Aprelin 2-də Monteneqro prezident seçkilərinin ikinci turu keçiriləcək.
Boyukmillet.com xəbər verir ki, martın 19-da keçirilən prezident seçkilərinin birinci turunda ölkənin səkkizinci dövlət başçısı müəyyənləşməyib.
İkinci turda mübarizə ilk turda seçicilərin 35,3 faizinin səs verdiyi Sosialistlərin Demokrat Partiyasından olan hazırkı Prezident Milo Cukanoviçlə seçicilərin 29,2 faizinin dəstəyini qazanmış “Avropa indi” hərəkatının lideri Yakov Milatoviç arasında gedəcək.
M. Cukanoviç qərbyönümlü və avropamərkəzli kursun tərəfdarı olan siyasətçi kimi tanınır, yerli serblərin də dəstəklədiyi Milatoviç isə ölkəsini Serbiya və Rusiya ilə yaxınlaşdırmaqdan yanadır.
Qeyd edək ki, Dövlət Seçki Komissiyasının məlumatına görə, Monteneqroda 542 min 154 seçici qeydə alınıb. Səsvermənin birinci turunda seçici fəallığı 63,1 faiz təşkil edib.
Monteneqroda prezident beş ildən bir seçilir. Ölkədə sonuncu seçkilər 2018-ci ildə keçirilib.