Rusiyanın Kareliya vilayətində, Olonets şəhərindəki sirkdə qorxulu anlar yaşanıb.
RİA-Novosti bildirir ki, şou zamanı ayı təlimçinin üzərinə atılıb. Hadisənin videosu sosial şəbəkədə paylaşılıb.
Kadrlardan görünür ki, sirk nömrəsi zamanı ayı arabanı tullayaraq qəfildən təlimçiyə hücum edir. Sirkin digər işçisi heyvanı təpiklə qovmağa çalışsa da, ayı ona əhəmiyyət vermir. Buna görə kişi elektroşokerdən istifadə etməli olur.
“Anşlaq” şapito sirkinin nümayəndəsi Lüdmila Misnik hadisəni şərh edərkən bildirib ki, ola bilsin ki, tamaşaçıların fotoaparatlarının işıqları heyvanı aqressiyaya təhrik edib.
İstintaq Komitəsinin Kareliya üzrə idarəsindən bildirilib ki, tamaşa zamanı sirkin arenası parterdən heç bir sədlə ayrılmayıb, yəni tamaşaçıların həyatı təhlükədə olub. Müstəntiqlər müvafiq xidmətin göstərilməməsi səbəbilə yoxlamalara başlayıblar.