Bəzi şəxslər heç bir əlillik göstəricisi olmadığı halda, saxta yollarla əlillik dərəcələri alır, bəziləri isə maddi durumu normal olsa da, saxta yolla sosial yardım alır. Saxta yolla əlillik dərəcəsi alan və yaşayış vəziyyəti normal olduğu halda, sosial yardım üçün müraciət edən şəxslərə müxtəlif məbləğdə pensiya və müavinətlər təyin edilirdi. Lakin onların bu sevinci uzun sürmədi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin apardığı araşdırma nəticəsində saxta yolla əlillik dərəcəsi və sosial yardım alan şəxslər müəyyən edilərək onlara ödənilən pensiya və müavinətlər dayandırılıb.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev mətbuata bildirib ki, bu il ərzində 2500-ə qədər şəxsin əlilliyi saxta olduğu üçün ləğv olunub. Nazir qeyd edib ki, bunun nəticəsində dövlət büdcəsinə təqribən 13 milyon manat qənaət olunub. Nazir süni yolla sosial yardım düzəldənlərə də xəbərdarlıq edib: “Araşdırma və təhlillər nəticəsində nazirlik 1800 nəfərin saxta yollarla ünvanlı dövlət sosial yardımı aldığını müəyyən edib və həmin şəxslərə yönələn yardımlar dərhal dayandırılıb. Daha 1000-ə yaxın şəxsin də saxta şəkildə sosial yardım aldığına dair şübhələr var ki, onlarla da bağlı eyni tədbirlər görülməklə, onlara yönələn yardımlar dayandırılacaq. Saxta yollarla sosial yardım almağa şərait yaradan, bunun üçün bilərəkdən qısamüddətli əmək müqavilələri bağlayan, yaxud əmək müqavilələrində bilərəkdən əməkhaqlarını reallıqda olduğundan az göstərməklə işçilərinin böyük qisminin sosial yardıma çıxışına süni imkan yaradanlarla da bağlı hüquq-mühafizə orqanlarına müraciət olunacaq. Həmçinin, 2500-dək yanlış əlillik təyinatı da aparılan araşdırmalar nəticəsində aşkar edilərək ləğv olunub, bu istiqamətdə araşdırmalar davam edir”.
Saxta yolla əlillik dərəcəsi alan şəxslərin, eyni zamanda, yaşayış vəziyyəti normal olduğu halda, sosial yardım alan ailələrin müəyyən edilərək onlar üçün təyin olunan pensiya və müavinətlərin dayandırılması müsbət haldır. Maraqlıdır, əlillik dərəcəsi olmadığı halda, pensiya alan, maddi vəziyyəti ağır olmadığı halda, sosial yardım alan şəxslər aldıqları vəsaiti necə qaytaracaqlar? Ümumiyyətlə, saxta yardım və əlillik düzəldənləri hansı cəza gözləyir?
- Fazil Talıbov: “Yanlış əlillik təyinatları aparılmış şəxslərə ödənilən vəsait geri qaytarılır”
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, saxta yolla əlillik təyinatları edilmiş vətəndaşlar dövlət büdcəsi tərəfindən onlara ödənilən vəsait geri ödəyirlər. Onların gəlir mənbələrindən tutulmaqla həmin vəsait geri qaytarılır: “Elə insanlar olub ki, zamanında onların əlillik almaq üçün əsasları olub. Müəyyən reabilitasiya dövründən sonra həmin şəxslər sağlıqlarına qovuşurlar. Belə olan halda, əlillik təyinatı ləğv olunmalıdır. Yanlış əlillik təyinatları aparılmış şəxslərə ödənilən vəsait geri qaytarılır.
Bununla yanaşı, müxtəlif yollarla ünvanlı sosial yardım alan ailələr də olub. Halbuki, həmin ailələr sosial yardım almaq üçün müəyyən olunmuş kateqoriyaya aid deyildilər. Saxta yolla sosial yardım alan ailələr artıq həmin vəsaiti geri qaytarırlar. Məlumat üçün bildirim ki, artıq bir ilə yaxındır müxtəlif yollarla pensiya və müavinət alan şəxslər aldıqları vəsaiti geri qaytarırlar. Vəsaitin büdcəyə qaytarılması istiqamətində işlər davam etdirilir”.
- Mayis Əliyev: “…artıq həmin şəxslər barəsində lazımi işlər…”
“Sosial hüquqların araşdırılması” İctimai Birliyinin sədri Mayis Əliyevin sözlərinə görə, ünvanlı dövlət sosial yardımı aztəminatlı ailələrə dəstək məqsədilə verilir. Kimsə saxta yolla onlara çatacaq müavinəti mənimsəyirsə, deməli, ehtiyacı olanın haqqını ehtiyacı olmayan yeyir. İndiyədək aztəminatlı ailənin haqqını buna ehtiyacı olmayan mənimsəyibsə, bu, sosial ədalətin pozulması deməkdir: “Müxtəlif yollarla əlillik dərəcəsi alan adamların bu statuslarının ləğv edilməsinin ən böyük faydalarından biri dövlət vəsaitinin aidiyyətsiz yerlərə yönəldilməsinin qarşısının alınmasıdır. Süni yolla yardım və ya pensiya alan şəxslər müəyyən olunub. Artıq həmin şəxslər barəsində lazımi işlər görülməyə başlayıb. Müəyyən olunan şəxslərin bir qismi həmin vəsaiti geri qaytarır. Vəsaitin geri qaytarılması istiqamətində işlər davam etdirilir”.