Prezidentin həyata keçirdiyi struktur və kadr islahatlarından görünür ki, ölkədə real dəyişikliklər yaşanır. Bu yeniliklərin fonunda ölkənin daha da güclənməsi tələb olunur. Bütün bunları İlham Əliyevin yeni təyinatlarla bağlı şəxsən qəbul etdiyi məmurlarla söhbətlərindən də görürük. Prezident etimad göstərdiyi məmurların qarşısında konkret tələblər qoyur. Aydın şəkildə görünür ki, onun narazı olduğu konkret sahələr var.
Yeni İqtisadiyyat naziri təyin olunan Mikayıl Cabbarovu qəbul edəndə ölkə başçısı yerli icra qurumlarından narazılığını ifadə etdi. Bildirdi ki, onlar iş adamlarını zəli kimi sorurlar, bu hərəkətlərə son qoyulmalıdır. Onda isə sual olunur: ölkə başçısının həyata keçirdiyi inqilabi kadr islahatları icra başçıları korpusunu da əhatə edə bilərmi? Bu suala cavab vermək üçün məhz icra başçılarının Prezidentin tapşırıqlarına nə dərəcədə əməl edib-etmədiyini aydınlaşdırmaq lazımdır. Ölkə başçısı müşavirələrdən birində demişdi ki, bundan sonra icra başçılarının fəaliyyətinə qiymət həm də onların rəhbərlik etdikləri rayonlara necə investisiya cəlb etmələrinə görə veriləcək. Hətta ölkə başçısı icra başçılarına xarici investisiyanın cəlbi ilə bağlı böyük bir fəaliyyət sferası açmış oldu. Gəlin görək, Prezidentin bu tapşırığı həmin icra başçıları tərəfindən necə icra edilib? Həmin vaxtdan sonra biz hər hansı rayona məhz icra hakimiyyəti tərəfindən xarici investisiyanın cəlbi ilə bağlı heç bir məlumata rast gəlməmişik. Əgər belə nailiyyət olsaydı, sözsüz ki, biz mətbuatdan və ya digər KİV-dən məlumat tutardıq. Deməli, sadə məntiq deyir ki, icra başçıları Prezidentin etimadını tam doğrultmurlar. Ortada real fakt var. Təbii ki, Prezidentin verdiyi tapşırığın hər detalını yoxlamağa zamanı yetməz. Bəs yerlərdə ölkə başçısının nümayəndələri sayılan icra başçıları niyə belə səhlənkarlıq edirlər? Bütün bunlardan sonra icra başçılarının da ələkdən keçirilməsinə zərurət varmı?
- “Bir çox icra başçısı Rusiyadan rayona gəlib investisiya qoymaq istəyənlərə mane olub”
İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu sahədə mütləq islahat aparılmalıdır: “Əvvəlcə mən cənab Prezidentə təşəkkür edirəm ki, belə dərin islahatlara başlamağa qərar verib. Biz ictimaiyyət nümayəndələri olaraq daim onun yanındayıq və əlimizdən gələn dəstəyi verməyə hazırıq. Dərindən fikir versəniz görərsiniz ki, Prezidentin özü müxalif fikrə, nöqsanların ona çatdırılmasına ehtiyac duyur. Təsadüfi deyil ki, olan neqativlikləri bir çox müxalifdən yaxşı tənqid edir. Onun Mikayıl Cabbarovu və digər etimad göstərdiyi məmurları qəbul edərkən səsləndirdiyi fikirlər doğrudan da düşündürücüdür. Məlum olur ki, Prezident ölkədə nə baş verdiyindən detallarına qədər məlumatlıdır. İcra strukturları ölkənin idarəetməsində olduqca vacib əhəmiyyət daşıyırlar. Mənim də yadımdadır ki, ölkə başçısı onlara investisiya cəlbi ilə bağlı göstəriş verdi. Mən hər hansı icra başçısının bu tapşırığa əməl etdiyinin şahidi olmamışam, heç bu barədə eşitməmişəm də. Ancaq tam əksi olan prosesləri görmüşəm. Bir çox icra başçısı Rusiyadan rayona gəlib investisiya qoymaq istəyənlərə mane olub. Bunun da kökündə korporativ maraqlar durub. Ölkə başçısının dediyi kimi, onların zəli kimi qanını sormaq istəyiblər. Bütün bu tendensiyaya son qoymaq gərəkdir. Buna görə də icra başçıları ilə də bağlı islahata start verilməlidir. Onların sırasında yaşı çox olanlar da az deyil. Bəziləri ölkə başçısının çağrışından nümunə götürməlidirlər, bəzilərini isə yol verdikləri nöqsanlara görə işdən azad etmək lazımdır. Mən regionlarda tez-tez oluram. Yerli məmurlar əhalini hakimiyyətdən incik salan hərəkətlərə çox yol verirlər”.
Məhəmmədəli QƏRİBLİ