Taleh Şahsuvarlı: “İlham Əliyev Azərbaycanı intibah dövrünə hazırlayır”
Bir çox kütləvi informasiya və sosial şəbəkələrin dili ilə desək, dünən Azərbaycanda Böyük Oktyabr Kadr İnqilabı yaşandı. Azərbaycan dövləti və hakimiyyəti üçün kifayət qədər önəmli fiqur olan Ramiz Mehdiyev vəzifəsindən azad və “Heydər Əliyev” ordeni ilə təltif olundu, AMEA prezidenti seçildi. Həmçinin Vergilər nazirliyi İqtisadiyyat nazirliyinə birləşdirildi, birləşmiş qurumlara rəhbərlik Mikayıl Cabbarova həvalə olundu. Bütün bunlar cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Odur ki, prezident İlham Əliyevin siyasi kursunun ardıcıl müdafə edən AzNews.az analitik-informasiya portalının baş redaktoru, sosioloq Taleh Şahsuvarlı ilə söhbət etməyi qərara aldıq. Onunla müsahibəni təqdim edirik:
– Taleh bəy, son günlər ölkəmizdə gündəm sürətlə dəyişir. Prezident İlham Əliyevin sərəncam və qararları cəmiyyətdə həm böyük rezonans, həm də suallar doğurur. Sizin fikrinizcə, son kadr dəyişiklikləri, bəzi dövlət qurumlarının birləşdirilməsi hansı zərurətdən irəli gəlir?
Sual bir qədər ümumi səciyyə daşısa da, əslində yetərincə geniş təhlil üçün zəmin yaradır. Mən prezident İlham Əliyevin cəmiyyətdə istər böyük rezonans doğuran, istərsə də adi, texniki məsələlər kimi görünən bütün qərarlarını Azərbaycanda islahatlara olan dərin ehtiyacın komponentləri, elan olunan və sürətlə aparılan reformaların tərkib hissəsi kimi görürəm. Bütün bu addımları dolğun analiz etmək üçün gəlin öncə terminologiyanı dəqiqləşdirək: “islahat” nədir? Hazırda çoxları bu termini istədiyi yerə çəkir, bəzən ona az qala mistik, metafizik anlam yüklənir, bəzən də “yox, belə islahat olmur” deyə skeptik yanaşmalar sərgilənir. İslahat “bir şeyləri düzəltmək”, yenidən formaya salmaq, işlək, çevik, təsirli hala gətirməkdir. İslahatlara o zaman ehtiyac yaranır ki, hansısa istiqamətdə, yaxud bütövlükdə işlər yolunda getməsin, dəyişikliyə, yenilənməyə ehtiyac yaransın. Ona görə də biz ilk növbədə bu suala cavab tapmalıyıq ki, yolunda olmayan nədir ki, prezident onu düzəltmək, islah etmək, axara salmaq istəyir?
– Nədir?
Neftdən asılılıq! Azərbaycanda istər iqtisadi, istərsə də idarəçilik baxımından dəyişiklər və təkmilləşdirmələrə kəskin ehtiyac olması dünya bazarında neftin qiymətinin bizə dəxli olmayan səbəblərdən kəskin şəkildə aşağı düşməsi ilə üzə çıxdı. Çünki neftin kəskin ucuzlaşmasının qaçılmaz sonucu kimi, manat devalvasiyaya uğradı. Məlum oldu ki, neftdən asılıq nəinki vətəndaşlarımızın cari rifahına, bütövlükdə dövlətimiz və müstəqilliyimiz üçün ciddi təhlükələrdən biridir. Məhz o zaman hakimiyyətin və hakimiyyət sahibi olaraq prezident İlham Əliyevin qarşısında bir neçə mühüm vəzifə dayanırdı. İlk növbədə devalvasiyanın genişlənməsinə, maliyyə böhranının digər sektorları çökdürməsinə imkan verməmək; İkinci mərhələdə manata inamı bərpa etmək və yeni iqtisadiyyata keçid üçün baza yaratmaq; üçüncüsü, hakimiyyəti və dövlət strukturunu mobilləşdirmək. Nəhayət, sonda iqtisadi və siyasi idarəçilik sistemini kökündən dəyişmək və keçidi tam təmin etmək. Hazırda biz üçüncü mərhələdəyik.
– Ancaq devalvasiya çoxdan baş verib, hətta son kadr dəyişikliklərinə birbaşa təsiri inandırıcı görünmür…
Dünən Xalq Partiyasının sədri Pənah Hüseynlə “Yeni Müsavat” qəzetinin canlı efirində maraqlı bir polemika apardıq. Orada da mən məhz bu nöqtədən başladım, hörmətli opponentim də məni sırf cari məsələlərdən danışmağa səslədi. Ancaq biz bir şeyi bilməliyik: Prezident İlham Əliyev bir qayda olaraq situativ qərarlar qəbul etmir, onun heç bir addımı, sadəcə, bir məsələnin həllinə yönəlmir, kompleks səciyyə daşıyır və uzun müddətə hesablanır. Bu mənada neftin qiymətinin dünya bazarında enməsi Azərbaycanı fakt qarşısında qoymuşdu. İlham Əliyev bu fakta “hər bir böhran yaxşı liderlər, idarəçilər, menecerlər üçün fürsətlər yaradır” prinsipindən çıxış edərək yanaşdı.
– Demək istəyirsiniz ki, son struktur və kadr dəyişiklikləri də cəmiyyətə yeni fürsətlər qazandırmaq üçündür?
Həm yeni fürsətlər qazandırmaq üçündür, həm də artıq qazanılmış fürsətləri yeniliyə çevirmək üçündür. Biz İlham Əliyevin Azərbaycanı manatın krizisindən necə ustalıqla çıxardığını, necə yeni fürsətlərə qovuşdurduğunu bir toplum olaraq görürük. Maaşların, müavinətlərin, təqaüdlərin artması, dollarla olan problemli kreditlərlərlə bağlı vətəndaşlara dəstək verilməsi, elə bu ilin büdcə gəlirləri ilə xərcləri arasında 180 milyon manat müsbət fərqin yaranması bunun göstəriciləridir. Devalvasiya ərəfəsində mən hər zaman deyirdim ki, əsas iş cəmiyyətin şokdan çıxması və heç bir halda şoka düşmək lüksü olmayan hakimiyyətin doğru qərarlar qəbul etməsidir. Bu qərarların ən doğrusu isə, hakimiyyətin islahatlara getməsi, daha konkret desək, neft iqtisadiyyatından qeyri-neft iqtisadiyyatına keçid ola bilərdi. Oldu da! Yadınızdadırsa, o zaman prezident mətbuatın manşetdən verdiyi bir cümlə işlətmişdi: “Nefti unudun”! Bu nə demək idi, bilirsinizmi? Azərbaycan neftdən asılılıqdan qurtulmaq istəyir! Açar söz, cümlə də də budur, başlıca hədəf də! O gündən- bü günə Azərbaycan prezidentinin bütün qərarları məhz o hədəfə- neft amilinə arxayın olmadan və dayanmadan ölkənin yeni iqtisadiyyatını, yeni idarəçilik və sosial-siyasi münasibətlər sistemini qurmağa, insan kapitalını yüksəltməyə yönəlib.
– Fikrinizcə bu, kifayət qədər riskli məsələ deyil?
Əlbəttə riskli məsələdir və bunun riskli məsələ olduğunu ilk deyənlərdən biri də elə mən olmuşam. Bu barədə yazılar yazmışam. Ancaq istənilən islahatçı lider və islahatçı hakimiyyət bu riskləri öz iradəsi, ardıcıllığı və cəmiyyətin dəstəyi ilə dəf etməyə qadirdir. Prezident İlham Əliyevin çıxışlarına diqqətlə baxın, xahiş edirəm. Hər dəfə bu amilləri xüsusi vurğulayır. Son çıxışlarında isə ümimiyyətlə açıq bəyan etdi ki, islahatlara mane olmaq qüvvələr, adamlar var. Əslində, bütün bunlar təbiidir. Çünki effektiv iqtisadiyyata və idarəçiliyə mane olan korrupsiya mexanizminin sıradan çıxarılması kimlərinsə maraqlarına, mənfəətlərinə toxunur. Ona görə də mən tez-tez obrazlı şəkildə deyirdim ki, cənab prezident yağlı, iri tikələri akulaların ağzından alıb, xalqın süfrəsinə qoyur. Bu məsələdə prezidenti dəstəkləməmək ona da, dövlətə də, xalqa da xəyanətdir. Ancaq məsələyə sırf “xəyanət” amilinə söykənərək də yanaşmaq olmaz, məncə, söhbət prezidentin öz komandasını həm də pozitiv baxımdam təftiş etməsindən gedir.
– Nə mənada təftiş?
Yadınıza salıram, 17-ci əsrdə Roma katolik kilsəsinin “islahat” məfhumunu meydana çıxaran vəziyyətini. Həmin ərəfədə katolik kilsəsi gördü ki, onun böhranla üzləşməsinin səbəblərində biri də din xadimlərinin təfəkkürü, hazırlıq səviyyəsidir. Develvasiya ərəfəsini “böhran” kimi götürsək, məncə, dövlət başçısı ilk dəfə dərindən fərq etdi ki, mövcud idarəçilik sistemi, vəziyyətdən xəyanətkarlıqla istifadə edən Eldar Mahmudov sayaq kadrlar, yaşlamış, əldən düşmüş Nazirlər Kabineti və məmur korpusu onun hədəfləri önündə maneədir. Ancaq dövlət idarəçiliyi daha mürəkkəb məsələdir, hamını tutmaq, içəri basmaq, bir andaca vəzifədən azad etmək əks-effekt verə biləcək, öncəki suala uyğun desəm, riskləri artıran məsələdir. Zənnimcə, bu məsələdə də dövlət başçısı ən uyğun yolu seçdi, tədricən komandasını həm yaş, həm də zehniyyət baxımından yeniləməyə üstünlük verdi. Son çıxışlarının birində isə kadr seçimindəki kriteriyalarını açıqladı: bilikli, müasir düşüncəli, iradəli, dövlətə bağlı kadrlar önə çəkiləcək. Eyni zamanda, bu günə qədər dövlətə sədaqətlə xidmət etmiş, ancaq yaş və yeni çağırışlar baxımından hakim komandada yola davam etməsi mümkün olmayan kadrlardan fərqli istiqamətlərdə istifadə ediləcəyi də aşkardır. Prezident Administrasiyanın rəhbəri Ramiz Mehdiyevin AMEA rəhbərliyinə gətirilməsi onun təsdiqidir ki, dövlət başçımız “vəfa borcu” anlayışına sadiqdir, heç kimin xidmətlərini və rolunu unutmur.
– Necə düşünürsünüz, yaşı 70-dən yuxarı olan məmurların təqaüdə, fəxri istirahətə göndərilməsi ilə bütün bu problemləri həll etmək mümkün olacaqmı?
Həm sözlərimin davamı, həm də sualınıza cavab olaraq Hacıbala Abutalıbovu yada salmaq istəyirəm. Prezident onunla xudahafizləşəndə yada saldı ki, bir zamanlar Abutalıbov icra başçısı kimi qapısını hər kəsin üzünə açıq saxlamaqla novator məmurlardan olub. Deməli, bir zamanların novator fiquru, bəlli bir müddətdən sonra, idarəçilik üçün köhnələ bilər- təbiidir, zaman ötür, yaş keçir, mütaliə azalır, reaksiyalar zəifləyir. Yəni insanlar qəsdən, bilərəkdən, məqsədli şəkildə yox, sadəcə, dinamika yetərsizliyi üzündən islahatlara mane olurlar. Yəni, kim uzun müddətdir prezidentin komandasında təmsil olunubsa, bu, heç də o demək deyil ki, islahatlara qarşıdır, əksinə reformaların hazırlanmasında, icra edilməsində, cəmiyyət tərəfindən mənimsənilməsində şövqlə iştirak edənlər kifayət qədərdir. İslahatçılıq ilk növbədə məhz zehniyyət, dinamika və təcrübənin vəhdəti olduğu üçün məsələni sırf xronoloji çərçivədə götürmək yanlışdır. İndiki situasiyada qərəzli adamlar tərəfindən başqa yerlərə yozulmaması üçün ad çəkməyəcəm, sadəcə şəxsən tanıdığım, dünyagörüşünə və iş metodlarına bələd olduğum üçün əminliklə deyə bilərəm: prezidentin komandasında, yaxın çevrəsində yetərincə dinamik, təcrübəli, sədaqətli, milli və reformist fiqurlar var. Bayaq söylədiyim presidentə istinad etsək, Avropadakı kilsə islahatlarının ən önəmli nəticəsi o oldu ki, dinlə təhsil ayırıldı, bu da renessansa təkan verdi. Bu gün Azərbaycanda kapitalla, bizneslə idarəçilikdə iştirak, məmurluq, vəzifə sahibliyi ayrılmalıdır. Bu, heç də asan proses deyil və təkcə hakimiyyətin yuxarı qatlarını əhatə etməyəcək, ierarxiyaya təsir göstərəcək. Biznesdə uğur qazanmış insanlar siyasətə və idarəçiliyə gələ bilər, yaxud əksinə, məmur gedib bizneslə də məşğul ola bilər. Söhbət bundan getmir. Söhbət ondan gedir ki, idarəçiliyin ümumi xarakterini dəyişir. Bu gün Azərbaycanda edhokratik hakimiyyətə keçid yaşanır.
– Edhokratiya nədir?
Bu termin latınca “ad hoc” (“məqsəd”) kəliməsindən törəyib. Elmi leksikona 1968-ci ildə liderlik institutu ilə bağlı araşdırmaları ilə tanınan Uarren Bennis tərəfindən daxil edilib. Amerikan futurolist və sosioloq Elvin Toffler tərəfindən məşhurluq qazandırılan “edhokratiya” hakimiyyətin bürokratik institutlaşmasına zidd olan bir idarəçilik modelidir. Bu modeldə hər kəsin dövlətin və cəmiyyətin inkişafında davamlı və fəal iştirakçılığına yol açıqdır. Liderlər həm dövlət, həm də siyasi təşkilatlardakı bürokratiyanı, yumşaq desək, rəncidə etməmək üçün, adətən, edhokratik üsul-idarəyə meyil etmirlər. Odur ki, İlham Əliyevin bu modelə üstünlük verməsi, ilk növbədə onun bir lider kimi özünə inamının və yeni nəsil informasiya-kommunikasiya texnologiyalarının sürətlə yayıldığı tarixi şəraitdə zamanın çağırışlarına çevik reaksiya verməsinin göstəricisi sayılmalıdır. Elə bu səbəbdən də tamamilə əminəm ki, nə qədər çətin, mürəkkəb olsa da, bütün mümkün müqavimətlərə, təxribatlara rəğmən, Azərbaycan prezidentinin yüksək dünyagörüşü ilə, iradəsi ilə bu proses uğurla başa çatacaq. Azərbaycan iqtisadi, siyasi və sosio-mədəni baxımından renessans dövrünə qədəm qoyacaq. Bəli, İlham Əliyev Azərbaycanı intibah dövrünə hazırlayır.
– Təxribatlar hakimiyyətin içərisindən ola bilər, ya necə?
Təxribatların, sabotajların ən müxtəlif forma və qaynağı olur. Ancaq elə son hadisələrə nəzər salın. 19 oktyabrda AXCP sədrinin Bakının mərkəzində qanunsuz aksiyaya cəhd göstərməsi təxribat deyildimi? Diqqət edin, sırf qanuni tələblərə görə, parlament seçkiləri gələn il, prezident seçkiləri isə 5 il sonra keçiriləcək. Sual doğur: Əli Kərimli nəyə nail olmaq istəyirdi ki, polislə qarşıdurmaya getdi, sözün hər mənasında, başını aparıb avtobusa çırpdı? Xatırlayırsınızsa, bir müddət əvvəl YAP funksionerləri bildirmişdi ki, bəzi keçmiş iri ranqlı məmurlar müxalifətə dəstək verir. Bu dəstəyin formaları məlumdur- maliyyə ötürür, aksiyalarına adamlar göndərir, həmin adamlar vasitəsi ilə gerçək həyatda və sosial şəbəkələrdə təbliğat aparırlar. Əli Kərimlinin məqsədi bəllidir: maliyyə əldə edir, özünü gündəmdə saxlayır. Onun sığınacağı xarici təzyiq rıçaqları, daxili xəyanətkarlar və marginallardır. Hər üçü, üstəlik partiyasında həm dünən, həm də bu gün baş verənlər, ondan radikallıq, qarşıdurma, xaos istəyir. Ancaq “eks”lərin məqsədləri nədir onu çaxnaşmaya itələməkdə? Onlar o qədər ağılsız, düşüncəsiz adamlar deyillər ki, Əli Kərimlinin inqilab edəcək potensiala malik olmadığını, ümumiyyətlə, Azərbaycanda inqilab etmək üçün zəmin yaranmayacağını anlamasınlar. Demək ki, vəzifədən çıxsalar da, hansısa borularla korrupsiya mexanizmindən qidalanırlar, məmurların iqtisadiyyatdan ayrılması onları qıcıqlandırır və məhz bu prosesə əngəl olmağa çalışırlar. Siz elə bilirsiniz ki, bu korrupsioner əlaqələrin xarici ayaqları yoxdur? Əlbəttə, var! Mənim təhlilimə görə, bu iğtişaş cəhdinin arxasında xaricdən Riçard Kozlariçin timsalında ABŞ-dakı kürəsəlçi dairələr, FETÖ, Milli Şuranın üzvü Hacı Talehin ağaları, bir sözlə, ən müxtəlif qüvvələr dayanırdı.
– Prezident son çıxışlarında bəzi məmurların mətbuatda kompromat savaşı aparmalarını da kəskin şəkildə pislədi. Bunu da söylədiyiniz konteksdə dəyərləndirmək olarmı?
Əlbəttə, olar. Məsələ budur ki, hazırda siyasi məzmununa görə Azərbaycan cəmiyyətinə xitab edən üç cür media var. 1) Prezidentin siyasi kursunu müdafə edən KİV-lər; 2) Reket media; 3) “Tənqidçi media” çətiri altında fəaliyyət göstərən, əsasən, xaricdən yayımlananlar. Prezidentin siyasi kursunu müdafiə edən mediada heç bir hakimiyyət nümayəndəsi əleyhinə kompramat yayımlanmır. Bu dəqiq və birmənalıdır. Məntiq də, müşahidələr də onu deyir ki, hakimiyyətdə, yumşaq desək, bir-birini gözü götürməyənlər olanda, reket və müxalif mediadan istifadə edirlər. İndi təzə yollar da kəşf olunub, izləyicisi cox olan sosial şəbəkə səhifələrinin sahiblərindən və video-bloqqerlərdən də istifadə olunur.
– Nəhayət, son sual: Fikrinizcə, Prezident Administrasiyasının rəhbəri postuna kim gətirilə bilər?
“Prezident Administrasiyasının rəhbəri” postunun adı konstitusiyamızda keçir. Odur ki, bu postun ləğv olunacağı haqqında deyilənləri ən azı yaxın zamanda mümkün hesab etmirəm. Bunun üçün ölkədə referendum keçirilməli, Ana Yasa dəyişməlidir. Ancaq prezidentin bu vəzifəyə kimi təyin etməsi ancaq birbaşa onun səlahiyyətlərinə, etimad kriteriyalarına, hesablamalarına aid məsələdir. Odur ki, bu məsələ ilə bağlı proqnoz verməyi etik saymıram. Müxtəlif adlar çəkənlər isə, zənnimcə, ən yaxşı halda, dedi-qodu ilə məşğul olurlar.