Fransanın paytaxtı Parisdə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş konsert keçirilib.
Boyukmillet.com xəbər verir ki, Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən konsertdə fransalı siyasətçilər, iş adamları, jurnalistlər, professorlar və digər şəxslər iştirak ediblər.
Tədbirdə çıxış edən fransalı professor Kərim İfrak qəlbi daim vətən eşqi ilə döyünən, bütün varlığı ilə xalqına bağlı olan, xalqını zamanın çətin sınaqlarından yüksək məharətlə çıxararaq, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan müdrik lider Heydər Əliyevin Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən danışıb.
Konsertdə azərbaycanlı pianist Eldəniz Ələkbərzadə və fleytaçı Ağarahim Quliyev Azərbaycanın tanınmış bəstəkarları Qara Qarayev, Fikrət Əmirovun əsərlərini, Laçın, Sarı gəlin, Küçələrə su səpmişəm xalq mahnılarını və bir sıra xarici bəstəkarların mahnılarını ifa ediblər.