Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Bakıya toplaşmış 160 ölkə və beynəlxalq təşkilat dünyaya yeni düzənin qaydalarını diqtə etdi – daxili işlərimizə qarışmasınlar, imperialist niyyətlərə son qoysunlar…

BMT Baş katibinin Bakıya sözü – Qoşulmama Hərəkatı kimi təşkilatlar lazımdır ki…

BMT-nin Baş katibi Antonio Quterreş Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilən XVIII Zirvə Görüşünün iştirakçılarına müraciətində deyib ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin başlanması ilə bu təşkilatın fəaliyyətində yeni mərhələ başlayır.

A.Quterreş Azərbaycanı sədrliyi üzərinə götürdüyünə görə təbrik edib. O qeyd edib ki, Qoşulmama Hərəkatı BMT-nin fəaliyyətinə mühüm töhfələr verir.

Baş katib vurğulayıb ki, dünyaya elə şəbəkələr lazımdır ki, orada regional və beynəlxalq təşkilatlar birgə fəaliyyət göstərə bilsinlər: “Sabitlik münaqişələrin qarşısının alınması üçün çox vacibdir. Bu gün resurslar uğrunda rəqabət də dünyada qeyri-sabitlik yaradır. Qoşulmama Hərəkatı kimi təşkilatlar lazımdır ki, sabitliyi təmin etmək mümkün olsun”.

  • Putin Bakıya göndərdiyi məktubda Qoşulmama Hərəkatına üzv ölkələrlə gələcək əlaqələrə eyham vurdu…

Rusiya prezidenti Vladimir Putin də Zirvə Görüşünün iştirakçılarına təbrik məktubu ünvanlayıb.

Rusiyanın dövlət başçısı Moskvanın ədalətli çoxqütblü dünya nizamının qurulmasına, hamı tərəfindən tanınmış hüquq normaları və tərəfdaşların qanuni hüquqlarının tanınmasına əsaslanan bərabərhüquqlu beynəlxalq dialoqun və əməkdaşlığın inkişafına yönəlmiş Qoşulmama Hərəkatının fəaliyyətini dəstəklədiyini bildirib.

V.Putin qeyd edib ki, Zirvə Görüşü mürəkkəb beynəlxalq şəraitdə, dünyanın bir sıra regionlarında silahlı münaqişələrini alovlandığı və bunun da bir çox problemi, o cümlədən yoxsulluq və aclıqla mübarizəni əngəllədiyi vaxtda keçirilir. O əmin olduğunu bildirib ki, Rusiya Federasiyası ilə Qoşulmama Hərəkatı arasında gələcək əməkdaşlıq regional və qlobal səviyyədə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verəcək.

  • Venesuela prezidenti Maduronun Azərbaycandan istəyi…

Bizə göstərilən dərin qonaqpərvərliyə görə Azərbaycan hökuməti və xalqına təşəkkür edirəm. Bizim üçün Bakıda bu Zirvə Görüşündə iştirak etmək şərəfdir. Azərbaycanla bizim çox səmimi və mehriban münasibətlərimiz var. Bu ölkənin qonaqpərvərliyini və qonaqlara göstərdiyi nəzakəti alqışlayırıq. Bunu Venesuelanın Prezidenti Nikolas Maduro Zirvə Görüşündə deyib.

N.Maduro bildirib ki, Venesuela 3 ildir bu hərəkata sədrlik edir: “Venesuela xalqı sülhsevər xalqdır. Biz istərdik ki, Qoşulmama Hərəkatına üzv dövlətlər arasında daha sıx həmrəylik olsun və bu həmrəylik daha da güclənsin. Biz görürük ki, bununla bağlı addımlar atılır. Bu fürsətdən istifadə edərək arzu edirik ki, Azərbaycan bu həmrəyliyin daha qabarıq nümayiş etdirilməsi üçün çalışsın. Biz bir-birimizlə daha tez-tez görüşməliyik. Bunun əsasında biz qarşımıza qoyduğumuz məqsədlərə daha tez nail ola bilərik”.

N.Maduro vurğulayıb ki, üzv dövlətlərə qarşı məhdudlaşdırıcı tədbirlər görülür: “Biz elə etməliyik ki, bunun qarşısı alınsın. Biz görürük ki, Venesuelada da sülh pozulur, dövlət çevrilişinə cəhd edirlər. Bəzi qüvvələr var ki, xalqın iradəsini sual altına almağa çalışır. Qoşulmama Hərəkatına üzv dövlətlər bu cəhdlərin qarşısını almalıdır. Biz həmrəy olmalıyıq ki, səsimiz diqqətdən kənarda qalmasın. Cəhd göstərəcəyik ki, öz rifahımızı əldən verməyək. Xarici müdaxilələrin qarşısını almalı, birgə müqavimət göstərməliyik”.

  • BMT Baş Assambleyasının prezidenti BMT nizamnaməsini sülh üçün ən böyük zəmanət adlandırdı

BMT Baş Assambleyasının prezidenti Ticani Məhəmməd-Bande çıxışı zaman Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilən XVIII Zirvə Görüşünü Hərəkata üzv ölkələr arasında həmrəyliyin göstəricisi adlandırıb.

O, tədbirə ev sahibliyi etdiyinə görə Azərbaycana təşəkkür edib və ölkəmizə təşkilata sədrliyi müddətində uğurlar arzu edib. T.Bande vurğulayıb ki, İkinci Dünya Müharibəsindən sonra yaradılan BMT daim sülh və ədalətin mövcud olmasına çalışıb. O qeyd edib ki, BMT-nin Nizamnaməsi sülh üçün ən böyük zəmanətdir: “Biz terrorçuluğa, dağıdıcı müharibələrə qarşı əməkdaşlıq etməklə öz məqsədlərimizə çatmalı və Qoşulmama Hərəkatının prinsiplərini hər zaman uca tutmalıyıq”.

Onun sözlərinə görə, elə həll variantları tapılmalıdır ki, çoxsaylı problemlər həll olunsun və bu, bütün dünya ölkələrini əhatə etsin: “Biz sülhün bərqərar olmasına, sosial ədalətə nail olmalıyıq. İşsizliyə və digər sosial çətinliyə qarşı mübarizə aparmalı, ailələrin, xüsusilə də gənc qızların hüquqlarını qorumalıyıq”.

  • Pakistan Qoşulmama Hərəkatına sədrlik dövründə Azərbaycana söz verdi…

Pakistan Prezidenti Arif Alvi isə Azərbaycanın sədrliyi dövründə Pakistanın Qoşulmama Hərəkatına dəstəyini əsirgəməyəcəyini deyib. Prezident qeyd edib ki, dünyada baş verən geosiyasi dəyişikliklər və parçalanma təxirəsalınmaz tədbirlər görməyi vacib edir: “Qoşulmama Hərəkatına üzv olan bir sıra ölkələr işğala məruz qalıb. Pakistan işğala “yox” deyir, onu pisləyir və terrorçuluğa qarşı mübarizəni vacib hesab edir. Təşkilata üzv dövlətlər işğaldan əziyyət çəkir. Biz buna qarşı birgə mübarizə aparmalıyıq. Bu gün biz kollektiv səylər göstərməliyik”.

BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri haqqında danışan prezident vurğulayıb ki, aclıq və yoxsuluğun aradan qaldırılması sahəsində tədbirlər görülməlidir: “Əgər biz bərabərsizliyə və yoxsulluğa qarşı mübarizə aparmasaq, gördüyümüz işin lazımi nəticəsini görə bilməyəcəyik. Biz sülhə çox bağlıyıq. Əgər biz münaqişələrə birdəfəlik son qoymaq istəyiriksə, iqtisadi artımı da təmin etməliyik. Pakistan regionda müvafiq sülh siyasətini yürüdür. Pakistan bundan sonra da səylərini davam etdirəcək, məsələlərin dinc yolla həllinə üstünlük verəcək. Pakistan inanır ki, rifah və şəffaflıq bütün üzv ölkəlkərdə təmin edilməlidir”.

A.Alvi bildirib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri bəzi ölkələr tərəfindən pozulur. BMT bu məsələni diqqətdə saxlamalıdır.

  • Həsən Ruhani sosial şəbəkələrə qarşı Qoşulmayan ölkələri birgə fəaliyyətə çağırdı

İran Prezidenti Həsən Ruhani Azərbaycana bu mötəbər tədbirə ev sahibliyi etdiyinə görə təşəkkür edib. Hazırda milli suverenliklərə ciddi təhdid olduğunu deyən H.Ruhani bildirib ki, hərbi qütbləşmə, münaqişələr və regional qarşıdurmalar artmaqdadır: “Bununla beynəlxalq hüquq pozulur və müxtəlif ölkələrin daxili işlərinə müdaxilə edilir. ABŞ ölkələrin daxili işlərinə qarışmaq üçün müxtəlif üsullara əl atır, iqtisadi alətlərdən istifadə edir ki, bu da iqtisadi terrordur. İran radikal qruplara qarşı bir sıra təkliflərlə çıxış edib və bununla bağlı BMT tərəfindən qətnamələr qəbul edilib. Qoşulmama Hərəkatının üzvləri arasında əməkdaşlıq mövcud olmalıdır ki, ölkələrin maraqları təmin edilsin. Qonşularımızın sülh və sabitliyi bizim sülh və sabitliyimizlə bağlıdır. Regional inkişaf birgə əməkdaşlıq nəticəsində mümkündür.

Təhlükəsizliyə təhdidlərin biri kiber təhdidlər və sosial şəbəkələrin çirkin məqsədlərlə istifadə edilməsidir. Bu sahədə bizim təşkilat vahid mövqe nümayiş etdirməlidir və birgə saziş hazırlana bilər ki, kiber hücumların qarşısı alınsın. Biz yeni reallıqları başa düşməliyik və yeni üsullardan istifadə etməliyik. İran əlindən gələni edəcək ki, Qoşulmama Hərəkatı inkişaf etsin”.

  • Berdiməhəmmədov Qoşulmama Hərəkatını qlobal iqtisadi proseslərə baş vurmağa çağırdı

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov isə qeyd edib ki, Qoşulmama Hərəkatı dünyada qlobal qərarların qəbul edilməsində yaxından iştirak etməlidir: “Qoşulmama Hərəkatı qlobal təhlükəsizlik üçün çalışan bir təşkilat kimi qəbul edilməlidir. Türkmənistan öz məsuliyyətini anlayaraq sülhün təmin olunmasına dəstəyini göstərir. Beynəlxalq terroçuluğa qarşı effektiv mübarizə aparmaq vacibdir”.

Q.Berdiməhəmmədov vurğulayıb ki, Türkmənistan BMT-nin qlobal antiterror strategiyasının həyata keçirilməsinin tərəfdarıdır: “Bu mübarizə həm qlobal, həm regional, həm də dövlətlər səviyyəsində həyata keçirilməlidir. Qoşulmama Hərəkatına üzv ölkələr qaçqınlar problemindən əziyyət çəkir. Son illər ərzində bizim dövlət 20 mindən çox qaçqına və vətəndaşlığı olmayan şəxsə vətəndaşlıq verib. Türkmənistan Qoşulmama Hərəkatında qaçqınlarla bağlı ayrıca bölmənin fəaliyyət göstərməsini təklif edib və bu gün də təklif edir”.

Türkmənistan Prezidenti vurğulayıb ki, Qoşulmama Hərəkatı həmçinin qlobal iqtisadi proseslərdə yaxından iştirak etməlidir: “Təşkilat vahid mövqedən çıxış etməli, öz iqtisadi gündəliyini təşviq etməlidir. Qlobal enerji təhlükəsizliyinin təmin olunmasında yaxından iştirak etməlidir”.

Q.Berdiməhəmmədov əlavə edib ki, Xəzər hövzəsindəki resurslar rasional şəkildə istifadə edilməlidir və Qoşulmama Hərəkatı da bu prosesə dəstək verməlidir.

  • Qoşulmayanların Bakı Zirvəsindən ticarət müharibəsi aparanlara xəbərdarlıq…

Malayziyanın Baş naziri Mahathir Bin Mohamad çıxışında dünyada soyuq müharibə bitsə də ayrı-ayrı ərazilərdə münaqişələrin davam etdiyini deyib. O qeyd edib ki, dünyada böyük müharibə baş verə bilər: “Biz böyük müharibənin şahidi ola bilərik. Ola bilər ki, hazırda vəziyyət o yerə çatmayıb. Lakin ayrı-ayrı ölkələrdə baş verən münaqişələr, müharibələr, terrorlar ümumilikdə dünya üçün böyük bir təhdiddir. Digər tərəfdən, yeni silahların meydana gəlməsi vəziyyəti daha da çətinləşdirir”.

Baş nazir qeyd edib ki, terrorçuluq təhlükəsi azalmır, əksinə artır: “Dünyanın elə bir ölkəsi yoxdur ki, bu təhlükədən sığortalansın. Terrorizm yalnız düzgün yanaşma, düşüncə hesabına aradan qaldırılar bilər. Terrorizmin səbəblərini müəyyən edib aradan qaldırmasaq, bu təhlükə davam edəcək. Bütün üzv ölkələrə çağırış edirəm ki, terrora qarşı mübarizə aparsınlar və onun səbəbini öyrənsinlər”.

Malayziyanın baş naziri deyib ki, artıq ticarət müharibələri iqtisadiyyatlara sarsıntı yaradır: “Ticarət müharibələri ölkələrə adi müharibələr qədər zərər vurur. Bu da nəticədə sosial problemlərin meydana gəlməsinə, sosial müharibələrə səbəb olur. Aparıcı iqtisadiyyatlar arasında mübarizə dünya iqtisadi sisteminə mənfi təsir göstərir. Malayziya bu iqtisadi müharibənin ortasındadır. Biz ABŞ və Çin iqtisadiyyatına bağlıyıq. Çalışmalıyıq ki, milli rəqabətlilik qabiliyyətimzi artıraq. Bir insanı öldürən cinayətkar hesab olunur, lakin milyonlarla insanların ölümünə səbəb olanlar cəzasız qalır. Müasir müharibələr günahsız insanların, uşaqların ölümünə səbəb olur. Bunun səbəbkarları cəzalandırılmalıdır. Biz qüdrətli ölkələrin diqtəsi altında parçalanmamalıyıq. Bu onlara ilham verir və bizə daha çox təzyiq göstərirlər. Birgə fəaliyyət göstərməklə bu çətinliklərə sinə gələ bilərik”.

  • Əşrəf Qani Qoşulmama Hərəkatı üzvlərini siyasi cəsarət nümayişinə səslədi

“Əminəm ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə təşkilatın fəaliyyətinə yeni bir siyasi canlanma gələcək və yeni müsbət nailiyyətlər əldə edəcəyik. Bu Zirvə Görüşü yüksək səviyyədə təşkil olunub”.  Bunu isə Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani deyib.

Əfqanıstan Prezidenti qeyd edib ki, təşkilata üzv dövlətlər səylərini birləşdirməlidirlər: “Biz müqavimətimizi gücləndirməliyik ki, parçalanmanı aradan qaldıraq. Transsərhəd terror şəbəkələrinə qarşı birgə mübarizə aparmalı, narkoticarət qarşısında sədlər qoymalıyıq. Əgər biz dəyişikliklər haqqında danışırıqsa, siyasi cəsarətimiz olmalıdr. Qoşulmama Hərəkatı dialoq carçısıdır. Bizim bu hərəkat çərçivəsində əldə etdiyimiz nailiyyətlər var, amma biz öz mübarizliyimizi nümayiş etdirməliyik. Yalnız bu halda qarşımızda duran vəzifələrin öhdəsindən gələ bilərik”.

M.Ə.Qani vurğulayıb ki, Qoşulmama Hərəkatı öz dəyərlərini təşviq etməlidir: “Biz istərdik ki, sülhün qorunması istiqamətində səylər artırılsın”.

  • Kuba Prezidenti 11 min kilometr yol keçərək Bakıya gəlib ki…

“Bu zirvə toplantısının yüksək səviyyədə təşkil edilməsinə görə Azərbaycana təşəkkür edirik. Kuba ilə Azərbaycan arasında 27 ildir ki, ikitərəfli münasibətlər mövcuddur. Biz 11 min kilometr məsafəni qət edərək məhz bu toplantıda iştirak etmək üçün gəlmişik”. Bunu Kuba Prezidenti Migel Diaz-Kanel deyib. M.Kanel bildirib ki, dünyada ədaləti bərpa etmək üçün birgə fəaliyyət vacibdir: “Biz əlimizdən gələni etməliyik ki, xalqlarımızı xilas edək. Müstəmləkəçilik siyasəti bizim sərvətlərimizin talan olunmasına səbəb olub.

İmperialist qüvvələr bizim ölkələrimizi bir növ laboratoriyaya çeviriblər. Onlar bizi hər bir platformadan məhrum ediblər. Onların diqtəsinə baş əymədiyimiz üçün bizi bu vəziyyətə salıblar. Bütün bunlar XXI əsdrə baş verir. O ölkələr ki müstəqil, suveren olmaq istəyir, böyük dövlətlərin diqtəsi ilə yaşamaq istəmir, onlara qarşı çirkin siyasət aparılır. Biz sülh istəyirik. Bunun üçün biz güclü və həmrəy olmalıyıq, bir araya gələrək öz mövcudluğumuzu tələb etməliyik”.

  • Mövlüd Çavuşoğlu “Türkiyə Qoşulmayan ölkələrlə niyə bir sıradadır” sualına cavab verdi…

Türkiyənin Xarici işlər naziri Mövlüd Çavuşoğlu deyib ki, Azərbaycana dəstək göstərmək üçün Qoşulmama Hərəkatının XVIII Bakı Zirvə Görüşündə iştirak ediblər. Nazir qeyd edib ki, Azərbaycanın belə əhəmiyyətli bir tədbirə ev sahibliyi etməsi çox önəmlidir və həm Azərbaycan xalqını, həm də Prezident İlham Əliyevi bu münasibətlə təbrik edib “Biz Azərbaycanda özümüzü vətənimizdəki kimi hiss edirik”- deyə, M.Çavuşoğlu bildirib.

O vurğulayıb ki, Qoşulmama Hərəkatının XVIII Bakı Zirvəsı zamanı bir sıra əhəmiyyətli görüşlər keçirib.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …