarşısının alınması ilə bağlı əhali arasında maarifləndirmə işinin aparılması, çimərliklərdə təhlükəsizlik qaydaları, xilasetmə avadanlıqlarından istifadə zamanı texniki təhlükəsizlik qaydalarına riayət olunmasına dair çıxışlar ediblər.
Tədbirdə insanların sularda təhlükəsizliyi, kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı və axtarış-xilasetmə tədbirlərinin daha səmərəli təşkilinə dair tapşırıqlar verilib.