Müxalifətin istədiyini İlham Əliyev özü edir; amma onların məmnunluğu üçün deyil, Azərbaycan üçün…
Prezident İlham Əliyev yenə təəccübləndirməyi bacardı: medianın təxminləri yenə doğrulmadı. Halbuki hakimiyyətin kadr bazasını medianın asları da yaxşı tanıyırlar. Amma artıq ən təcrübəli kolleqalar belə etiraf etmək zorundadırlar: prezidentin kadr siyasətini təxmin etmək çətin, hətta mümkünsüzdür. Üstəlik, etiraf etmək lazımdır ki, hakimiyyətdəki dəyişikliklər medianın bozarmış gündəmini də yeniləyib, bizə yazmağa əlavə mövzular verib. Bu anlamda kadr dəyişikliyi mövzusunda yazıların artmasının təftişçiləri təlaşa salmaması məsləhətdir…
… Əlbəttə ki, Prezident Administrasiyasında hakimiyyətin bacarıqlı və təcrübəli kadrları da var ki, prezident onların öz işlərində qalmasına üstünlük verdi, Aparata yeni rəhbəri necə deyərlər, kənardan-şəhər təsərrüfatına yaxın bir sahədən gətirdi. Mesaj aydındır: PA və onun rəhbərinin həddən artıq siyasiləşmiş imicini dəyişmək. Prezidentin hazırkı kadr siyasətindən danışan ekspertlər İlham Əliyevin 2018-ci il prezident seçkisindən sonrakı andiçmə mərasimindəki çıxışına istinad edirlər. Amma məncə, bir il əvvəl hətta iqtidarın sərt tənqidçiləri belə, kadr dəyişikliyinin bunca əhatəli olacağını və ciddi rezonans doğuracağını ağıllarına belə gətirməzdilər. Düzdür, özlərinə ağıllı bir müavin təyin etməyə kadr tapmayan bəzi düşərgə liderləri yenə narazıdırlar. Halbuki illərdi bir ağızdan məhz prezidentin təqaüdə göndərdiyi məmurları da tənqid edirdilər, «onlarla dəyişiklik mümkün deyil» deyirdilər. Bu yerdə korazehinlik yox, prosesə dəstək lazım idi, çünki prezident faktiki olaraq hakim komandanı yeniləyir və istənilən yenilk risklidir. Onlar isə bu işi bəlkə də özləri dərk etmədən tormozlamağa girişiriblər…
İlham Əliyevin bu dəyişikliklərə 2018-də və ya ondan əvvəl qərar verdiyinin indi o qədər də önəmi yoxdur. Bunu müxalifətlə əlaqələndirmək də yanlışdır. Çünki prezident dünyada neftin qiyməti də daxil, qlobal böhran başlayanda iqtisadiyyatda bu riskli prosesi bəzi neft ölkələrindən əvvəl başlatmışdı. İlham Əliyev «nefti unudun» deyəndə çoxları təəccüb qalmışdı. Amma ölkəni yeni və əlbəttə ki, neftin yüksək qiyməti fonunda bir qədər də gecikmiş yeni sistemə-qeyri-neft sektorunun inkişafına hədəfləmək riskli proses idi. Üstəlik, böhran bir sıra ölkələrdə küçə hərəkatlarını tətikləmiş, havadan yeni «rəngli inqilablar» qoxusu gəlməyə başlamışdı. İlham Əliyev bu təhlükəyə bəzi ölkə liderlərindən tez reaksiya verdi, yeni strategiya hazırlatdı. Bu böhran Azərbaycanı da «vurdu»-manat iki ayda iki dəfə devalvasiyaya uğradı. Amma İlham Əliyevin heyrətediləcək dəyişiklik intuisiyası həm ölkəni, həm hakimiyyəti ciddi böhrandan sığortaladı. Cəmi bir neçə il əvvəl neft pulu içində üzən Venesulanın indiki halına baxın: ölkə əhalisi ac-yalavac, valyutası sıfırlarla dolu kağız parçası, iki hakimiyyətlilik…
İqtisadi islahatlar, qeyri-neft sektoruna diqqət bu ölkənin sərvətinin təkcə neftdən ibarət olmadığını göstərdi. Dünənə kimi həyətlərdə xarab olan Azərbaycan fındığı indi dünya bazarında özünə yer edib, ölkəyə milyonlar qazandırır.
İlham Əliyev iqtisadyyatda döyüş termini ilə ifadə etsək, «sərt qoz» siyasəti nəticəsində maliyyə sabitliyini təmin etdi. Bu sabitlik maaş və pensiyalarda da özünü göstərdi. İlham Əliyevin sayıqlığı Azərbaycanı ölkədaxili sosial təlatümlərdən qorudu. Bunu siyasi mövqeyindən asılı olmayaraq görməmək və qiymətləndirməmək mümkün deyil. Problemlər var, onların bir çoxu isə sistemə bağlı problemlədir. O sistemə ki, indi onun da dəyişməsi prosesi başlayıb.
İlham Əlyevin məhz niyə indi, dünyadakı iqtisadi böhran zamanında da olduğu kimi, hakim komandada ciddi dəyişikliklərə qərar verməsinin sirrini tapmaq daha maraqlıdır. Əlbəttə ki, 7 illik prezidentlik müddəti İlham Əliyevə daha geniş manevr imkanları yaradıb. Bu dövrdə əsaslı dəyişikliklərin olacağını proqnozlaşdırmaq çətin deyildi, amma ölkə idarəetməsini əsaslı yenilənəcəyini isə…
Futbol klubunun baş məşqçisi meydanda əvəzetmə etdikdə bunun məsuliyyətini dərk edir. Amma meydana yeni buraxdığı oyunçu(lar) ilə bərabər oyun sistemini də dəyişirsə, bu, artıq ikiqat risk və məsuliyyətdir. Dövlət başçısının son açıqlamalarına diqqət edin. Hakimiyyətdə önə çəkdiyi kadrlara nələrdən danışır? Korrupsiya, artıq yeni dövrlə ayaqlaşmayan idarəçilik, şəffaflığın təmini, şişirdilmiş rəqəmlər və hətta yalan məlumatlar verməkdən! Prezidentin iki gənc kadrı icra başçısı təyin edəndə onlara sərt xəbərdarlığı, hətta yaxşı işləməyəcəkləri halda, cəzalandıracağı əski sistemdən imtina çağırışıdır! İlham Əliyev kadrlarla bərabər sistemi də dəyişir. Bunu hətta çevikliklə etməyə çalışır. Ona kömək, bu köhnəlmiş sistemi dəyişməsinə dəstək vermək lazımdır. Müxalifətin istədiyini İlham Əliyev özü edir. Amma onların məmnunluğu üçün deyil, Azərbaycan üçün… «Gürcüstanda gənclər hakimiyyətə gəlir, bizdə isə…», deyib köks ötürənlər də indi nədənsə, susurlar. Bunun səsi gedib ABŞ-da keçmiş səfir Sekutanın qulağına çatıbsa, bunun mahiyyətini o da anlayıbsa və dəstəkləyirsə, demək bu dəyişikliyi vacib edən daha ciddi əsaslar var. Doğrusunu prezident bilir və düz bildiyini edir…