Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) müəssisələri ilə Sumqayıt Dövlət Universiteti (SDU) arasında anlaşma memorandumları imzalanıb.
Memorandumlar SDU və Bakı Ali Neft Məktəbi, həmçinin SDU və “SOCAR Downstream Management” MMC arasında imzalanıb. SOCAR və SDU-nun rəhbər heyətinin iştirakı ilə universitetdə keçirilən tədbirdə anlaşma memorandumlarının “Heydər Əliyev İli” çərçivəsində imzalanmasının əhəmiyyəti xüsusi olaraq vurğulanıb və ölkəmizdə rəqabətli insan kapitalının, habelə yüksəkixtisaslı kadr potensialının gücləndirilməsinə dəyərli töhfə verəcəyi qeyd olunub.
Tədbir iştirakçıları Ulu Öndərin büstü önünə gül dəstələri düzüb, Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad ediblər.
Universitetin Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə 2023-cü ilin ölkəmizdə Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə “Heydər Əliyev İli” elan olunduğu qeyd edilib, bununla əlaqədar olaraq SOCAR tərəfindən həyata keçirilən müxtəlif tədbirlər haqqında danışılıb.
Bu xüsusda, Elm və Təhsil Nazirliyinin dəstəyi və SOCAR-ın təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanın yeni neft strategiyası” mövzusunda il ərzində keçirilməsi planlaşdırılan mühazirələr haqqında məlumat verilib, növbəti mühazirələrdən birinin SDU-da keçirilməsinə dair razılıq əldə olunub.
Görüş çərçivəsində SOCAR tərəfindən həyata keçirilən müxtəlif təhsil proqramlarının əhəmiyyətindən bəhs edilib, yüksək bilik və bacarıqları ilə seçilən perspektivli gənclərin SOCAR-da işlə təmin olunduğu bildirilib.
Görüşdə, həmçinin təlim, tədris, istehsalat təcrübəsi və elmi-tədqiqat sahələrində mövcud və potensial əməkdaşlıq imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb.