“Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) ən yaxşı idarə etdiyi Tik-İşlət-Təhvil ver (Yap-İşlet-Devret – YİD) sistemidir. Bu sistem çərçivəsində layihələr dövlətə yüz milyardlarla dollar qazandırır”.
Bu fikirləri “Report”un Ankara bürosuna açıqlamasında Türkiyənin “Yeni Akit” qəzetinin Ankara üzrə redaktoru, politoloq Muhammet Kutlu deyib.
Onun fikrincə, AK Partiyanın YİD layihəsini Türkiyənin iqtidarda olan partiyalarının tarixində ən yaxşısı hesab etmək olar:
“AK Parti hakimiyyətinin ilk illərində ortaya qoyduğu YİD sistemi tarixdə uğurlu layihələr kimi yadda qalacaq. Bu sistem vasitəsilə dövlət yükdən xilas olunur və xalqa xidmətə təşviq edilir. Türkiyədə dövlət büdcəsi ilə onilliklər ərzində davam edəcək layihələr YİD vasitəsilə 10 ilə tamamlanır. Marmarayla başlayan, Avrasiya tuneli, Osmanqazi körpüsü, Şimali Mərmərə şosesi, Yavuz Sultan Səlim körpüsü və İstanbul Hava Limanı ilə davam edən, Çanaqqala körpüsü ilə taclanan nəhəng layihələr Türkiyəni hər mənada bölgəsində güclü bazaya çevirib. Əksər hava limanlarında da eyni sistem tətbiq olunur”.
Muhammet Kutlu
Muhammet Kutlu
M.Kutlu qeyd edib ki, Türkiyə iqtidarının YİD layihəsi müxalifətin tənqidlərinə əhəmiyyət vermədən uğurla irəliləyir:
“Bu sistem müxalifət partiyalarının iqtidara qarşı dayana bilməməsinə səbəb olan bir sistemdir. Müxalifətdəkilər “ölkənin bu qədər xarici və daxili borcu var, necə xidmət edəcəklər?” sualları ilə ittiham edərkən bir də baxırlar ki, on milyard dollarlıq körfəz keçidi layihəsi başlayıb, başa çatıb və qaydasında işləyir. Müşahidələrimiz göstərir ki, mərkəzi büdcənin ödəyə bilməyəcəyi çox böyük layihələr demək olar ki, layihələndirilib, planlaşdırılıb və həyata keçirilib. Həm də dövlət büdcəsinə zərər vermədən, əksinə, bu layihələr əsasında büdcəyə ayrı-ayrılıqda milyonlarla lirə vergi ödənilir”.
Politoloq Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğluna istinadla bu ölkəyə məxsus özəl sistemin 134 ölkədə tətbiq olunduğunu da vurğulayıb:
“Nazirimizin də dediyi kimi, qlobal olaraq infrastruktur sərmayəsinə ehtiyac 2040-cı ilə qədər cəmi 94 trilyon dollara çatacaq. Bu səbəbdən son 30 ildə Türkiyənin Dövlət Özəl Tərəfdaşlıq Modelinə (Kamu Özel İşbirliyi-KÖİ) ciddi şəkildə maraq var. Bu modeldən dünyanın 134 ölkəsində müxtəlif sektorlarda istifadə olunur. Nəqliyyat layihələrində, xüsusən də hava limanlarında KÖİ layihələri böyük diqqət çəkir. Bu baxımdan Türkiyə İngiltərə və Fransadan sonra Avropada ən yaxşı nəticəyə malik üçüncü ölkədir. Həqiqətən də AK Parti siyasi tariximizin yaddaşında YİD sistemini uğurla həyata keçirən bir hökumət kimi qalacaq. Müxalifət partiyaları isə bu sistemi anlaya bilmədikləri ilə xatırlanacaq”.