“TOGG-un istehsalı Türkiyə sənayesində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir”.
Boyukmillet.com xəbər verir ki, bunu ölkənin sənayə və texnologiya naziri Mustafa Varank jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, TOGG artıq yollarda şütüyür: “Bizim siyasətimizin əsas istiqaməti verdiyimiz vədləri yerinə yetirməkdir. Əlbəttə, bu layihəyə kölgə salmaq istəyənlər də oldu. Amma bu baş tutmadı”.
Nazirin sözlərinə görə, 2019-cu ildən bəri hər kəs TOGG-un nə vaxt istifadəyə veriləcəyini soruşurdu.
M.Varank qeyd edib ki, Türkiyənin dövlət qurumlarında xidməti avtomobil kimi TOGG-dan istifadə olunacaq.
Qeyd edək ki, “TOGG” Türkiyənin ilk yerli elektromobilidir.
“TOGG”un istehsalına başlanılmasının anonsunu ilk dəfə 2017-ci ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan verib. Bundan 1 il sonra qonşu ölkənin 5 aparıcı şirkəti – “Anadolu Group” (19 %), “BMC” (19 %), “Root Group” (19 %), “Turkcell” (19 %), “Zorlu Holding” (19 %) and “TOBB” (% 5) bir araya gələrək elektromobilin istehsalına başlamaq üçün birgə müəssisə yaradıb. 2 ildən sonra isə Türkiyənin Bursa vilayətinin Gemlik rayonunda dəyəri 22 milyard lirə və yaxud 1 milyard ABŞ dollarından çox olan zavodun inşasına başlanılıb. Tikintisində 9 700 nəfərin iştirak etdiyi müəssisə 2022-ci ildə istismara verilib və ötən il oktyabrın 29-dan burada “TOGG”un kütləvi istehsalına başlanılıb.
Müəssisədə ilkin olaraq ildə 175 000 ədəd elektromobil istehsal olunması nəzərdə tutulub. Bu isə 4 300 nəfərin işlə təmin olunması deməkdir. 2030-cu ilə qədər isə illik istehsal gücü 1 milyon ədədi keçəcək.
Artıq “TOGG”un satışına start verilib. Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varankın sözlərinə görə, vətəndaşların 95 %-i yerli elektromobili bəyənir. C sinifli SUV tipli elektromobil eyni sinifdəki daxili yanma mühərrikli avtomobillərlə rəqabət aparacaq.
Bu il martln əvvəlindən “TOGG”un T10X modeli üçün ilkin sifariş prosesinə başlanılıb. İlk saatlardan model üçün 22 150 sifariş qəbul olunub.